İnsanlara hürriyət, millətlərə istiqlal!

Yollar kralı

2072 20.02.2022 20:14 Yazarlar A A

Şübhəsiz, Manaf Ağayevin Füzuli aeroportuna uçaqla yox, maşınla getməsi, orda həbs olunması ölkəmizdə insan hüquqlarının inkişafına maneçilik törədir, mədəniyyətimizi dünya arenalarına çıxarmaq baxımından mənfi hadisədir, hətta gələcəkdə Manaf müəllimin xalq artisti adı almasına da əngəl törədəcəkdir. Ancaq nə edə bilərik, müğənni yoldaşları, deputatlarımız demişkən, qanun şahdır, şah qanun deyildir. Bunun latıncasını da yazıram, bəlkə hansısa məhkəmə hakimimizə lazım oldu: “Non rex est lex, sed lex est rex”. İstəyirsən lap toylar kralı ol. Biz hamıya bir gözlə baxırıq – Təpəgözün gözüylə.


Hərçənd, yatıb-çıxmaq Manaf müəllimin tərcümeyi-halında isti izlər buraxacaqdır, çünki uca millətimiz, həşəmətli Azərbaycan xalqı dustaqlara tarixən hörmətlə yanaşıbdır. Lotuların məmləkətin bir çox yerlərində məzarları daim ziyarət edilir, bəzilərinə elə heykəllər ucaldılıb ki, Lütfi Zadənin Fəxri Xiyabandakı qəbirüstü abidəsi onların yanında “Ken” oyuncağına oxşayır. Məktəblərimizdə uşaqlar partanın üzərinə kriminal avtoritetlərin adını yazır, universitet auditoriyalarında da oğru aləmindən portretlər qalereyası asılır.

Doğrusu, yadımda deyil, Manaf müəllimə neçə gün həbs veriblər, 15 gündür, ya 30, hər halda bunun özü stajdır. Gələcəkdə xalqın pensiyasına çıxanda nəzərə alınır. Heç nə unudulmur, heç nə yaddan çıxmır – sovet vaxtı belə populyar şüar vardı. Ona görə bizdə hər şey tez unudulur.

Hətta mən arzu edərdim Manaf müəllim türmədən çıxan kimi akademik seçilsin və Ramiz Mehdiyevin yerinə qoyulsun. Çünki ulu xalqımız bugünlərdə nəhayət güc-bəla ilə də olsa Ramiz müəllimi istefaya göndərdi (bəlkə Manafın tutulması hardasa bu istefa ilə əlaqədardır, axı Mehdiyev həmçinin respublika Təhlükəsizlik Şurasının üzvüdür), müqəddəs yer isə boş qalmamalıdır.

Yazının bu yerində, zəhləmgetmiş aparıcılar demiş, “keçid alıram” yol əhvalatına. Yəqin məlumatınız vardır, Bakıda TIR sürücülərinin “tırı” tutmuşdu, yolu maşınla bağlamışdılar. Sonra bunları tutub 30 sutka həbs verdilər. Sən demə, inqilabçıymışlar, Sorosa kolbasa üçün eşşək əti daşıyırmışlar, biri isə hətta anarxist Bakuninin nəvəsiymiş. (Bakunin- Baku – Bakı – izə burdan düşmüşük). İndi çalışmaq lazımdır türmədə bu inqilabçı yoldaşlar Manaf müəllimlə ünsiyyət yaratmasın, çünki nəticədə rəngli inqilab olar. Manav – Anadoluda göyərti satanlara deyilir, Tunisdə rəngli inqilab göyərti satanın özünü yandırmasından sonra başlamışdı. Gördüyünüz kimi, əlimdə çox ciddi arqumentlər var.

Ancaq məni yol əhvalatının başqa müqayisəsi düşündürdü. Eyni günlərdə Bakı-Xaçmaz yolunun Tağıyev qəsəbəsinin yanından keçən hissəsində avtomobil qəzası oldu, 3 nəfər eyni ailə üzvü öldü. Yolun o hissəsi tarixən bərbad vəziyətdə olur, bunu ordan keçən hər kəs bilir, artıq həmin yolun altında qəzada ölənlərin ayrıca qəbristanlığı da təntənə ilə açılmışdır. Elə bu son qəzanın kamera videoları yayıldı, açıq göründü ki, maşın asfaltdakı dalğalanmalar üzündən havaya qalxır, sürücü idarəetməni itirir. Bir neçə gün ötdü, yolun həmin yerinə təzə asfalt döşədilər. Lap yaxşı. Ancaq yamaqla iş düzəlirmi? Niyə 3 nəfəri öldürən bərbad yola görə yol idarəsindən cəzalanan olmadı, hətta 30 dəqiqəliyinə də həbs edilən yoxdur, ancaq hansısa prospektdə hərəkəti dayandıran sürücülərə 30 sutka verildi?

Halbuki, bəlkə neçə can qurtarmışdılar, medal almalıydılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR