İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı müharibənin sonunu maraq edir-Kim udacaq, kim uduzacaq...

2789 11.03.2022 14:24 Yazarlar A A

 

 

 Ukraynanın bundan sonrakı taleyi necə olacaq?

 

2014-cü ilin martında Krım işğal olunanda bir az da qəzəblə yazmışdım ki, “hanı bu ölkənin topu-topxanası ki, bir güllə atmadan ərazilərinin Rusiyaya “birləşməsinə” imkan verdilər”. Yazmışdım ki, birinci Qarabağ müharibəsində Azərbaycan quş tüfəngi ilə öz torpaqlarını qorumaq üçün Rusiyanın silahlandırdığı erməniyə qarşı gücü yetənə qədər dirəşdi.

“Ukrayna niyə  müqavimətsiz təslim oldu” sualının cavabı da qəliz deyildi. Səbəb əslində bəlli idi. Ukrayna müstəqillikdən sonra da Rusiyanın az qala “arxa bağçası” idi- hakimiyyət, ordu, kəşfiyyat hamısı Moskvanın nəzarətində idi. O səbəbdən Krım ilhaq olunanda, ölkənin şərqində separatçı qondarma qurumlar yaradılanda Ukrayna müqavimət təşkil edə bilmədi. Kiyevin başı Maydanda inqilab etməyə qarışmışdı. Amma hamının o da yaxşı yadındadır ki, Rusiya heç Maydanı da asanlıqla Qərb tərəfdarlarını vermək istəmirdi, o səbəbdən qırğınlar törədildi.

Ukraynanın Rusiyaya budəfəki müqaviməti əlbəttə ki, fərqli olacaqdı. Rusiyanın nəzarətindən çıxan Kiyev hakimiyyəti son illər ölkənin ordu quruculuğuna ciddi diqqət ayırıb, Qərb isə külli-miqdarda para və silah yatırımı edib. Üstəlik, milli(millətçi) qvardiyalar yaradılıb ki, indi Rusiya tərəfinin iddiasına görə, əsas müqavimət mərkəzlərini də onlar təşkil edirlər.

Rusiya hücum edəndə çətin ki, Ukraynanın 8 il əvvəlki ölkə olduğuna, Kiyevi hərbi marşla alacağına ümid edib. Yəqin ki, Ukraynanın “içindən” bütün məlumatlar təhlil ediləndən sonra hərbi güc yeritmək barədə qərar verilib. Biz döyüş meydanından kənardayıq, yalnız televiziyalardan və tərəflərin yaydığı yarı-yalan məlumatlardan nəticə çıxarmaq məcburiyyətindəyik. Amma döyüşlərin başladığı 16 günün təhlili qısa onu deməyə əsas verir ki, Rusiyanın planları arzuladığı kimi getmir.

 

Bu müharibədə tərəf saxlamamağa çalışıram, həm də daha çox o səbəbdən ki, “kim güclüdür”, “rusun burnu əzildi”, “ukraynalılar şirdir, pələngdir” kimi mübahisələri artıq hesab edirəm. Bu, bizim müharibə deyil. İndi sosial şəbəkələrdə Zelenskinin üzərinə “toz qondurmayanlar ordusu” olduğunu da eşitmişəm, amma təkrar-təkrar deyirəm ki, Ukrayna bu müharibədən yayına bilərdi. Ukrayna xalqının bugünkü ağır vəziyyətinə görə təkcə indiki prezident məsuliyyət daşımır, ondan əvvəlki dövlət başçıları, hətta Stepan Banderaya milli qəhrəman adı verən  demokrat Yuşşenkonun da məsuliyyəti var.

Qərb Ukraynadan əvvəl Gürcüstanı, Azərbaycanı, hətta NATO üzvü olan Türkiyəni(“Gəzi olayları”nı yada salmaq kifayətdir) oda atmaq istədi, sonda Ukrayna “tələyə düşdü”. Çox adam deyir ki, Ukrayna öz taleyini həll etməkdə müstəqildir, istər NATO-ya üzv olsun, istər Avropa Birliyinə. Amma o da gerçəkdir ki, Ukrayna heç bir bloka qoşulmadan da dinc yaşaya bilərdi. İndi heç bir blok üzvü deyil, Avropa Birliyi də onu tələsik sırasına qatmaqdan imtina etdi, amma ölkə qan ağlayır. Niyə? Çünki rəhbərləri hamısı Qərbin ya pul kisəsindən asılı oldu, ya da onların dediyi sözdən. 

Rusiya təhlükəli, aqressiv, özündən razı, imperiya hava-cuvası ilə yaşayan qonşudur. Amma köçüb gedə bilmərik ki... Rusiya məsələn, bizi zorla hansısa təşkilata yazdırıbmı, yoxsa siyasi sisteminə birləşdiribmi? Demək, ölkəyə əvvəl ağıllı rəhbər lazımdır, sonra müəyyənləşdirmək olar ki, “it hürən, yoxsa işıq gələn tərəfə” getməlisən. Ukrayna xalqını isə əvvəl seçim qarşısına qoydular, sonra o yanlış(mənim fikrim budur, Ukrayna xalqı düz bilirsə, eyvallah) yola sürüklədilər, sonra isə gah “şokolad biznesi kralı”nı(Poroşenko) , gah KVN ustasını hakimiyyəti gətirməkdə maraqlı oldular. Nəticəsi də göz qabağında...

Hamı davanın sonunu maraq edir. Kim udacaq, kim uduzacaq, Ukraynanın bundan sonrakı taleyi necə olacaq? Rusiyanın özü də əlbəttə ki, böyük bir müəmmalı gələcəyə sürüklənib, dünya iqtisadi sistemindən ayrılıb.

Müharibənin nə vaxtadək davam edə biləcəyinin şərtləri məlumdur. Rusiya son olaraq 6 şərt qoyub. Ukraynanın da mövqeyi aşağı-yuxarı indilikdə bəllidir: “Geri çəkilmirik, təslim olmuruq, ölkənin parçalanması ilə barışmırıq”. Antalya danışıqları göstərdi ki, tərəflər arasında uçurum indilikdə çox dərindir. Bundan sonrası tərəflərin hərbi uğuruna bağlıdır. Rusiyanın yaxın hədəfi Kiyevdir. Onu tarixən Rusiyaya qarşı daha barışmaz mövqedə olan Qərbi Ukraynada nə gözlədiyi də hələ bəlli deyil. Rusiya Ukraynadakı millətçi kəsimi İŞİD qədər təhlükəli hesab edir və onların mərkəzi hakimiyyətə təsirlərini ya birdəfəlik son qoymaq, ya da zərərsizləşdirmək niyyətini gizlətmir. Ukraynanı qoruyan əsas qüvvələr, müqavimət təşkil edənlər də məhz o batalyonlardır. Onlar nə qədər duruş gətirəcəksə, fəal əməliyyatlar da o qədər davam edəcək. Sonra isə səhnəyə Ukrayna xalqı çıxa bilər. Onların sonrakı davranışları da Ukraynanın gələcək taleyini həll edəcək...Əgər yenə Qərb işə qarışıb daha bir yanlışa sürükləməsə... 

Nazim SABİROĞLU,
Musavat.com                            

                                                                       

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR