İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzəkli şərəfsizlik

3529 06.02.2022 17:40 Yazarlar A A

(Tarantino üslubunda köşə)

Mənə deputat Cavanşir Feyziyevin jurnalistlər və redaktorlar, ümumiyyətlə ictimaiyyət nümayəndələri ilə açdığı davada ən tragikomik gələn detal bilirsiniz nə oldu? Cavanşir müəllimin Mətbuat Şurasının İdarə Heyətinin üzvü olması. Həmin karikatur idarə heyəti, Allah heç qoymasa, guya jurnalistlərin qurultayında seçilir, deputatı isə oraya “ictimaiyyət nümayəndəsi” cildində dürtüşdürüblər. Kim eləyibsə, halal olsun. Böyük ehtimalla elə hörmətli sədr Əflatun müəllimin təşəbbüsü olmuşdur, çünki 15-20 ildir biz MŞ adlı o dükanda satılan mal dövriyyəsini şəxsən onun ixtiyarına buraxmışıq. Azərbaycanda söz azadlığının, mətbuatın acınacaqlı durumunu bundan yaxşı ifadə eləmək çətin olardı: Mətbuat Şurasının İH üzvü iqtidarlı-müxalifətli-“müstəqilli” bütün jurnalistləri qatıb bir-birinə, hamısını “dələduz, şərəfsiz, vicdansız” və sairə adlandırmışdır.

Adamın üstündə Administrasiya var, deputat hardasa haqlı deyilmi? Biz media işçilərinin azacıq şərəfi qalsaydı, Cavanşir kimiləri nə üçün başımıza çıxardı? Axı şərəf – insana başqalarının verdiyi qiymətdir. İnsanın, idarənin, dövlətin, millətin özünü tanıtma səviyyəsidir. Bizim deputatımız saxta təyin edilirsə, oğrular doğruların üzünə hürməyə cəsarət tapırsa, şərəf haramızdadır? Doğru xəbərləri təkcə dəlilər yox, millət vəkilləri də çatdıra bilər.

Sözgəlişi, 3 mindən çox gənc oğul və qızlarımızın həyatı bahasına bir böyük, irinli yaraya dönmüş şərəfsizliyi iki il qabaq üstümüzdən atdıq. Bəs içimizdə qalan belə xırda-para şərəfsizliklərlə niyə bacarmırıq? Qorxularımız, zəif nöqtələrimiz, sınan yerlərimiz, qırılan bəndlərimizin çoxluğu üzündən.

Bir az elə bil pafos çox oldu, üzr istəyirəm. Mühit belədir. Uşağı meşəyə atanda, Mauqli kimi yetişir, o da yaxşı, insaflı heyvanların arasına düşsə. Bizdə uşağın Tabaki sifətində yetişmə şansı daha böyükdür.

Uşaq dedim, yadıma düşdü. Üç gün qabaq o biabırçı verilişdən parçaya mən də baxdım, kaş baxmazdım. Balaca uşağı işgəncə içində öldürüblər, quyuya atıblar, hərə bir tərəfdə artistlik eləyir. Aparıcı heç, bizdə bu işin zibili çoxdan çıxıb və daha heç kim televiziya aparıcılarından insanlıq gözləmir. Hətta adını da qoymuşuq “bazarın tələbi”. Guya millətin həyasızlığa, ləçərliyə, timsah göz yaşlarına ehtiyacı var. (Bəlkə artıq bu həddə yetişmişik, deyə bilmərəm. Ümidsiz olmaq, həmçinin stereotiplə yaşamaq istəmirəm, onsuz bu yazıda ümumiləşdirmə çox çıxdı). Hüquq-mühafizə orqanının necə karikatur fəaliyyət göstərməsi isə studiyaya gəlib “ədalətin təntənəsini” qayırmasından, qəddar valideyni tutmasından görünürdü – onlar dustağı telekanalın dəhlizində aparanda çaşıb çıxış qapısı yerinə ayrı tərəfə gedirdilər! Sanki bu sistem də şou-biznesin tərkib hissəsidir. Axmaq və ləyaqətsiz musiqi, tamaşaçıların ağlaşmasına hesablanan saxta dramaturgiya da çox vecimə deyil, çünki bunları çox görmüşük. Mənə təsir edən bilirsiniz nə oldu? Ağla gəlməyən bir detal: öldürülən uşağın nənəsi studiyaya bəzənib-düzənib gəlmişdi. Barmağında üzüklər, qolunda bilərzik-filan – sanki bunları bizə qəsdən, davamlı, fokuslayıb göstərirdilər. Yetişdirdiyi “oğul” ortada, yazıq nəvəyə baxmaqdan imtina edib və uşaq faktiki yiyəsizlikdən öldürülüb. Bu isə bəzənib verilişə çıxır. “Ağbirçək” adıyla elçiliyə-zada aparırlar, şübhəsiz. Avtobusda yer verirlər. Milli dəyərlərimiz var axı. Böyüyə hörmət-zad. Bizim kənddə bir dəli vardı, adı Hörmət idi. Özümdən uydurmuram. Camaat isə onu “Hürmət” çağırırdı.

Bəs şanlı-şərəfli dövlətimiz o üç yaşlı uşağa itin əzabı (məsələn, Gəncə tərəfdə öldürülən itlərin əzabı) veriləndə harda imiş? Axtarsan o zonada da uşaqlarla iş üzrə inspektor maaşı alan yekəqarın heyvərənin biri var. Maraqlansan bölgədə dövlətin uşaq bağçaları, körpələr evi, nə bilim, daha hansı obyektlərində bir sürü şərəfsiz oturub altına dollar, evro yığır. Uşaqlara işgəncələr, körpələrin qətli isə bitmək bilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR