İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçıları üçün didaktik məsləhətlər

1619 19.02.2022 10:10 Yazarlar A A

 

“Bu məscidə bu namaz da çoxdur”

(Azərbaycan ata sözü)

Hər dəfə yeni icra başçıları qoyulur, onlara vətənə-millətə sədaqətlə xidmət eləmək tapşırılır, ancaq az keçmir, onların da “bir çoxu qudurur”. Rüşvət alırlar, büdcə vəsaitlərini çırpışdırırlar, xalqa yuxarıdan aşağı baxırlar və sairə - bizdə icra başçısı olub cızıqdan çıxmağın min cür üsulu, üslubu vardır.

Görəsən niyə belədir? İnsan çiy süd əmibdir, səbəb odur. Bir də Allahdan qorxmurlar. Əlbəttə, zarafat üçün yazdım. Ona qalsa Azərbaycanda Allahdan ən çox qorxan adam Allahşükür müəllim olmalıdır, di gəl, bir nəfər tapmazsan uca şeyximiz haqda nəsə müsbət fikir mızıldasın. Uşaqdan-böyüyə hamı tənqid eləyir.

Səbəbi əslində axtarmağa ehtiyac yoxdur, çünki çox sadədir və üzdədir: bizdə icra hakimi vəzifə olaraq korrupsiya məqsədiylə yaradılır. Yoxsa başqa nə iş üçündür? Tutaq ki, mən “İks” rayon sakiniyəm, icra başçısı mənim nəyimə lazım ola bilər? Heç nəyimə. 48 yaşım var, hələ yadıma gəlmir ki, haçansa, hansısa şəxsi işimə görə yaşadığım ərazinin icra nümayəndəsinə, ya icra hakiminə ehtiyacım olsun. Vətəndaşlarımızın dövlətlə, hakimiyyətlə müəyyən kəsişmə nöqtələri olur. Sənədləşmə, vergi, kommunal, müdafiə, pensiya, ədalət-mədalət və sairə. Bunların heç birində icra hakiminə ehtiyac yoxdur. Bəs ehtiyac olmayan bu adamlar pulu necə qazanmalıdır? Ay sağ ol: xalqın cibinə girməklə. (Sonradan yadıma düşdü ki, hakimiyyət-xalq təmaslarının ən önəmli müstəvilərindən biri seçkilərdir, ancaq bunu siyahıya əlavə eləməyə ehtiyac duymadım. Çünki burada da hökumətin xalqa ehtiyacı olmur, özləri keçirirlər). 

Adi bir fakta diqqət eləyin. Bizdə icra başçısının maaşı rayon sakinlərinin sayından asılı olaraq dəyişir. Əhalisi 50 mindən az olan rayonun icra başçısı 880 manat alır (2018-in məlumatıdır, ondan bəri bəlkə cüzi dəyişmiş olar, xəbərim yoxdur). Camaatın sayı 50 mindən 100 minə qədər olan rayonlarda icra başçısı 990 manat, 100 mindən yuxarı rayonlarda isə 1045 manatdır. Yalnız Bakı şəhərində başçının maaşı bir az yüksəkdir, 1920 manat olmalıdır.

İndi gəlin dərindən fikirləşək, hansı ağlı başında olan, humanist, cəmiyyətə fayda vermək, xalqa xidmət-zad düşünən adam 1000 manat maaşla icra başçısı olmaq istəyər? Hələ bəzən icra başçısının tərcümeyi-halını bizə açırlar, görürük yazılıb ki, bu cavan oğlan filan ildə Londonda universitet qurtarıb, beşməkan vaxtda Harvardda kurs keçib, nə bilim, ondan sonra xarici şirkətlərdə işləmişdir. Bah. O cür yaxşı işi atıb, o cür savadla gəlir ki, Peyinabad rayonunun Dəymədağıldı kəndində 880 manata icrabaşı olsun, eləmi? Biz də bunun saflığına, ülvi niyyətinə inanmalıyıq, hə? 

Camaata azadlıq vermək lazımdır, iş görməyə, biznes qurmağa mühit yaradılmalıdır. Bu yaxında Biləcəri bələdiyyəsində 250 min manat yeyinti olmasını yazmışdılar. Ədliyyə Nazirliyi bunu Milli Məclisə göndərdiyi məruzədə qeyd etmişdir. Bizdə belə qanun var, ədliyyə bələdiyyələrə yardım verir, sonra bu pulların necə xərclənməsinə (oxu: dağıdılmasına) nəzarət edir. Bu oğurluq da yoxlama zamanı üzə çıxıb. Hələ sığorta üçün bunu keçmiş bələdiyyə sədrinin elədiyini yazmışdılar, guya indiki çox düz-əməlli quşdur.

Ancaq bu araşdırma yarımçıqdır. Bəyəm ədliyyəçilər bələdiyyənin o 250 mini Biləcəriyə yox, hara xərclədiyini bilmir? Mən ip ucu verə bilərəm. Hazırda bir sürü keçmiş MTN generalının məhkəməsi gedir. Keçənlərdə də yenə bir sürü MTN generalının məhkəməsi olmuşdu, yüksək səviyyədə cəzalar aldılar, lakin bir-iki ilə hamısı çölə çıxdı, araq badəsiylə foto çəkdirib soyduqları adamlara yanıq verdilər. Həmin generalların soyduğu adamlardan biri məhz Biləcərinin keçmiş bələdiyyə sədri İlham Xəlilov idi. Yanılmıramsa, Çovdarov tək ondan 200 min dollardan çox qoparmışdı. Tək pul azlıq eləmişdi, arvad-uşağı üçün Biləcəridən çoxlu torpaq da ələ keçirmişdi.

Bax, əsl araşdırma o zaman olar ki, pulun iziylə gedəsən. Yeyintini, sonra yeyinti edəni kimin yediyini, sonra harda qusduğunu, tutulanların niyə azadlığa çıxdığını da araşdırasan. Əsl ədliyyə və ədalət budur. Yoxsa icra başçısı Həsən oldu, ya Əhməd, bunun bizə nə isti-soyuğu? Bəlkə soyuğu çoxdur - korrupsiya üzündən qaz-elektrik hər il bahalaşır, evdə donuruq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR