İnsanlara hürriyət, millətlərə istiqlal!

Yumurtadan kim danışa bilər

“Kaş günah keçisini sağmaq da mümkün olaydı!”

(Stanislav Yeji Lets)

Futbol yığma komandamız həmişəki kimi böyük hesabla uduzub. Belə məqamda mənim yadıma iki anekdot düşür. Biri vaxtilə Azərbaycanın Fransaya 10:0 uduzması haqda yaradılmışdı. Deyir, prezident zəng vurur baş məşqçi Ağasəlim müəllimə, soruşur ki, niyə Parisə qapıçı da aparmayıblar. İkincisini Türkiyənin “Güldür-güldür şou” teleproqramında görmüşdüm. Komanda oyuna çıxır, məşqçi xahiş edir ki, uşaqlar, çalışın az qol yeyəsiniz, bir də rəqibin hər oyunçusu cəmi 1 qol vursa bəsimizdir. Oyun başlayır, bunlar özləri qol vurur. Məşqçi başını tutur ki, vay, siz nə elədiniz, arı yuvasına çöp soxdunuz. Deyəsən, Slovakiyaya 5:1 uduzduqları oyunda da birinci topu bizimkilər vurubmuş. Sizə lazım idimi? 11 oyunçu cərgə ilə qapının ağzına durub heç tərpənməsə bəlkə daha uğurlu nəticələr əldə edərik. Tərpənmək demişkən, bizim milli komandanın bəzi oyunçularının indiyədək bahalı maşınları ilə vurub öldürdükləri süpürgəçiləri toplasaq, yəqin buraxdıqları qollara çatar. Bu mənada baş məşqçi “Oyunçularımızın hamısının qiyməti rəqibin bir oyunçusunun qiyməti eləmir” deyərkən qələt, yəni səhv edirdi. Əvəzində bizim oyunçuların yaxşı maşınları var. Onların da maşınlarının qiymətini toplasaq Slovakiyada komanda almaq olar. Bəlkə də FİFA qaydalara dəyişiklik eləyib stadiona maşınla çıxıb avtoşluğa icazə versə, uduzmazdıq.

Azarkeşlərin istefa tələbinə deputat Ağacan müəllim maraqlı şərh veribdir. Deyib, azarkeşlər getsin qələtini eləsin, baş məşqçinin istefası işlərinə onlar baxmır. Sitat: “Azarkeşlər belə ağıllıdırsa, özləri oynasınlar. Xoşunuz gəlmir, baxmayın”. Vallah, gözəl söhbətdir. Şəxsən mən azarkeş deyiləm, ancaq oynamağa hazıram. Onsuz axırı uduzmaq deyilmi? Elə qəşəng uduzaram, Ağacan müəllim heyran qalar. Bizim millət olaraq belə uduzmaqlarda böyük tarixi təcrübəmiz vardır. Elə məğlubiyyətlərimizə böyük qələbə donları biçib bayram eləmişik ki, dünya xalqları mat-məəttəl qalıblar. Məğlubiyyətini qələbəsindən çox qutlayan millətə ölüm yoxdur. Hesab edin, bu aforizmi təzə düzəltdim. Mənim adımdan qəbul eləməkdə çətinlik çəkirsinizsə, yazaq Platonun adına.

Ümumiyyətlə, Ağacan müəllimin bu daşdan keçən məntiqi bütün həyat sferalarımıza uğurla tətbiq edilə bilər. Misal üçün, heç yumurtlamamış bir adam qayğanaq yeyərkən onun dadı haqda hər hansı fikir yürütməsin. Yoxsa bunun sarısı azdır, ağı qaradır, nə bilim nə... Qabaqca zəhmət çək, kürt yat. Qaqqılda. Səsin aləmi bürüsün. Nəhayət, yumurtla. Yalnız bütün bu hüquqi-bioloji normativləri yerinə yetirdikdən sonra sənin ixtiyarın var yumurtadan danışasan. Əks halda, qaqqıldamağın boş şeydir. Ağacan müəllim yüz faiz haqlıdır.

O cümlədən, görürsən kimsə təcili yardımın keyfiyyətindən şikayətlənir. Hətta olur qudurub maşına hücum çəkirlər. Atam, sən bəyəm həkimsən? İmkan verin, camaatı öldürmək lisenziyası olanlar öz işlərini görsünlər. Dərəbəylik və anarxiya Cəbhənin vaxtında qaldı. Adam kimi ölə də bilmirdik. Ancaq indi ölülər gecə qəbiristanlıqda asudə gəzirlər. Qol-qola.

İndi bəlkə sən mənim yazımdan narazı qalanda gəlib özün qəzet çıxardasan? Deputatı bəyənmirsən, gedib düyməni basacaqsan? Məmur xoşuna gəlmədi, istefasını istəməlisən? Heç elə şey yoxdur. Yəni sözümün canı odur ki, Ağacan müəllimin azarkeşlər qarşısında qoyduğu sosial-ictimai tələblərdən bir az da anarxiya, təxribat, dövlətçiliyimizi sarsıtmaq cəhdləri görünür. Lap azca. Bir növ, təxribatın quyruğunun ucu. Hər oyunu bəyənməyəni stadiona dəvət eləmək də olmaz. Düşər-düşməzi var.  

Nəhayət, hörmətli boksyor-deputatımız bir uğursuz müqayisə də aparıb, yazmasaq olmur. Deyir, tək Azərbaycan komandası uduzmur ki, dünyada uduzan komandalar çoxdur. Deyir İngiltərə, Fransa da uduzur, ancaq azarkeşlər onların məşqçilərini istefaya səsləmirlər. İnsafən, bir tərəfdən haqlıdır. Doğrudan hamının uduzan günü olur, elə son turlardan birində dünya çempionu Fransa Türkiyəyə uduzmuşdu. Ancaq axı o komandalar təkcə uduzmurlar!? Həm də udurlar. Bizim milli komandanın fərqi bundadır. Biz eləcə uduzmaqla məşğuluq.

Məncə, bizim komandaya bir yaxşı seyid lazımdır.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022