İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə dəyərləri

1783 08.02.2022 08:10 Yazarlar A A

“Evi abad edən arvaddır”

(Azərbaycan ata sözü)

Xalqımızı dünyanın bir çox başqa xalqlarından fərqləndirən əsas dəyərlərdən biri ailəyə, qohum-əqrəbaya böyük hörmət bəsləməyimiz, onları canımızdan çox sevməyimizdir. Xaricdə camaat ailəsini sevmir. Görürsən ata-ana qocalıb, aparıb atırlar qocalar evinə, ya da dövlətə tapşırırlar. Orada da valideyn qəmli şəkildə oturub ya televizorda “Ana segahına” qulaq asır, ya da tibb bacısı gündə 3 dəfə gəlib bunun yanına iynə batırır. Bizdə belə deyil. Bizdə valideynə böyük hörmət var. Elə keçən həftə rayonda bir kişi anasını doğradı, gəlin qayınatanın qarnına şiş soxdu. O cümlədən, hər gün məmləkətin harasındasa uşaqların dərisində siqaret söndürən atalar görüb sevinirik. Bəs necə, ailə dəyərlərimiz vardır. Bunu heç bir Bil Geys, Soros köpəyoğlu poza bilməz. Mərakeşdə bir həftə idi bir uşaq düşmüşdü quyuya, az qala krala qədər hamı onu çıxarmağa çalışırdı. Axırda uşağın ölüsü ələ gəldi. Bizim Qala kəndində isə uşağı elə əvvəlcədən öldürüb quyuya atmışdılar. Şou nəyə lazımdır? Özü də mən sizə bir sirr açım: bizim dinə görə hansı uşaq günah işlətməmiş ölürsə, birbaşa cənnətə gedir. O baxımdan, uşaqların başını balaca vaxtından əkirik, çıxır gedir. Ya da qız uşağı olsa 9 yaşında ərə vermək lazımdır ki, cənnətə əri üzərindən düşsün.

Bəli, ailə dəyərləri vacibdir. Bunun başqa örnəyi deputatların, məmurların, nazirlərin-filanın öz şirkətlərini ailələri üzərində qurmasıdır. Məsələn, bir deputat var, Britaniyada yeddi dənə evini ona... anası alıb bağışlayıbdır. Düzdür, baxırsan arvadın pensiyası 220 manatdır, bəs bu qədər mal-mülkü necə əldə edib? Ana ürəyidir! Ana istəyəndə övladı üçün dağları yarar. Bəs nə!

Xəbər lentimizi izləyəndə də Azərbaycanda qohumçuluğa, ailəyə nə dərəcədə böyük hörmət bəsləndiyi açıq görünür. Gəlin, sadəcə, bəzi başlıqlara göz ataq, heç içini oxumayaq, onsuz paxıllığımızı çəkən çoxdur, göz dəyər: “Nazir deputatın oğluna töhmət verdi”, “M.Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı”, “Ələsgərovun qardaşı oğlu vəzifəsindən azad olundu”, “Nazir general Mustafayevin rəis qardaşını işdən çıxardı”, “Bakıdakı bu məşhur restoran icra başçısının həyat yoldaşına məxsus imiş”, “Eyvazov general oğlunu işdən çıxardı” və sairə. Bunlar internetdə, yalnız son bir ayın xronikasında qarşıma çıxanlardır. Sanki kim vəzifəyə keçibsə, avtomatik onun qohumlarında da idarəçilik, biznes, bəzən isə poetik yaradıcılıq istedadı baş qaldırmışdır. “Sanki” sözünü səhvən yazdım, üzr istəyirəm. Ümid edirəm oxucular da başa düşdülər ki, mənim istedadlı qohumlarım yoxdur.

Əlbəttə, yuxarıdakı tipdə başlıqlara rast gələndə bəzi nadanlar yanlış fikrə də düşür: “Aha, demək vəzifəlilərin qohumları işdən çıxarılır. Urra, korrupsiya ilə mübarizə aparırıq, gələn aydan hamı 500 manat pensiya alacaq!” Boş söhbətdir. Xəyalplovdur. Məsələ ondadır ki, bir qohumu işdən çıxaranda, yerinə başqa qohumu, hətta deyərdim “qahımı” qoyuruq. İstedadlı qohumlar - tükənməz sərvətdir.

Burada bir qədər insaf-ədalət də gözlənilir, çünki generalın bəzən bir yox, bir neçə oğlu olur, niyə hamısına şans verməyək? O cümlədən, icra başçısı arvadının adına restoran açır, lap əcəb edir, ancaq bəs rayonun deputatı? O, niyə arvadının adına balaca kafedən, dönərçidən, ciyərxanadan-zaddan açmasın? 

Sonda bir daha tələb edirəm Metro Tağının 3 milyonunu basıb yeyənlər haqlı cəzasını alsın. Yerin altında qazanılan pulları ancaq yerin altında yemək olar, biləsiniz. Bu da dinimizdə qeyd olunmuşdur.

İlahi, amin, yazını yazdı Zamin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR