İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurlarla üzbəüz

1671 07.03.2022 17:52 Yazarlar A A


“Bu gün aslında bayram,
Barış amcan da getdi
Şimdi işler daha zor”
(Kayahan)

Öncə bütün müəllimlərimizi qarşıdan sel kimi gələn 8 mart bayramı münasibətiylə təbrik edirəm. Arzu edirəm, onların hər birinin çantasında minimum 50 manat, paltarının altında seçki bülleteni, süfrəsində da “Nazpəri” şokoladı olsun, ilahi, amin. Doğrudur, bu saat qurban olduğumun başı Ukrayna-Rasiya davasına qarışıb, orda can alır, lakin ümid eləyək, uca yaradanın bu kompüter oyunu tezliklə bitsin, pedaqoqlara da nəzər salsın. Pravoslav kilsəsi bu arzulara qoşulduğunu bəyan edir.

Hərçənd, məktəblərdə hələ kişi müəllimlərin nəsli tamam kəsilməyibdir, o üzdən bütün müəllimləri beynəlxalq qadınlar günü münasibətiylə qutlamaq bəlkə yanlış anlaşılar. Bunun özü yarıtmaz haldır. Niyə məktəblər tam qadın yönümlü olmur? Müəllimlərin maaşını bir qədər də azaltmaq lazımdır ki, axırıncı kişi ailə başçıları ordan baş götürüb qaçsınlar. Məktəbimizin bir siması olmalıdır. Təhsil millətin gələcəyidir.
Hər halda, müəllim peşəsi bizdə ən hörmətli peşədir. Özünüz fikir verin, jurnalistlər yalnız 22 iyulda, ildə bir gün bayram edirlər. O da iki ildir qara gəlir, evi tikiblər, uzaqdan göstərirlər, lakin vermirlər. Millət qalıb yana-yana. Şair demiş, sən yanmasan, mən yanmasam, necə çıxar işıq idarəsi dirəyin başına?

Polisin cəmi bir gün bayramı olur, o da cinayətkar tutanda. Zarafat edirəm, səhv eləmirəmsə onların bayramı 2 iyuldadır. (Səhv eləyirəmsə gəlin məni tutun, neyləyim? Manafın kamerası boş qalmasın). O boyda silahlı qüvvələrimiz qan töküb, baş kəsib, lakin onların da bircə gün bayramı olur. 26 iyunda. Bunu dəqiq bilirəm.

Su işçilərini, həkimləri, xəstələri, idmançıları, prokuraturanı, AYB-ni, BNA-nı, KTN-i, Həqiqət Nazirliyini, ABIRVALQ idarəsini və sairə - hamısını ildə cəmi bir gün qutlayırıq.

Yeganə müəllimlərdir ki, onların bayramı çoxdur. 5 oktyabr müəllim günü, Yeni il, Novruz, 1 may, 8 mart... bunun hər birində uşaqlar məktəbə qaçır, müəllimləri təbrik edir, onların əlindən öpürlər. Sizin də əlinizdən öpən çox olsun, amin.

Sözümü nəyə gətirirdim, yadımdan çıxdı. Hə, keçən həftə hörmətli təhsil nazirimiz hardasa maraqlı çıxış etmişdi, görün nə deyir: “Bəzi müəllimlərimiz məktəbdə başqa işlərlə məşğul olurlar”. Düzü başqa işlər deyərkən nələri nəzərdə tutub, öyrənməyə həvəsim olmadı, ancaq müəllim məktəbdə seçki keçirmək üçündür, guya biz bunu bilmirik? Seçki yoxdursa, məcbur olub dərs keçəcək, təlim-tərbiyə verəcək, xalqın uşaqlarını pozacaq. Zəhmət çəkin, seçki eləyin. Allahın quru referendumu da yoxdur neçə ildir...

Yenə Operativ Qərargah sağ olun, onlardan başqa bu saat xalqı düşünən yoxdur. Neçə nəfərimiz asqırır, neçəmiz öskürür, kimin harasına termometr soxublar, kim artıq torpaq şöbəsində işləyir – hamısını yüksək dəqiqliklə bilirlər. Ona görə də keçən cümə namazında xalqa çoxlu icazələr verdilər. Örnək üçün, artıq biz çayxanada qəlyan horuldada bilərik. Masaj elətdirmək, təyyarədə gələnin qabağına cummaq, toya minlərlə adam çağırmaq da azaddır.

Ən gözəl iki icazə isə məni heyran etdi. Birincisi, yas mərasimlərinə icazə. Sən təsəvvür elə, iki ildir camaat bu qadağa üzündən ölmürdü. İndi yıxılıb ölə bilərik, buna görə hökumətə təşəkkür edirik.

İkincisi, məmurların, hökumət adamlarının xalqı canlı şəkildə qəbul eləməsinə icazə verilmişdir. Bu andıra qalmış pandemiya üzündən biz iki ilə yaxındır məmurları canlı qəbullarda görə bilmirdik. Virtual ünsiyyət üzündən bilinmirdi adam bizim Dəymədağıldı kənd icra hakimidir, yoxsa Virciniya adalarındakı şəhərin meridir. Baxırdın ekranda deputat danışır, özü də təmiz bizim dildə bülbül kimi ötür, lakin adamın ürəyində xal qalırdı: “Bəlkə də bu bir şpiyondur, xaricdən paraşütlə atıblar”.

İndi get otur qəbulda, nə istəyirsən danış. Üzünə de, üzünə savab al.

Yazının axırında müəllim(ə)ləri yenidən təbrik edirəm. Ə hərfi burda müqəddəsliyi göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR