İnsanlara hürriyət, millətlərə istiqlal!

Boş çoxluğun aqressiyası

1667 11.03.2022 08:10 Yazarlar A A

“Uça bilmirdinsə, niyə hoppanıb-düşürdün?”

(bir lətifədən)

Yatsam yuxuma girməzdi, haçansa “Makdonalds” və “Coca cola”ya hörmətlə yanaşacağam. Təzəlikcə bu şirkətlər də Ukraynanı dəstəklədilər, Rusiyanın irticaçı siyasətinə qarşı çıxdılar. Ondan sonra gözümdə ucalmışlar. Hətta bu günlərdə “kola” alıb içdim, yəqin adıçəkilən restorana da baş çəkərəm.

Bütün dünyanın Rusiyanı boykot eləməsi yaxşı haldır, lazımlı hadisədir. Yoxsa haçana qədər “kim güclüdürsə, haqlıdır, zəifi basıb döyə, öldürə bilər” siyasəti işləməlidir? Avropalılar, amerikalılar hətta inflyasiyaya, bahaçılığa, qışda soyuqdan donmağa hazır olduqlarını göstərirlər, rus neft və qazını boykot edirlər. O boyda dəstəyin fonunda cəmi bir-iki italyan-filan bahalıqdan donquldanıb. Özü də, Allah qoymasa, guya solçulardır. Bununla dünya solçularının adətən necə saxtakar olduğunu göstərirlər.

Bu gün Ukraynanı dəstəkləmək öz mənliyini, ləyaqətini dəstəkləməkdir, çünki günahsız insanların ölümünə, başına bomba yağdırılmasına, milyonların köçkünə çevrilməsinə necə göz yummaq olar? Biz özümüz bu ağır köçkünlüyü yaşamışıq, necə dəhşətli proses olduğunu yaxşı başa düşürük.

Heç bir şərəfli insan, dövlət, şirkət Ukraynanın acılarına laqeyd qalmır. “Ramştayn” qrupunun solisti Till Lindemanın fotosunu gördüm - Berlin vağzalında ukraynalı qaçqınları şəxsən qarşılayır, onların yerbəyer olmasına kömək edirdi.

Ukraynanın yanında olmaq bir imic məsələsidir. Rusiyadan çıxıb gedən şirkətlər bunu yaxşı anlayır. Təcrübə var. Məsələn, ünlü paltar, moda şirkəti “Hüqo Boss” İkinci Dünya savaşı zamanı hitlerçilərin geyimlərini hazırlayıb. 80 ildir bu şirkət o xəcalətin altından çıxa bilmir. O səbəbdən, 24 fevraldan sonra Rusiyadan baş götürüb qaçan şirkətlərin biri “Hüqo Boss” oldu.

Bu sanksiyalar fonunda bir maraqlı mənzərə də ortaya çıxıb: sən demə, Rusiya iqtisadiyyatı başdan-ayağa üfürmə, saxta iqtisadiyyat imiş. Ərzaqdan təyyarəyə, ətriyyatdan paltara qədər hər şey ya idxal edilir, ya da xarici şirkətlərin Rusiyada qurduğu biznesin payıdır. “Bu rus malıdır” deyə fəxr edəcəkləri zibilqabı da yoxdur. Hətta ənənəvi sayılan vodkanı belə xaricdən alırlar! Bəs bu vəziyyətdə niyə qonum-qonşuya bomba atırsan? Sənin ayrı işin-gücün yoxmu? Niyə faydalı işlə məşğul olmursan?

Rusiya sərnişin aviasiyasının 980 təyyarəsi var. Onun 80 faizi “Boinq” və “Airbus” istehsalıdır. 777 təyyarə! Lizinqə - icarəyə götürüb uçurmuşlar. 30 ildir SSRİ dağılıb, müstəqil olub, ancaq bu müddətdə Rusiya cəmi 1 sərnişin təyyarəsi düzəldə bilib, “Suxoy-Superjet” adında, o da uğursuz. Heç “Aeroflot” da almır. Baha başa gəlirmiş, qəza təhlükəsi çoxmuş. Üstəlik, bu “Suxoy”un da motoru Fransanındır! Ümumən 70 faizə yaxın hissəsini xaricdən alırmışlar. Yəni, bunun da “milli uçaq” olması boş söhbətdir. Rusiya, riyazi terminlə yazsaq, heç bir elementi olmayan boş çoxluqdur.

Sərnişin qatarları, elektrovoz və lokomotivlər, avtomobillər - hamısının əsas elementləri, “beyni” Qərbdən alınır. Ancaq həmin Qərbə diş qıcayırlar. Oturduğu budağı kəsir Putin. Rəhmətliyin oğlu, sən bomba yağdıran təyyarə düzəldincə, adam daşıyanını düzəlt də. Bacarırsansa. Kiyev yaxınlığına 60 kilometr tank düzüncə, “Jiquli” zavodunda 6 dənə rus maşını düzəldərdin. Yoxsa o da yüz ilin italyan texnologiyasıdır. Sən demə, “Avtovaz”ın dəmir-dümüründən başqa hər şeyi xaricdən alınırmış. İndi o belə işləmir - sanksiya üzündən.

Rusiyanın bu gün dünyaya hərbə-zorba gəldiyi nüvə silahı da onun öz ağlının məhsulu deyil, SSRİ-dən yadigar qalıb. 15 müttəfiq respublikanın silahıdır, quldur kimi mənimsəyib, qarışıqlıqda ələ keçiriblər.

SSRİ 1979-da Əfqanıstana girəndə beş-on manat neft pulu vardı, gözü ayağının altını görmürdü. Sonralar biabır olub çıxdı. Halbuki SSRİ bütün Əfqanıstanı tutmuşdu, paytaxt Kabil başda olmaqla. Ancaq ərazini tutmaq hələ davanı udmaq deyil ki (bu yerdə ermənilərin işğalçı siyasətini də yada salmağın mənası var). Rusiya özü dövlət deyil, ərazidir, ona görə başqa dövlətlərə də ərazi kimi baxır. Elə bilir ərazini tutmaqla iş bitir. Xalqın ürəyində yer tutmaq lazımdır. Başına bomba yağdırdığın xalq isə səni sevməz. Yüz il, iki yüz il çəksə də sevməz. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR