İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən qorxmaz zabitlərimiz

1856 15.02.2022 08:30 Yazarlar A A

Sovet vaxtı bir lətifə vardı, deyir amerikalılar SSRİ ordusunun quruluşunu öyrənmək üçün casus göndərirlər, casus geri qayıdıb arayış verir: “Onlarda quru qoşunları, tankçılar, topçular, desantçılar var. Bir də stroybat adlı qoşun var, onlar lap vəhşi, ən döyüşkən əsgərlərdir. Təsəvvür eləyin, həmin stroybatın əsgərlərinə heç tüfəng də vermirlər”.

O zamanlar bizim Azərbaycandan Sovet ordusuna çağırılanların çoxu “stroybat”da gününü keçirdiyi üçün, bunun nə olduğunu yaxşı bilirdik. Tikinti batalyonu ifadəsinin ruscasından düzəldilmiş söz idi. Bu, tikintidə çalışan əsgərlər idi, SSRİ qul əməyindən faydalanan klassik quldar dövlət olduğundan hər sahədə dəyəri ödənilməyən əməyə üstünlük verirdi. Şagirdlər, tələbələr, əsgərlər maaşsız, ya da çox cüzi pulla təsərrüfatın müxtəlif sahələrində işlədilirdi. Keçən il deputatlarımızdan kimsə, adı yadıma düşmədi, təklif edirdi “stroybat”ı və tələbə dəstələrini (buna da “seso” deyilirdi, “tələbə tikinti dəstəsi” sözlərinin ruscasından düzəltmişdilər) bərpa eləyək, camaatı basıb Qarabağda müftə işlədək. Nəsə hökumətin ağlına batmadı. Görünür hələ ehtiyac yoxdur, hələ pul silmə epoxasıdır.

Yeri gəlmişkən, azərbaycanlıların pul, rüşvət verib uşaqlarını əsasən stroybata saldırmasının ziyanını biz ermənilərlə dava başlayanda xüsusi hiss elədik. Çünki silah-sursatdan, hərbi texnikadan baş çıxaran əsgərimiz çox az idi, ermənilər isə SSRİ ordusunda çoxlu zabit yetişdirmişdilər. Yalnız son 20-30 ildə biz Türkiyədə-filanda hərbçi oxudub bu balansı xeyrimizə dəyişə bildik.

İndi məndən “Azərbaycan ordusunun ən vəhşi (yaxşı mənada) əsgərləri kimdir” soruşan olsa, heç fikirləşmədən belə cavab verərdim: “Maliyyəçilər!”.

Özünüz baxın, son günlər Müdafiə Nazirliyinin maliyyə idarəsindən bir sürü rüşvətxor və korrupsioneri tutublar. Bunlar aşağıdakı yoldaşlardır: Quru Qoşunları maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu 2 milyon 635 мин манат, Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu 450 мин манат, Vüsal Ədalət oğlu Əlizadə 1 milyon 800 min manat mənimsəmişdir. Onlardan az öncə isə hərbi prokurorluq, hərbi məhkəmə, ya da DTX – dəqiq xatırlamıram, bunun elə əhəmiyyəti də yoxdur -  Müdafiə Nazirliyi maliyyə idarəsinin rəisi Rafael Xəlilovu 10 milyon manatı mənimsəməkdə suçlayıb tutmuşdu.

Bu məqamda yadıma əsgərliyim düşdü, o vaxt birinci ayın tamamında qəribə bir zabit hərbi hissənin həyətində peyda oldu, məni çağırıb pul sənədinə imza atdırdı, həmin vaxtın puluyla 2 “şirvan”, iki “məmməd” (oxuculardan üzr istəyirəm, ancaq o məbləği burda başqa cür ifadə eləyə bilmədim; “22 min manat” yazsam aləm qarışar) verdi. O cümlədən, başqa əsgərlərə də pul verildi. Yaxşı yadımdadır ki, əsgər yoldaşlarım çox təəccüblənmişdilər, sən demə ilk dəfə onlara pul verilirmiş. Mən gəlməzdən öncə bütün o pulları zabitlər basıb yeyirmiş. Səfər Əbiyevin nazirliyi dönəmində əsgərin pulunu yeyib, qanını içmək adi hal idi. Yoxsa MN rəhbərliyi bahalı villaları, maşınları, dəbdəbəli həyatı necə əldə edərdi? İndinin özündə balaca uşaqlar da bilir ki, Səfər Əbiyevin xaricdə biznesi, Nəcməddinin Bakıda padşah sarayı kimi villası var. Təkcə prokurorluq bunu bilmir.

İndi gələk cəsurluq məsələsinə. Mən niyə maliyyəçiləri ordumuzun ən qorxmaz əsgəri sayıram? Son illər cəmiyyətin, o cümlədən hökumətin ən böyük diqqət mərkəzində olan sahələrdən biri ordudur, MN-dir. Xüsusən, Qarabağda qələbədən sonra. Cəmiyyət ordu ətrafındakı, ordu içindəki hadisələri az qala lupa ilə izləyir, əsgərin üzünə milçək qonsa ondan narahat olur. Gəl gör sən əsgərin haqqını, payını, ordunun gücünü yeyəsən, çırpışdırasan. Bunlar isə çırpışdırırmış! Qurd ürəyi yemək daha necə olur?

Belə vəziyətdə pul oğurlayanı göndərsən gedib Paşinyanı da oğurlayıb gətirər. Məqsədə uyğun şəkildə istifadə etməliyik. Belə igidlər hər gün yetişmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR