İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşiqlər və apteklər

2432 13.02.2022 20:44 Yazarlar A A

“Qəmu bimarinə canan, dəvayi-dərd edər ehsan.

Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?”

(şair burada saxta dərman satan aptekləri tənqid etmişdir)

 

Bu yaxında bir dərman lazım olmuşdu, yaşayış yerimin yaxınlığında çoxlu aptekə dəydim. Bir qədər də acığa düşmüşdüm, dərman tapılmırdı deyə bütün aptekləri ardıcıl olaraq gəzirdim. Açığı, müşahidə elədiyim mənzərə çox acınacaqlı durumdan xəbər verirdi: hardasa 1 km 120 metrə yaxın perimetrin içində (həm ayaqla, həm telefondakı GPS proqramla ölçmüşəm) üst-üstə 12 aptek saydım. Bəzi apteklər hətta qonşu şəklində yerləşmişdi, elə yer vardı 3 aptek yanaşı idi.

 

Eyni ərazidə ərzaq satışı ilə məşğul olan supermarketlərin sayı isə 4-dən çox deyildi. Həmçinin, apteklərdə az qala basabas, növbə müşahidə edilsə də, ərzaq mağazaları haqda bunu söyləmək olmazdı.

 

Səhiyyə Nazirliyinin keçən il açıqladığı rəqəmə görə Azərbaycanda 2900 aptek, 100 isə topdansatış məntəqəsi var. Bunu əhalinin hər 100 min nəfərinə bölsək, orta hesabla 30-dan çox aptek düşür. Deməli Azərbaycanda apteklərin sayı inkişaf etmiş ölkələrdəkindən çoxdur. Oralarda bu rəqəm hər 100 min nəfərə 20-25 arası dəyişir.

 

2015-ci ilin rəqəmlərinə görə tək Bakıdakı aptek sayı Belçika və Avstriyadakı aptek sayından çox idi. İllər keçdikcə bizdə apteklər az qala epidemiya şəklində artır. Məsələn, əgər 2017-ci ildə respublikamızda 2250 aptek vardısa, artıq 2021-ci ildə 2900 olmuşdu.

 

Əlbəttə, hələ bunlar rəsmi rəqəmlərdir və Azərbaycanda qeydiyyatda olmayan aptekləri, dərman alverçilərini, ara həkimlərini, mollaları, cadugər və falçıların “reseptlərini” də saysaq vəziyyətimizin daha ölüvay olduğu görünər.

 

 

Bazar iqtisadiyyatında tələbat təklifi yaradır, əgər camaat xəstə olmasa, dərdi-bəlası çoxalmasa apteklərə də bu qədər ehtiyac yaranmazdı. O cümlədən, dərman alverçilərinin ən qaniçənlərindən biri deputat kürsüsü əldə edib xaricdə şirkətlər açmaz, qudurub ona-buna ağız atmazdı. Bəs bizim xəstə düşməyimizin səbəbi nədir? Azərbaycan xalqı niyə apteklərə axışır?

 

İndiki halda bunu pandemiya, koronavirusla bağlayıb sovuşdurmaq olar, lakin həmişə belə deyildi. Səhiyyə xidmətinin bərbadlığını səbəb göstərmək düz deyil, çünki bizim həkimlər adətən xəstəni aptekə çatmağa qoymur, uzağı yolda başını əkirlər, sağ olsunlar, böyük xidmətdir. Buna görə Mərkəzi Kliniki Xəstəxananın əmək kollektivinə dərindən minnətdarlığımı bildirirəm.

 

Bəlkə kasıbçılıq, ərzaqların bahalığı, işsizlik, ağır dolanışıq üzündən apteklər balalayır? İnandırıcı deyil. Çünki bizdə Statkomun məlumatına görə işsizlik mənfi vəziyyətə gəlmişdir, yemək-içmək isə xirtdəyə qədər və olduqca ucuzdur. Örnək üçün, yanvar ayında mən özüm xəbərlərdə oxudum, Yaponiyada bir balığı 145 min dollara satdılar. Dəhşətdir. Gör nə bahaçılıqdır. Ona görə yapon xalqı acından bir-birinə təpik atır, qarnına qılınc soxur. Heç Bakıda 145 min manata balıq görmüsünüz? Yox. Bizdə istənilən yolun qırağında 1 manat 45 qəpiyə hisə verilmiş kilkə alıb pivə ilə nuş eləmək mümkündür.

 

Xaricdə yaşayışın dözülməzliyinin başqa isbatı dünən yazılmışdı: Britaniyada auksionda (bəzən bunu “hərrac” yazırıq, guya ərəbcə olanda bizim dildə olur) adi idman ayaqqabısını, krossovkanı 350 min dollara satıblar. Biabırçılıqdır. Gör bahalıq hansı həddə çatmışdır. Ona görə bizim deputatın pullarına əl qoyurlar.

 

Halbuki, bizdə istənilən ticarət mərkəzindən 15 manata ayaqqabı almaq olur.

 

Bəs dərmanı niyə çox alırıq? Məncə bunun bircə səbəbi var ki, xalqımız aşiq olmuşdur. Nağıllardakı kimi. Orda padşahın oğlu dərvişin verdiyi şəkildəki canana vurulur, yorğan-döşəyə düşürdü, məmləkətin hər yerindən loğmanlar gəlir, dərdin dərmanını bulmurdu. Lap axırda kimsə uşağın eşqə düşdüyünü deyirdi. Ondan sonra qızın dalıyca ekspedisiya göndərilirdi və sairə - ssenarinin bu gedişatı bizi maraqlandırmır.

 

İndiki halda mən ehtimal edirəm ki, uca millətimiz öz hökumətinə aşiq olmuşdur. Ona eşqimizi aça bilmirik, şam kimi əriyirik.

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR