İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimin tapılması

1608 04.03.2022 08:10 Yazarlar A A

Lənkəranın ucqar dağ kəndlərindən birində müəllim aşkara çıxarılmışdır. Uşaqlara dərs keçirmiş! İnanılmazdır. Biz elə bilirdik müəllimlərin nəsli kəsilmişdir.

Hadisə o qədər nadirdir ki, şəxsən təhsil naziri Emin bəy müəllimə yaxından baxmaq üçün Lənkərana rəsmi səfərə getdi. Onunla çəkinmədən görüşdü, şəkil çəkdirdi. Biz də inandıq ki, həqiqətən belə müəllim vardır. Yoxsa haradan inanasan?

İndiki dövrümüzdə dezinformasiya yayanlar çoxdur. Elə keçən il deyirdilər guya Astarada meşədə bəbir görüblər. Yaxud Qaxda ərəb ovçuları tutmuşdular. Axırda hamısı yalan çıxdı. Düzdür, Lənkərandakı müəllimi də öncə foto-video tələlər vasitəsi ilə yaxalayıblar. Əvvəlcə bunun videoları sosial şəbəkələrdə yayılıb, nəticədə nazirlik müəllimin izinə düşübdür.

Hazırda biz müəllimin artıb-çoxalmasına çalışmalıyıq. Nəyə görə? Çünki bir neçə il qabaq, yaxşı yadımdadır, Lənkəranın elə həmin bölgəsində, qonşu kənddə müəllim tapılmışdı. Dərsə velosipedlə gedən, uşaqlara mahnı oxudan, ən əsası, dərs keçən şən bir cavan idi. Camaat onu necə hoydu-hoyduya götürdüsə, nazirlik nə təhər qovdusa axırıncı dəfə Afrikada, savannada qurd-quşla oynayan yerdə görüblər. Yazıq başını götürdü qaçdı.

Güman edirəm bu axırıncı tapılan, pedaqoqikanın Qırmızı kitabına düşən müəllimin taleyi də eyni olacaqdır. Təcili onu nəzarətə götürməli, bəlkə qəfəsə salmalıyıq, ovçular vurmasın. Xalq mahnısının yeri gəlib, bir ağız oxuyaq: “Səyyada bax, səyyada, Torun qurub qayada, Toruna bir tərlan düşüb, Kimsəsi yox oyada”. Mən də novatorluq eləyirəm, indən belə köşəni mahnı ilə verəcəyəm. Lelin baba “oxumaq, oxumaq, yenə də oxumaq” deyəndə əslində mahnı oxumağı nəzərdə tuturdu.

Mövzudan kənarlaşmayaq. Lənkəranda dərs keçən müəllimin aşkarlanması respublikamızdakı bütün məktəblərə, pedaqoji kollektivlərə dərs olmalıdır. Yoxsa orada gün keçirən varlıqlar var, elə zənn edirlər məktəb seçki vaxtı qutuya bülleten doldurmaq üçün deputat istehsalı müəssisəsidir. Ya da uşaqları döymək üçün islah əmək koloniyasıdır.

Bunu yazdım, yadıma uşaqlığım, doğma məktəbimiz düşdü. Sağ olsunlar, o vaxt müəllimlərimiz bizim hamımızı eşşək kimi çırpırdılar. İbtidai sinif müəllimimiz dərsdə səs salan uşaqların ağzına kömür soxurdu, barmağımızı xətkeşlə qırırdı. Nəticədə bizim sinifdən neçə karateist çıxdı. Bir ədəbiyyat müəllimi vardı, özü də qadın xeylağıydı, 10-cu sinifdə oxuyanda hansısa sambo fəndi ilə sinif yoldaşımı qaldırıb yerə çırpdı, çıxdı qarnının üstünə. Axırı uşaq təslim oldu. Hazırda həmin uşaq Bakıda uroloji xəstəxanada həkim işləyir. Gör pedaqoji tərbiyə nələrə qadirdir! Vallah. Yalan deyənin monitoru kor qalsın.

Gözəl xatirələrdir, əlbəttə. Kimya müəllimi sifətimizə sulfat turşusu atırdı. Musiqi dərsinə hazırlaşmayan şagirdlərin başına nağara keçirilir, idman dərsində marafon qaçırdıq, neçə uşağın nəfəsi kəsildi yolda öldü. Fizika dərsində uşaqlar toka verilirdi. Biologiya dərsində qurbağanı çiy yeyirdik. Əvəzində vətənə layiqli övlad kimi yetişdik! Yoxsa indiki uşaqlar nərmənazikdir, birinin üzünə tüpürsən dərhal anasına deyir. Ondan sonra məktəbdə pedaqoji süpürləşmə düşür. Direktoru işdən çıxarırlar. Komissiyalar bitmək bilmir. Bunlar hamısı dərs prosesini pozan şeylərdir.

Lənkəranda tapılan müəllimin bir hərəkəti xoşuma gəlmədi: şagird qoluna saat şəkli çəkmişdi, getdi ona doğruçu saat aldı, bağışladı. Gənc nəsli korlamaqdır. Axı o uşaq qoluna saat çəkməklə tatu elmini öyrənirdi. Gələcəkdə barmaqlarına “Ata”, “Ana” döyməsi edəcək, oğru aləminə qoşulacaq, cəmiyyətdə öz yerini tutacaqdı. Lotu Bəxtiyarın, Masallı Mamedin, Lotu Qulinin ibrətamiz hekayətlərindən uşaqlara nəql eləmək yerinə, tatu eləyən uşağa saat alır... Qınayıram. Şiddətlə.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR