İnsanlara hürriyət, millətlərə istiqlal!

Otüstü hokkeyin tüstüsü

1456 01.03.2022 10:30 Yazarlar A A

Başımız Ukraynadakı savaşa qarışıb, Azərbaycanın idman sahəsində baş verən bəzi ciddi itkilər diqqətdən kənarda qalmışdır. Halbuki millət bunun altını, bəlkə üstünü də çəkəcəkdir. Dahi babamız Lenin demişkən, sağlam bədəndə sağlam pul olar. Biz isə neftdən-qazdan qazandığımız pulları idmana qoyuruq.

Ancaq həmişə yaxşı nəticələr olmur. Bəzən üzgüçülərimiz olimpiadada boğulurlar. Velosipedçimiz dərəyə yuvarlanır. Atımız dombalaq aşır. (Görəsən, dünyaşöhrətli diplomat Kərpic Həsənin nəvəsi olan çaparımız indi haradadır? Deyəsən, yazıq gəncin o vaxtdan gözü qorxdu). Ən son Pekin Qış Olimpiadasında xizəksürənimiz qarın altında qalıb donmuşdur. Lakin bütün bunlar dövlətimizi idmana qayğıdan çəkindirmir. İdman federasiyalarının hər birinə uyğun nazirliyin, dövlət komitəsinin başçısı şef qoyulmuşdur. Məsələn, qaz idarəsi futbola baxır - futbolçularımızın qazını ona görə almaq çətindir. Sürət yığanda rəqibin qapısından da o yana keçirlər. Axırıncı seçmə mərhələdə milli komandamızın bir oyunçusu qaça-qaça Braziliyaya çatıbdır, hələ tutub saxlamaq mümkün olmamışdır. Güllə atıcılığı polisin tabeliyindədir, çünki qorxuruq başqa adama tapança verək, o da gedə dükan-bazarı soya. Basketbola təhsil naziri baxır, 8 martda məktəbə çoxlu səbətlər gəlir, boş-boşuna çürüməsin deyə divardan asıb altını deşirik. Güləş federasiyasına keçən il iqtisadiyyat nazirini müdir qoyduq, çünki Azərbaycanda iqtisadiyyatla məşğulat eləmək üçün hər cür fəndləri bilməlisən. Bilməsən qaldırıb yerə çırpacaqlar, kürəyin yerdə qalacaq. Neçə biznesmen badalaqdan sonra özünə gəlməyibdir.

Nəsə, söhbəti çox uzatmadan itkilərimizə keçirəm.

Birinci itkimiz fevralın 10-da oldu. Azərbaycan Qolf Federasiyasında yeni sədr seçkiləri keçirildi, Anar Məmmədov bu vəzifəsindən uzaqlaşdırıldı. Anar müəllim kim idi? İlk növbədə uca millətimiz onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun övladı olaraq tanımışdır. Anar müəllim qolf idmanının ölkəmizdə inkişafı üçün canından keçməyə hazır idi. Bu məqsədlə nə qədər çəmənliklər salınmış, Ucarın kəndləri bütövlükdə qolf sahəsinə çevrilmişdi. Hətta birdən görürdün qonşu Kürdəmir rayonundan zəhmətkeşlər qəzetimizə şikayət ünvanlayıbdır: “Qolf topları başımıza yağır, sahədə kənd təsərrüfatı ilə məşğul ola bilmirik, xahiş edirik, əlaqədar orqanlar əncam çəksin”. Ziya müəllim də hər zaman asfalt yolları dəlmədeşik düzəldirdi ki, camaat qolf oynamağa uzağa getməsin. Bundan başqa, nəqliyyat müfəttişlərinə sürücüləri döymək üçün qolf çubuqları verilmişdi.

Çox təəssüf, bundan başqa nə yaza bilərəm? Çətin ki, daha qolf idmanı ölkəmizdə yenidən dirçəlsin. O boyda topu, çubuğu, çəmənliyi, ən əsası, deşiyi bir yerə yığmaq hər oğulun girəcəyi kol deyil.

İkinci itki daha ağırdır: 25 fevralda Gənclər və İdman Nazirliyində iclas oldu, Azərbaycan Otüstü Hokkey Federasiyasının kökündən ləğv edilməsi qərara alındı. Bu, ekzotik hokkey komandamızın və vergilər naziri Fazil Məmmədovun ləğvindən sonra əslində zərurətə çevrilmişdi. Çünki otüstü hokkeyçilərimizi Fazil müəllim vergilər naziri olanda cibinin puluyla, balalarının boğazından, müfəttişlərin maaşından kəsib saxlayırdı (vergidə rüşvət almaq qəti mümkün deyil, söyüş qoyublar). O, nazirlikdən çıxarılandan sonra komanda batdı. Bir-iki il qabaq hokkeyçilərimiz maaş üçün etiraz aksiyası da qayırmışdı.

Bayaq “ekzotik” sözünü isə boşuna yazmadım. Azərbaycanın qadınlardan ibarət otüstü hokkey komandasının üzvlərinin adlarını oxuyaq: Tak Qurbanova, Kim Əliyeva, Kvon Musayeva, Lim Rüstəmova, Çan Məmmədova, Çanq Süleymanova və sairə. Məzə üçün yazdığımı zənn edirsinizsə, onda məmurlarımızı tanımırsınız. Bu adamlar gerçəkdən vardı, Fazil müəllim koreyalı idmançıları satın alıb gətirmiş, onlara Azərbaycan pasportu vermiş, belə soyadlar da taxmışdı ki, guya təmiz azərbaycanlılardır. Lakin bu saxta pasportlar bəzən qalmaqala səbəb olurdu, məsələn, 2007-ci ildə otüstü hokkey komandamızı Britaniyaya yarışa buraxmamışdılar, demişdilər məzələnməyin, Kvon Musayeva adlı azərbaycanlı hardan çıxdı?

Məncə, gələcəkdə buz hokkeyini inkişaf etdirək, Kanadadan idmançı gətirək. Otu da verək danalar yesin, gör nə qədər meydan açıq qaldı. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR