İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın iki hozusu

1402 01.03.2022 09:05 Yazarlar A A

Gözümüzü dünyaya açdıq, açalı, ağlımız söz kəsəli, eyzən iki dövlətin adını eşitdik: ABŞ və SSRİ. Bir ucdan yazırdılar: “ABŞ oradan çıxdı”, “SSRİ buradan girdi”, “ABŞ filan ölkədə hərbi çevriliş törətdi”, “SSRİ filan ölkədə mütləqiyyətdən xilas olmaq istəyən xalqı müdafiə etdi” və sair və ilaxır.

Dünyanın harasında bir ağır daşı qaldırırdılarsa, altından ya ABŞ çıxırdı, ya SSRİ. Ya da hər ikisi. İkisi birdən çıxanda müharibə olurdu. Bir ölkənin xalqı iki tirəyə bölünürdü, biri ABŞ-ın “şir”i olurdu, o biri SSRİ-nin, al qana qərq olana qədər boğuşurdular. Sonra tərəflər tam məhv olacaqlarını görüb savaşı dayandırırdılar, ölkə bölünürdü.

Koreyada da elə olmuşdu, Vyetnamda da. Çilidə başqa cür olmuşdu, Kubada ayrı cür, Nikaraquada tamam başqa təhər. Bu tərəfdə Əfqanıstan, o tərəfdə Afrika ölkələri, hər tərəf USA və USSR (ingiliscə adları beləydi) döyüş meydanıydı.

Arada sosialist ölkəsi-kapitalist ölkəsi ayrımı da etmirdilər. ABŞ sosialist ölkələrinin arasından özünə müttəfiqlər axtarırdı, Yuqoslaviyanı, Çini dəstəkləyirdi, SSRİ də kapitalist ölkələrindən Hindistanla, İraqla qardaş olurdu.

Bu iki hegemon dövlət örüş üstündə ağac-ağaca durub hər an dalaşacaq iki tərəkəmə çobanı kimiydilər, raket-raketə durmuşdular, başları çönəndə nüvə çamadanının düyməsini göstərib “bas-basım” deyirdilər.

Gənc ömrümüz bu iki dövlətin başladacağı nüvə müharibəsini gözləməklə, gah bunun, gah da o birinin boykot etdiyi olimpiadalara baxa-baxa, hər iki dövlətin ərazisində ələ keçən casuslarla bağlı yaranan diplomatik qalmaqalları izləyə-izləyə keçirdi.

Hərdən patriotluğu bir qırağa qoyaraq umurduq ki, nə olardı, bu, eyzən çəkişən və bəşər oğlunun həyatını cəhənnəmə çevirən iki superdövlətin biri dağılaydı. Sonra patriotluq hissi güc gəlirdi, istəyirdik ki, dağılan ABŞ olsun, bizə sədəmə toxunmasın.

Elə oldu ki, tərsinə alındı: SSRİ dağıldı. Təxminən 10 il hərbi, maddi, mənəvi, psixoloji, iqtisadi planda çox əziyyət çəkdik, müharibələr gördük, amma xatircəm idik ki, daha nüvə müharibəsi olmayacaq. Hərçənd gənc-gənc insanların ballistik raket zərbəsilə və ya qoşunların təmas xəttindəki səngərdəykən snayper gülləsi ilə həlak olmasının elə də fərqi yox idi.

Budur, təqaüdə çıxmağımıza bir şey qalmayıb, hələ də “ABŞ ordan getdi”, “Rusiya burdan girdi” başlıqlı xəbərlərin yaratdığı emosional ovqatın içindəyik. Gün-dirriyimiz yoxdur.

Biri Əfqanıstanda xirtdəyə qədər zibilə batıb çıxır, o biri dərhal gəlib qurşağınacan o tullantı bataqlığının içinə girir, məmulat boğazına çıxanda çabalayıb çıxır və qaçır. Suriyada elə, İraqda belə, MAR-da bir cür, Liviyada başqa cür.

İndi də bu dünya hozuları Ukraynada toqquşurlar və bir-birinə pencək altından ballistik raket göstərirlər.

Ədalət naminə yalnız onu demək olar ki, bu iki imperialist hozunun biri ayı kimidir, girdiyi yeri dağıdır, bal tapdısa, heç, oturub sümürür, tapmadısa, hər tərəfi bərbad edir və girdiyi yerdən çıxmır. O birisi isə girdiyi yerə ustaca girir, mədəni dolaşır: yaşıl çəmənlikdə prezentasiya, furşet, təntənəli qəbullar, ziyarətlər, ziyafətlər təşkil edir. Sonra görəndə ki, ta burada qalmağın xeyri yoxdur, gecənin birində qərar verir, gün əyiləndə aradan çıxır.

Bu dövlətlər özlərini elə aparırlar, sanki bütün dünya bunlara borcludur və sözsüz itaət etməlidirlər, sözlərinin qabağından söz deyən oldusa, ortalığı qarışdırırlar. Biri ortaya çoxlu pul qoyur, dəstək qrupları təşkil edir, incə-incə, altdan-altdan işi bişirir, o biri nərildəyə-nərildəyə çəpəri aşır, sözə baxmayanı şapalaqlayır, hamıya da deyir, yaxşı eləyirəm, söz güləşdirməsin.

Beləcə, II dünya müharibəsindən bəridir ki, çoxsaylı ölkələr və xalqlar bir-birilə süpürləşən bu iki bədheybətin ayağının altında qalmamaq üçün çırpınır. “Fillər döyüşəndə çəmənlər zay olur” məsəlindəki durum yaranır və məsələ təkcə çəmənlərin bərbad olması ilə bitmir, şəhərlər, kəndlər dağılır, insanlar məhv olur.

Ona görə də belə situasiyalarda hamının yadına mərhum politoloq Vəfa Quluzadə və amerikalı yazar Mark Katz düşür. Onlardan biri Rusiyanın dağılacağını proqnozlaşdırıb, o biri ABŞ-ın 2040-cı ildə süqut edəcəyini bildirib.

Görək, necə olur. Amma biz o günləri görməyəndən sonra ha dağılsınlar. Ömrümüzü yedilər bu yaramazlar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR