İnsanlara hürriyət, millətlərə istiqlal!

Audiovizual köşə

1434 11.02.2022 08:10 Yazarlar A A

Milli Teleradio Şurasının yerində Audiovizual Şuranın yaradılması, heç şübhəsiz, ölkəmizdə teleradio işinin yenidən qurulmasına, o cümlədən, səs və görüntüyə aid hər bir sahədə böyük inkişafa səbəb olacaqdır. Doğrudur, bu sahələr MTRŞ-nin, onun sədri Nuşirəvan müəllimin epoxasında da fısqırıq tərəqqi edirdi, ekran-efir, telekanal xarabalıqlarımızın üzərində bayquşların söhbətini dinləmək olurdu, lakin indən belə inkişaf lap kəlləçarxa, göyün yeddinci qatına, ekzosferə qədər qalxacaqdır. İndiyəcən biz balaca uşaqların qatillərinin birbaşa yayımda həbsini görüb alqışlayırdıqsa, bundan sonra uşaqların döyülməsi canlı-canlı, şirin-şirin göstəriləcək. Qoy xalqımızın qəlbində sarı sim tərpənsin, mərhəmət aşıb-daşsın, xeyirxahlıq pöhrə versin, burun suyu göz yaşına qarışıb birbaşa ağızlara axsın! Bizdə dövlət qayğısı sayəsində hələlik üzərində sayğac qoyulmayan yeganə su mənbəyi elə göz yaşı və burun suyudur. Buna görə bütün Binəqədi sakinləri adından deputatımız Hacı Madərə təşəkkürümü çatdırıram. Təbriklərə Sumqayıtın 2-ci mikrorayon sakinləri də qoşulur.

Sadəcə, qarşımızda bircə, xırdaca problem qalır ki, “audiovizual” sözünü demək, yazmaq çətindir. Deyənə qədər adam sanki miyoldayır. Biz isə pişik deyilik, insanıq. Kainatın əşrəfiyik. Əşrəf demişkən, mən bu yaxında korifey sənətkarımız, rəhmətlik Bayram Kürdəxanılının ifasında “Zalım fələk Əşrəfi aldı getdi” mahnısına qulaq asdım, xeyli kövrəldim. Əlbəttə, bunun mövzumuza dəxli yoxdur, ancaq guya siz ömrünüz boyu təkcə dəxli olan sözləri oxumusunuz? Həm də hər bir maarifçi öz cızmaqaralarında millətin aydınlanması üçün sezilən və sezilməyən linklər qoymağa borcludur. Ən yaxşısı bəzən millətin peysərinə linglə qoymaqdır, ancaq qanmaz millətlər üçün. Biz müdrik xalqıq. Bizim üçün link yetərlidir.

Uzun sözün qısası, “milli teleradio” əvəzinə “audiovizual”ın gəlməsi filoloji-fizioloji çətinlik yaradır. Bunu aradan qaldırmağın yeganə yolu yeni şuranın müdirini dövlət büdcəsi hesabına “Audi” markalı hansısa bahalı maşınla təchiz etməkdir. Yoxsa idarənin tamaşaçılarımız qarşısında hörməti olmaz.

Ümumiyyətlə, mənim son vaxtlar qəbul edilən bütün qanunlardan xoşum gəlir. Hamısını qucaqlayır, bağrıma basır, öpürəm, duz kimi yalayıram, türkün məsəli. Elə o yeni media qanunu... Axır ki, biz də özümüzü jurnalist hesab edəcəyik. Təsəvvür elə, jurnalistlərə vəsiqə veriləcəkdir! İpoteka krediti olacaq! Dövlət idarələrində jurnalistləri şey eləyəcəklər, adını da yaza bilmirəm... Hə, akkreditasiya! Qabaq bizi dövlət orqanlarında akkreditasiya eləmirdilər, heç bizə kredit də verilmirdi. Mənim yadıma gəlir, 90-cı illərdə bir daxili işlər naziri vardı, azı iki jurnalisti basıb döymüşdü, eynəklərini qırmışdı.

Sözgəlişi, mən hələ bilmirəm bunu “eynək” yazmaq doğrudur, “çeşmək”, yoxsa “gözlük”? El arasında çoxu “açki” deyir, hələ bu da var. Mənim ürəyimə ən çox yatanı “gözlük” sözüdür. Oxucular etiraz edə bilər ki, bəs qapıda olan, rusca “qlazok”un tərcüməsi necə olsun? O, “gözcük”dür, biləsiniz. Qarışdırmaq lazım deyil. Örnək üçün, dilçi alimlərimiz üç-dörd ildir rusca “şpilka” sözünün yerinə “ipəzor” təklif ediblər. Həqiqətən, bu alət ipə zor tətbiq eləyir. Bunun saça taxılanlarına isə təklif edirəm “saçazor”, “başazor” adı verilsin. Ancaq nəticədə ölkəmizdə zorakılıq artacaq.

Bunun özü də dövlət qayğısının böyük sübutudur ki, parlamentimizdə bəzi deputatlar var heç adını yaza bilmir, ancaq lazım gələndə jurnalistlər üçün içində “audiovizual”, “akkreditasiya”, “ipoteka” kimi dili dolaşdıran, ağızda-burunda yara açan, ağciyərlərin əlli faiz buzlaşmasına səbəb olan sözlərlə dolu qanunlar düzəldirlər.

Az qala yadımdan çıxırdı, biz əgər “gözlük” sözünü saxlayıb “çeşmək” sözünü dilimizdən tamam silsək, bəs Əbdürrəhim bəyin gözəl “Çeşmək” hekayəsinin taleyi necə olacaqdır? Xalq o əsəri unudar.

İslahat aparmağın belə çətinlikləri var.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR