İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövqe zamanı

1971 03.03.2022 12:43 Yazarlar A A

(qatıqlı yazı)

Yüzlərlə Nobel mükafatçısı (kimya, fizika, sülh, ədəbiyyat, iqtisadiyyat – hər birindən vardı) Rusiyanın Ukraynaya açdığı savaşı pisləyən bəyanat yaydı, bu hərəkəti açıq-aydın Hitlerin 1939-cu ildə Polşanı işğalına bənzətdi. Bəyanata imza atanlar arasında türk Orxan Pamukun adını görmək xoşdur.

Hərçənd, qardaş Türkiyə dövlət olaraq bu məsələdə neytral qaldığını bildirir. Türkiyə İkinci dünya savaşında da neytral qalmışdı, yalnız davanın axır-uxurunda antihitler koalisiyasının qatarına minmişdi.

Şəxsən mənim mövqeyim belədir ki, günahsız insanları öldürürlərsə neytral qalmaq olmaz. Dünyanın harasında olursan, ol. Kimi təmsil edirsən, et. Artıq bütün dünya tərəf tutmağın vacibliyini anlayıb, heç kim şərin yanında və böyür-başında fırlanmaq istəmir. Ortaya mövqe qoymalısan. Rus xalqı 22 ildir ortaya mövqe qoya bilmədi, indi kütləvi embarqolarla üzləşir. Dünya üzünü rus təyyarə və gəmilərinə bağlayırlar. Banklar, şirkətlər, dövlətlər, insanlar – hər kəs Rusiyanı boykot edir.

Hüquqda “kütləvi məsuliyyət” anlayışı yoxdur. Ancaq sivil dünya haçana qədər Rusiyaya fərdi sanksiyalar tətbiq etməliydi? Bir-bir o tipləri seçmək vaxt aparır. Boykot və embarqo effektini itirir. O üzdən, bütün dövləti boykot etmək vacibdir. Qoy vətəndaşlar da ayağa qalxsınlar, fikirləşsinlər ki, biz niyə bu axmaq rejimə dözürük, səbəb nədir, velikorus faşizmini dəstəkləməkdən nə xeyir görəcəyik.

Belə bir ifadə var, deyir “mən bilirəm sən nə fikirləşirsən, ancaq bunu sənin dilindən eşitmək istəyirəm”. İndiki dünyada insanlar mütləq mövqeyini açıqlamalıdır. “Mən siyasətə qarışmıram, mənim işim təmiz sənətkarlıqdır” söhbətləri çürük fındığa da yaramır. Şərə qarşı mövqe qoymursansa, şər-xataya dəstək vermiş sayılırsan. Artıq rus mədəniyyətinin də dünyaya çıxış qapıları bağlanır, rus dili “işğalçının dili” sayılır. Haqlı olaraq Polşada, Baltikyanı dövlətlərdə qorxuya düşür, ehtiyatlanırlar: “Əgər burda rusdillilər artsa, sabah Putin və ya o ağılda başqa birisi həmin rusdilliləri müdafiə bəhanəsiylə ölkəmizə qoşun yeridər”. Litvada qanun qəbul edilib, dövlət dilini bilməyən ruslara üç aylıq müddət buraxıblar, sonra deportasiya edəcəklər. Polşa Varşavada rusdilli məktəbin binasını müsadirə eləyib. Biz isə Azərbaycanda rus dilinin artmasıyla fəxr edirik.

Bugünlərdə görkəmli, hətta deyərdim ki, həyatda olan ən yaxşı rus yazıçısı Vladimir Sorokin “Qardian” qəzetində yazmışdı: “Kimdir günahkar? Əlbəttə, biz, rus xalqı. Və Putin rejimi yıxılanacan bu günah bizim üstümüzdədir”.

Disney, Netflix Rusiyanı boykot edir. Rus filmləri Kannda, Venesiyada göstərilməyəcək. Dünya opera səhnələri, teatrlar rus sənətkarlarla əməkdaşlıqdan imtina edirlər. Valeri Gergiyevi Münhen filarmoniyasında baş dirijorluqdan qovdular. Nyu Yorkun Metropoliten-opera salonu Anna Netrebko ilə müqaviləni dayandırdı, bir azdan o, dolanışıq üçün əri, azərbaycanlı Yusif Eyvazovla Saratov azərbaycanlılarının sünnət toylarında “Mənə dəniz verin, o tənha qalıb” oxumağa məcbur olacaq. Bu addım çoxdan atılmalıydı, çünki Netrebko həmişə Putini dəstəkləyib.

Rus yazıçı, faşist Zaxar Prilepin də dünyaya çıxışına embarqo qoyulanlar sırasındadır. Heç təsəvvür eləmək mümkün deyil ki, indiki dünyada hitlerçi Knut Hamsuna və ya Stalinin dostu Mixail Şoloxova Nobel üzrə ədəbiyyat ödülünü vermək mümkün olaydı. Ağlasığmazdır. Hərçənd, onlar da bu ödülü başqa zaman şərtlərində almışdılar. Hamsun 1920-ci ildə, hələ Hitlerin izi-tozu olmayan vaxtda layiq görülmüşdü, Şoloxov isə 1965-ci ildə, Stalinin ölümündən çox sonralar. Üstəlik, insaf naminə Şoloxovun 1930-cu illər repressiyalarına zəif də olsa etiraz eləməsi faktları vardı.

“Danış, səni görək” zamanıdır. İnsanlar, xalqlar, dövlətlər belə dövrlərdə sınaqdan çıxır, kimin kim olduğu bilinir. Bu kimi məqamlarda sən Avropanın yanında olmasan, niyə “Bizi Avropaya qəbul eləmirlər, bəs bu ikili siyasət nədir” söyləməlisən?

Mən çox təəssüf edirəm, bizim sənət adamları, xüsusilə Azərbaycan Yazıçılar Birliyi bir həftədən çoxdur davam edən bu qanlı savaşa münasibətini açıqlamayıbdır. Halbuki, Anar müəllimin “Təhminə və Zaur” əsəri Ukraynada, Moskvada, Vaşinqtonda, Braziliyada, Tanzaniyada ən çox sevilən əsərlərdən biridir. Putin bir dəfə müsahibəsində demişdi ki, Almaniyada çekist işləyəndə özünü Zaura oxşatmaq istəyirmiş. Hamburqun qırmızı fənər küçəsində neçə Təhminələr yaşayır. Anar müəllim davanı pisləyən bəyanat yaymalıdır. Dünya ictimaiyyəti bunu ondan intizarla gözləyir.

AYB demişkən, bu yaxında mən rus və belarus mallarını boykot eləməyin vacibliyi haqda yazmışdım, əziz dostlarımdan biri telefon açdı: “Sən heç Belarus qatığı yemisən? Çox ləzzətli olur”. Deyir uşaq vaxtı məni Minskə yarışa aparmışdılar, orda yediyim qatıq yadımdan çıxmır. Bir də dedi Minsk çox təmiz şəhərdir, küçəyə zibil atmırlar. Mən ona dedim ki, bunun əhəmiyəti yoxdur, əgər siyasi rejim bütün dünyanı zibilləyirsə...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR