İnsanlara hürriyət, millətlərə istiqlal!

Çönməyə meylli beyin - 130 İl öncə çar Aleksandrın kraliça Viktoriyaya verdiyi cavab...

3670 11.03.2022 10:15 Yazarlar A A

“Hər millətin yaxşısı da var, pisi də” hikmətinə əsla şübhə etmək olmaz. Doğrudan da elədir. Amma hər millətin də sırf özünəməxsus xüsusiyyətləri, normaya çevrilmiş şakərləri, vərdişləri, düşüncə tərzi olur. Bunu da danmaq olmaz.

Məsələn, bizim kütləvi şəkildə qəbahət saydığımız bir hərəkəti kütləvi şəkildə normal hərəkət sayan millətlər var və qətiyyən utanıb-xəcalət çəkmirlər ki, elə şeylər edirlər. Elə xalqlar da ola bilər ki, bizim etdiklərimizə baxıb fikirləşərlər ki, görəsən, onlar bunu edəndə niyə xəcalət çəkmirlər.

Rusiya-Ukrayna müharibəsinin yeni başladığı günlərdə “Postsovet məkanının skoru pomoşu” başlıqlı bir yazı yazmışdım. O yazıda bir az özümüzünküləri tərifləmişdim. Yazmışdım ki, hələ sovet vaxtından SSRİ-də bizimkilər yardımsevərlikləri ilə, darda olanlara kömək əli uzatmaları ilə tanınıblar. Sonrakı günlərdə başqa ölkələrdə, xüsusilə də hərbi müdaxiləyə məruz qalan Ukraynada yaşayan həmvətənlərimiz elə xeyirxah hərəkətlər etdilər ki, gördüm, az yazmışam.

Gerçəkdən də fərdi planda nə qədər yaxşı olmayan xüsusiyyətlərimiz olsa da, millət olaraq dar gündə mərdlik etmək kimi yaxşı xasiyyətimiz var. İntəhası, bu xasiyyətimizin xeyrini başqaları görür, özümüzə faydası yoxdur və bu, bir az acı, bir az da turşməzə reallıqdır.

Ellikcə oğru, çoxluqca reket, hamılıqca tənbəl olan, eyzən fırıldaqçılıqla pul qazanan, kütləvi şəkildə özündən güclüyə yaltaqlıq edən, saxtakarlığı (hər şeyin girdirməsini düzəltməyi) peşə seçən, özlərindən başqa hamını ikinci sort sayan millətlər var. Adlarını çəkməsəm də, bilirsiniz.

Özlərini dünyaya “Rusiya – səxavətli geniş ürək” kimi təqdim edən, hazırda bütün dünyanın dilində olan rusların milli xüsusiyyətlərinin özəllikləri də var. Amma dünyada bu xalqın xasiyyətini sona qədər doğru-dürüst bilən yoxdur. Bilinən odur ki, özləri də demişkən, “zaqadoçnı” məsələdir.

Bu günlərdə internet resurslarında bir tarixi hadisə barədə rəvayətə bənzər bir şey oxudum. Buradan çıxış edərək “rus qəlbi”nə, daha dəqiqi, “rus beyni”nə çığır tapmaq olar.

Deməli, bu hadisə çar III Aleksandırn vaxtında, 1881-94-cü illər arasında baş verib. O vaxtlar da Rusiyanın ərazisi ucsuz-bucaqsız olub, bir tərəfi Uzaq Şərqdə, bir tərəfi Avropada, o biri yanı da Əfqanıstan tərəflərdə. Elə həmin hadisə də Əfqanıstanla sərhəddə baş verib. Bir gün kazak yasovulun (indiki kapitan rütbəsinə tən gələn hərbi çin) rəhbərlik etdiyi eskadron qaçaqmalçılar dəstəsi yaxalayıb. Qaçaqmalçıların arasında iki ingilis zabiti də olub. Kazaklar çox fikirləşməyiblər, adətləri üzrə sərhəd pozuntusu edən və hökumət adamlarına silahlı müqavimət göstərən qaçaqmalçıları güllələyiblər, ancaq ingilis zabitlərinə rəhm ediblər, deyiblər, bunlara dəyməyək, nə də olmasa, avroplaıdırlar, ağ adamlardır.
Bununla belə, yasovul onları cəzasız da buraxmayıb, bir az fikirləşib, ağlına başqa variant gəlməyib, zabitləri kazak adəti üzrə şallaqlayıb buraxıb. Canları güllədən qurtulmuş ingilislər dallarına dəyən 5-6 şallağın xəcalətini çəkib susmaq əvəzinə, bu zorakılığa görə bərk qeyzləniblər, raport yazıblar, şikayət ediblər, məsələni kraliça Vikotiryanın səviyyəsinə qədər qaldırıblar. Belə iş olarmı? Rus kasaklar nəcib ingilis zabitlərinin yumşaq yerinə sərt qamçı çəkib... Olacaq şey deyil! Həqarətdir! Krallıq üçün ayıbdıdr!
Kraliça bu işə görə III Aleksandra etiraz notası göndərib, ultimativ şəkildə kazak yasovulun cəzalandırılmasını, Brittaniya taxt-tacına üzrxahlıq edilməsini tələb edib.

İndi görün, Rusiya imperatoru nə edib? III Aleksandrın ultimatuma cavabı belə olub: 1. İngilis taxt-tacına heç bir üzrxahlıq etməmək; 2. Kazak yasovula aşağıdakı məzmunda teleqram göndərmək: “Polkovnik rütbəsi almağınız münasibətilə sizi təbrik edirəm. Əgər ingilisləri assaydınız, general olardınız. Aleksandr”; 3. Bu teleqramı bütün rus qəzetlərində dərc etmək.

Bax, “rus beyni” budur, çönməyə meyllidir. Kraliça da elə bilirmiş ki, Aleksandr kazakları cəzalandıracaq və üzr istəyəcək, bilmirmiş ki, o, kazak yasovulu mükafatlandracaq və deyəcək ki, hələ az eləmisən.

Rusiyanın hazırkı rəhbərləri III Aleksandrın varisləridir. Onlara edilən təzyiqlərə cavabları adətən adekvat olmur, beyinləri çönür, tərsinə şeylər edirlər.

İndi bu, yaxşıdır, pisdir, həmişə effektli olurmu, olmurmu, deyə bilmərəm. Yaşayarıq, görərik. Axırda ya hansısa kazak general olacaq, ya da hansısa generalı şallaqlayacaqlar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR