İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün su çərşənbəsi

1473 23.02.2022 09:40 Yazarlar A A

“Sevdiyim Dneprin şən sahilində,
Nədən söhbət açır quduz dalğalar!"
(Taras Şevçenko)

Uca millətimizi çox sevirəm. Buna dünən bir daha əmin oldum. Bütün dünyanın gözü Ukrayna-Rusiya qarşıdurmasına yönəlmişdi, o cümlədən mən gecə yata bilmirdim, səhərəcən nigaranlıqla xəbər lentlərini eşələyirdim. Müharibənin canlı şahidləriyik, bunun nə qədər pis şey olduğunu yaxşı başa düşürük. Və səhərə yaxın ardıcıl təbrik mesajları almağa başladım. Azərbaycan xalqı məni “Su çərşənbəsi” münasibətiylə təbrik edirdi.

Əslində dünyanın yeganə çıxış yolu budur. Hamı bir-birini təbrik eləməlidir. Tonqal yandırıb üstündən hoppanmaq, qulaq falına çıxmaq, şəkərbura bişirmək... Yoxsa bu onun üstünə tank sürür, o biri deyir qazını kəsəcəm, üçüncü raketlə hədələyir. Hamısı axmaq işlərdir. İnsanlara azadlıq verilməlidir.

Elə Rusiyanın bu oyuncaq “Donetsk” və “Luqansk” respublikalarını tanımasına da çox əhəmiyyət vermək lazım deyil. Əksinə, gülüb keçməliyik. Ona qalsa Abxaziyanı və Cənubi Osetiyanı 14 ildir tanıyıblar, hətta bu lətifə hərəkətə Nikaraqua və Nauru adlı oyuncaq dövlətləri də şərik ediblər, nəsə faciə baş veribmi? Abxaziya və Osetiya bataqlıq kimi yerində qalır, Luqansk və Donetski də eyni tale gözləyir.

Məndən olsa müstəqillik istəyən hər kəsə bu hüququ verməliyik. Qoy dünyada 7 milyard 675 milyon müstəqil dövlət olsun - adam sayı qədər. Hərə özünə bir bayraq qayırsın, onu qarğının-zadın başına keçirsin, qaçsın o yan bu yana. Tarix göstərdi ki, bizim bəşər övladı olaraq dövlətlər, ictimai-siyasi birliklər qurmağımızın axırı yaxşı qurtarmır. Bir-birimizin qanına susayıb vəhşiliklər törədirik, belə işləri isə dövlət halında daha mütəşəkkil edirik. Tək olanda insanın vəhşilik potensialı azdır. Birləşəndə, millət, dövlət-zad olanda bir anda öz həmcinslərinin 250 minini bir bombayla cəhənnəmə vasil etmək qüdrətindədir. Ən azı bələdiyyə icra hakimiyyətindən sülhpərvər qurumdur. Bu yaxında bələdiyyə gəlmişdi zibil pulu yığmağa, qovdum, çıxıb getdilər. İcra hakimini elə qovmaq olmur, zəhlə tökürlər.

Putinin “filan vaxt Ukrayna adlı dövləti Lenin qayırıb, belə şey olmayıb” sözlərini də dəstəkləyirəm. Ancaq prosesi yarımçıq buraxmaq düz deyil. Məsələn, Rusiya adlı dövlətin yerində də vaxtilə monqol-tatar orduları at sürürdülər. Niyə biz Moskvanı Cuçi xanın oğlu Batı müəllimə qaytarmayaq? Həmçinin, tarixçilərə məlumdur ki, indiki Nyu York şəhərinin yerində hollandlar və ingilislər gəlməmişdən dilavər (zarafat eləmirəm, tayfanın adı bu cürdür) və manahatta tayfaları yaşamışdır. Avstraliyanı aborigenlərə, Çini hunlara, hunları Macarıstana, vandalları Romaya, romalıları Qobustan qayalarına, Qobustan rayonunu şamaxılılara qaytarsaq yaxşı olmazmı? Narxozda bir ali riyaziyyat müəllimimiz vardı, Avtandil Muğalov adında, yadımdadır, 1991-ci ildə hansısa uşaqlar auditoriyada səs salıb onu hirsləndirəndə belə demişdi: “Sizi çıxdığınız yerə qədər qovacağam”. Biz gülmüşdük, Avtandil müəllim bizə qoşulub özü də gülmüşdü. Şən həyat yaşayırdıq, xəbərimiz olmayıb, indi kimsə 90-ların ancaq qarışıq, xaos, axmaq illər olduğunu desə inanmayın. Böyük ümidlərimiz vardı, elə bilirdik respublikanın üzəri 5 millimetr qızılla örtüləcək, biz də onun üstündə sürüşəcəyik. Nəsə, Allah Qorbaçova lənət eləsin. Elçibəy isə böyük adam idi, ümidvaram hökumət onun evini yaxşı remont elədi.

Ukrayna məsələsində absurd elementlər çoxdur. Biri elə bu Qərb dövlətlərinin öz səfirliklərini öncə Lvova, sonra Polşaya köçürməsi. Guya təhlükəsizlik üçün edirlər. Absurd isə odur ki, elə həmin ABŞ-ın və başqalarının Moskvada səfirliyi qalır. Bu necə təhlükəsizlik qarantiyasıdır ki, zəlzələnin episentri kənarlarından daha rahatdır? Eyni zad Ukraynanın “Moskva ilə diplomatik münasibətləri kəsməyə baxacağıq” söhbətinə bənzəyir. İndiyəcən necə saxlamısınız - soruşarlar. Kimsə sənin ərazində 20 ilə yaxındır müharibə aparır, sən isə onunla diplomatik əlaqədəsən. Bu nə gülünc müharibədir?

Ancaq mən bunu da dəstəkləyirəm. Təki adamlar ölməsin, beynəlxalq münasibətlər daha gülünc, karikatur şəkil alsın.

Ümumiyyətlə, mən hamını dəstəkləyirəm. Ən çox rəhmətlik Batı xaqanı. Böyük adam idi, indi belə liderlər lazımdır, hamını ətrafına yığsın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR