İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyi faizə oturdan general

2475 22.02.2022 08:10 Yazarlar A A

Müdafiə Nazirliyində həbslər davam edir. Maliyyə idarəsində tuthatutdan sonra növbə satınalmalar və təchizat idarəsinə çatıb, onun keçmiş rəisi Məlikməmməd Qurbanovu CM-in 179.4 maddəsiylə - külli miqdarda mənimsəmə - zindan quyusuna salıblar. İndi prokurorluqda oturan yeddi qardaş div Məlikməmməd müəllimə sehirli almaların sirrini açmalı, qara qoçun belinə mindirib zülmət dünyasına göndərməlidir. Mövzudan lirik yayınma bu qədər.

 

Məlikməmməd müəllimin niyə indi qarmağa keçməsi maraqlıdır. Axı bizə verilən məlumatlara görə o, 2019-cu ildən pensiyaya çıxıbdır. Bəs görəsən onun çalışdığı illərdə dövlət orqanları, o cümlədən hərbi prokurorluq bu yeyinti və mənimsəmə hadisələrini niyə qulaq ardına vermişdir? Necə ola bilər ki, adamın cinayəti pensiyaya çıxandan 3 il sonra məlum olsun? Xatırladım ki, Məlikməmməd müəllim nə ağ atlı oğlanı öldürməkdə, nə də Cırtdandan bozbaş bişirməkdə suçlanır, belə cinayətlərin açılması üçün doğrudan da bəzən illər lazım gəlir. Mənimsəmə isə elə cinayətdir ki, bunu illik maliyyə sənədlərini, büdcəni-filanı araşdıranda dərhal görmək olur. Məsələn, əsgərlikdə olanda hərbi hissə rəhbərliyi çaşıb (bəlkə də məcbur olub – o zaman latın qrafikasıyla yazı işlərini bilən əsgər çox az idi) yanacaq bazasının sənədlərini hazırlamağı mənə tapşırmışdı. Mən də hərbi hissənin bəzi avtomobillərinin illik benzin israfını hesablayanda gülməyim gəldi, çünki elə alınırdı guya həmin maşınlar hər ay, yalan olmasın, Moskvaya gedir, qayıdır. Halbuki, maşınların heç motoru və təkəri yox idi, avtobazada daşın üstündə dayanırdı.

 

Əlimizdə sənədlər yoxdur, hərbi sirr adıyla məhkəmənin də örtülü keçəcəyi gözlənilir, o üzdən ehtimal irəli sürmək olar. Ola bilsin satınalmalar idarəsi hansısa köhnə texnikaları bəzəyib-düzəyib təzə adıyla dövlətə sırıyıb, müharibə zamanı onlar işləməyib.

İkinci ehtimal Nəcməddin Sadıkov ətrafında torun toxunmasıdır. Görünür istintaq orqanları keçmiş baş qərargah rəisimiz Nəcməddin müəllimi “sağmaq” üçün aşağı ranqlı hərbçilərdən istifadə edəcəklər. Bu, sınaqdan çıxmış üsuldur, MTN ləğv ediləndən sonra Eldar Mahmudova, XİN ləğv edilməyəndən sonra Elmar Məmmədyarova, o cümlədən, bir çox başqa idarələrə tətbiq olunmuşdur. Üsulun qısa mahiyyəti belədir ki, nazirin, rəisin ətrafında çevrə mümkün qədər daraldılır, onun getməyə yeri olmur, məcbur olur yediklərinin bir hissəsini “qussun”, geri qaytarsın. Bunu milli “maliyyə amnistiyası” da adlandırmaq olar. İribuynuzlu məmurun kiçikdırnaqlı ətrafından geri alınan vəsaitlərin isə heç də hamısı öz yerinə - dövlət büdcəsinə qayıtmır. Necə deyərlər, hamının balası var.

 

Nəcməddin müəllimdən söz açılmışkən, hərbi ekspert Telman Əbilovun bugünlərdə verdiyi bir açıqlama mənim diqqətimi çəkdi. Telman müəllim deyir: “Nəcməddin Sadıkov baş qərargah rəisi olanda orduya ayrılan xərclərin 10 faizini mənimsəyirdi”. Deyir, tutaq ki, büdcədən MN-də hansısa iş üçün 200 milyon manat verilirdi, bunun 20 milyonu tərtəmiz Nəcməddin müəllimin cibişdanına axırdı. 300 milyon gəlsə 30 milyon və sairə.

 

Əgər bu söhbət doğrudursa belə çıxır Nəcməddin müəllim MN-i faizə oturdubmuş. Asan işdirmi? Yox. Bu sənin üçün hansısa dükançı, biznesmen, nə bilim, Zülfüqarlı qardaşları, “İdeal” ətriyat şəbəkəsi filan deyil, on minlərlə adamı birləşdirən böyük bir silahlı qurumdur.

 

Maraqlanmaq lazımdır, görəsən dünya tarixində silahlı qüvvələri faizə oturdan başqa general olmuşdurmu. Olmayıbsa, bu istiqamətdə dünya birinciliyinə haqq edirik. Fəxrimizdir. Qürur mənbəyimizdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR