İnsanlara hürriyət, millətlərə istiqlal!

Bomba adam

1438 12.02.2022 08:10 Yazarlar A A

 

“Kor kora deyər cırt bəriki gözünə”

(Azərbaycan ata sözü)

 

Ramiz Mehdiyevin ölkəmizdəki parlament seçkilərində saxtakarlıq edilməsindən danışması olduqca ləzzətli prosesdən xəbər verir. Sitat: “Etibar Əliyev də  həmkarı Fəzail Ağamalı kimi Milli Məclisə biabırçı şəkildə düşüb”, “Etibar Əliyevi millət vəkili təyin edib ona ciddi don geyindirməyə çalışıblar, ancaq görünən odur ki, bunu bacarmayıblar”, “İqtidar tərəfindən deputat seçilən Musa Qasımlı yalnız öz maraqlarının güdür, övladlarını dövlət vəzifələrinə düzəldib, xalqı vecinə almır” və sairə (AMEA mətbuat xidmətinin bəyanatından).  Sanki radikal müxalifətin nümayəndəsi çıxış edir.

 

Dini kitablara görə qiyamət gününün yaxınlaşması əlamətlərindən biri Şeytanın əlinə “Quran” alıb ortalığa düşməsi, guya xalqı Allah yoluna çağırması olacaqdır. Əlbəttə, mən iddia etmirəm ki, hörmətli Ramiz müəllim “şeytandır, iblisdir, Mixaylodur” və s. İndi onun haqqında şeytan yazmaq adama hər hansı təhlükə yaratmır, halbuki, biz jurnalistlər Ramiz müəllimin adının “r” hərfini yazmaq mümkün olmayan ayları, illəri görmüşük. Qəzetləri, jurnalistləri sürüylə məhkəməyə verər, qapılarda, türmələrdə süründürərdi.

 

Onun şeytana papış tikən vaxtları artıq geridə qalmışdır. Əgər indi onun üzərinə bu qədər alim, deputat, jurnalist tökülüşübsə, deməli, papışın altı ciddi şəkildə deşilibdir. Üstəlik, mən özüm Ramiz müəllimin əsl siması haqda vaxtilə o qədər yazmışam ki, indiki xora baxanda məəttəl qalıram: “Görəsən bunlar harda imişlər?”. Yeganə olaraq keçmiş təhsil naziri Misir Mərdanovu tərifləmək istəyirəm, o, Ramiz müəllimi bəyənmədiyini həmişə altdan-altdan olsa da biruzə vermişdir. Şəxsən mən hələ 1998-ci ildə, təzə nazir qoyulanda onun dilindən “Ramiz Mehdiyev mənə işləməyə imkan vermir” sözlərini canlı eşitmişəm, buna and içərəm.

 

Ümid eləyək Ramiz müəllim tezliklə sözünün dalında dursun və gedib Milli Şuraya qoşulsun. Biz onun vaxtilə xalq hərəkatında iştirakını, meydanlara yürüşlərini unutmamışıq. Ardıcıl insandır. Lap o axmaq akademiyanın müdirliyindən də istefa versin, guya nəyinə lazımdır? Pensiyasını xımır-xımır yeyər, hökumət qulluğunda o boyda zəhmət çəkib, nə qədər Feyzullanın evinə “bomba rabatay” edibdir. Hər halda, orta statistik “Ramiz” kimi 200-300 manat pensiya ümidinə qalmayacaqdır, aşağısı 3 min manat düşür.

 

Ancaq ABŞ-Rusiya-Ukrayna böhranını kölgədə qoyan indiki Mehdiyev-AMEA-cəmiyyət soyuq müharibəsində müəyyən ziddiyyətli bəyanat mərmiləri havada uçuşur. Örnək üçün, Ramiz müəllimi söyən alimlər Akademiyanın batdığını deyirlər, lakin qəribədir ki, hər biri öz sahəsində hansısa uğurlardan dəm vurur. Eyni zamanda, Ramiz müəllim Akademiyanın bütövlükdə inkişafından, onu tənqid edən alimlərin isə bisavadlığından, rəhbərlik etdikləri institutları zibil gününə qoymaqlarından danışır. Absurd durumdur. Necə ola bilər ki, Akademiya boğazacan peyin içində olsun, lakin bəzi yamaclarında lalə-nərgizlər qönçə açsın? Yaxud, tərsinə, Akademiya özü güllü-gülüstandırsa, niyə bir çox institutları cinayət yuvasıdır? Axı AMEA mətbuat xidmətinin davamlı açıqlamalarından belə məlum olur ki, 2019-cu ildə AMEA-ya prezident qoyulandan Mehdiyev çoxlu yoxlamalar aparıb, yeyintilər, “dəhşətli faktlar” (AMEA bəyanatından olduğu kimi sitatdır), cinayətlər üzə çıxarıb, lakin idarənin nüfuzunu aşağı salmamaq üçün bu faktları ört-basdır ediblər. Əcəb “nüfuzlu” idarədir... Bəyəm Ramiz Mehdiyev cinayəti bilib xəbər verməməyin, o cümlədən, tabeliyindəki dövlət əmlakının talan edilməsinə göz yummağın özünün ayrıca cinayət sayıldığını bilmir? Şübhə edirəm. Və ümid edirəm istintaq qurumları bu ört-basdıra görə Ramiz müəllimdən cavabdehlik istəyəcəkdir. Ümidsizlər şeytandır. (Bu dini yazıdır, imana gəlmişəm).

 

Sonda bir yersiz ittihama münasibətim. Hörmətli ekspertlərdən biri Ramiz müəllimə dövlətin ayrıca qoruma, polis müşaiyət avtomobili ayrılmasını pisləyib. Deyir bəyəm o, nüvə alimidir, niyə ciddi qorunur?

 

Nüvə alimi olmaya bilər, ancaq özü nüvədirsə neyləyək? Harda görmüsünüz atom bombasını avtobusda aparsınlar? Partdasa heç kim xoşbəxt olmaz. Nə sərnişinlər, nə də marşrutun yiyəsi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR