İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəmanəmizin kəpənəyi

1930 10.03.2022 10:10 Yazarlar A A

Yaxud bir möcüzəvi icazənin mənfi təsirləri haqda

Görkəmli Amerika fantast yazıçısı Rey Bredberinin “Və şimşək çaxdı” adlı hekayəsi var, başqa bir görkəmli ədəbiyyat adamı Natiq Səfərov tərəfindən hələ “çoxdanıncı illərdə” ana dilimizə tərcümə edilmişdir. Kinosu da çəkilib, ancaq elə babat kino deyil. Hekayədə zaman maşını ilə tarixə səyahətlərdən bəhs olunur. Turistlər maşına minir, milyon il qabaq dinozavr ovuna yollanırlar. Ancaq Yerdə həyatın inkişafına, təkamülə-filana mənfi təsiri olmasın deyə, ov üçün məhz o anda, öz əcəliylə onsuz da öləcək dinozavr seçilir, ovçu-turistlərə isə metaldan hazırlanmış cığırdan qətiyyən çıxmamaq tapşırılır. (Əgər kimsə hekayəni oxumaq marağına düşdüsə, bundan sonrakı abzası buraxsın, günaha girməyək).

Turist qrupunun növbətisi səfərə yollanır, dinozavr bərəyə gələndə turistlərdən biri qorxur, cığırdan azca kənara çıxır. Nəsə, qrupun bələdçisi çox qəzəblənir, deyir zəmanəmizə qayıdanda sənin işinə baxaram, hələ dayan. Dinozavrı “ovlayırlar”, dövrümüzə qayıdırlar. Maşından çıxanda hamı qorxu içində boylanır ki, görəsən ovçunun cığırdan çıxması tarixdə nəyə səbəb olubdur. İlk baxışdan gözlərinə elə bir dəyişiklik dəymir, elə rahatlanmaq istəyirlər ki, görürlər divarda “Turist bürosu” sözləri səhv yazılıb. (Dəqiq xatırlamıram, hesab edək olub “Trist brosu”). Həmin gündən bir gün qabaq seçki olubmuş, demokratlar qalib gəlibmiş. Bələdçi kassirdən bu mövzuda soruşanda məlum olur seçkidə faşistlər udub. Bələdçi qəzəblə cığırdan qırağa bir addım atan ovçuya dönür, deyir çəkməni çıxar. Alıb baxır, görür çəkmənin altına balaca bir kəpənək yapışıb.

Bu əhvalatı niyə xatırladım, indi ona keçək. İki gün qabaq, 8 mart günündə Bakıda, özü də lap şəhərin lap göbəyində feminist hərəkatının aksiyası oldu. Qadınlar yığışdılar, müəyyən marşrutla hərəkət elədilər, üstəlik, şüar qışqırıb, plakat  qaldırdılar! Heyrətamiz mənzərə idi. Polis buna icazə vermişdi!

Dəhşətdir. Harada görünüb Bakıda sərbəst toplaşma hüququ təmin olunsun? Bunun mənfi tərəflərini niyə düşünən yoxdur? İndi sərbəst toplaşmağa yaşıl işıq yandırarsan, sabah da o biri hüquqlarını istəyərlər, birisi günsə Kərbəlayının sözü olmasın, gəlib deyərlər papağını ver.

Doğrudur, məhz həmin gün hansısa fəlakət yaşanmadı. Xəzər coşub bulvarı basmadı, episentri Fəvvarələr bağına düşən qorxunc zəlzələ olmadı, Bakı dağılmadı, Azərbaycanın xoşbəxtliyinə xal düşmədi, işsizlərin sayı artmadı, manatın sabitliyi pozulmadı və sairə. Yuxarıdakı ədəbi əsər nöqtəsindən baxsaq, heç dinozavrı da öldürən olmadı, dinozavr qardaş özü üçün bulvarda gəzir, quyruğunu Bakı buxtasının narın ləpələrinə çırpıb şıltaqcasına oynaqlayır. Və istər-istəməz adamda belə sarsaq fikir yaranır ki, hökumət sərbəst toplaşma azadlığını niyə qadağan edir, bəyəm burda nə pis iş var? Camaat yarım saata, bir saata hardasa yığışır, gəzişir, sözünü deyib, çıxıb gedir ev-eşiyinə. Nə xaricdən bəyanat verən olur, nə ABŞ səfirliyi narahatçılıq çəkir. Hökumətin xərci də azalır. Yoxsa hər aksiyada nə qədər müxalifətçini aparıb Ələt yolunda çölə buraxıb gəlirdilər, benzin işlənirdi. Hələ ağzı-burnu partlayanlara sonra Avropa Məhkəməsində ödənilən kompensasiyanı saymıram.

Ancaq biz proseslərə böyük zaman məsafəsindən baxmalıyıq. Nə bilirsən o 8 mart aksiyasının səsi haçan çıxacaq? Kəpənək effektidir bu. Bu gün Natəvanın heykəlinin yanında uçan kəpənəyin tərpətdiyi hava, may ayında Gəncədə qasırğaya dönüşər.

Sabitliyi daim ayıq-sayıq qorumalıyıq. Harda iki adam yanaşı gedir, arxadan tullan üstünə, yerdə sürü. Ağzına təpiyi vur. Bizim məsuliyyətimiz var. Sadəcə, çalışmaq lazımdır çəkmənin altında kəpənəyin izi qalmasın.

Yazını da şairin misraları ilə bitirirəm: “Sən güllərin üzərində uçub qaçan bir qayğısız kəpənəkdin. Sən güllərin ürəyində...” Ardı yadımdan çıxıb, ciddi sözümdür.

Bu unutqanlıq zamana neqativ təsir etməsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR