İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevin afterşokları

1914 16.02.2022 10:10 Yazarlar A A

Ölkəmizdə həyat həmişəki kimi maraqlı şəkildə axıb getməkdədir. Ramiz müəllimin ifşası prosesindən xüsusilə zövq alırıq. Ən son onun haqqında öyrəndiklərimiz bunlardır:

Musiqi zövqü yox imiş, klarnet çala bilmir, hətta muğam festivalına da baxmırmış;

Kitablarını pulla tutulmuş “zəncilər” yazırmış; (prinsipcə, bu sahədə Ramiz müəllimi haradasa Aleksandr Düma saymaq olar - ata, yoxsa oğul Düma, o yadımda deyil).

Vəzifədə çoxlu qohumları qalır, onları axtarırıq, hərə bildiyini yazsın;

Təhlükəsizlik Şurasının üzvlüyündən çıxara bilməmişik hələ ki;

Boyu balacadır;

Əli uzundur;

Dili acıdır, rəsm çəkə bilmir, pilləkəni müstəqil qalxmır, tualetə liftlə gedir, azərbaycan dilini bilmir, suaxili dilini isə öyrənmək istəmir, Leninin mumiyasını ziyarət etməyi xoşlayır, xaşı araqsız yeyir və sairə.

Ramiz müəllim haqda ifşa prosesi davam edir, prosesin zibili çıxdıqca hörmətli oxucuları bundan xəbərdar etməyə söz veririk. Guya ayrı işimiz var... Əslində ən maraqlı tema budur. 

Hörmətli yoldaşlar, əziz vətəndaşlar, bizi uzun illər belə canavarın idarə etməsi, açığı, olduqca şübhəlidir. Bəlkə heç o yoxdur? Biz onu özümüzdən uydurmuşuq? O kinolarda-filanda əvvəldə qeyd keçir e, onun fason: “Bu həyatınız tamamən xəyal ürünüdür, Ramiz Mehdiyev də yoxdur, sakitləşin, rahat olun, relaks olun”. Çox yaxşı olardı bunu kimsə haradasa yazsa. AMEA-nın saytında da olar, onsuz bu dəqiqə ora giriş sayı qaçangelinnomreleri.az saytından çoxdur.

Ya da yadplanetlilər “Ramiz Mehdiyev” adlı robot düzəldib canımıza buraxıblar. Yoxsa bizim kimi hörmətli insanlar uzun illər belə, türkün sözü, yaratıqın zülmü altında necə inləmişdir? Nə üçün bizim səmalara bülənd olan ah-naləmizi eşidən olmayıbdır? Şair bu məqamda görək nə demişdir: “Zəxmlərdən min ağız açdım əda-yi şükrə kim, Hər oxun bir nemət-i qeyr-i mükərrərdir bana”. Şair burada Ramiz müəllimin xalqın qəlbinə vurduğu yaraları uzaqgörənliklə təsvir edibdir.

Ancaq bunun istefa xəbəri də qəribə, sunami dalğaları kimi gedib-gəlir. Afterşok verir, zəlzələ kimi. Ya da Fiqarodur (iki il qabaqkı toyqırım əhvalatı təsadüf deyildi). Bir gün dedilər işdən çıxıb, istefa verib, sabahısı məlum oldu işdədir. İstefasının qəbul olunması lazım imiş. Bah. Birdən onun da istefasını Tarix İnstitutunun direktoru Kərim Şükürovun istefası kimi qəbul etməsələr nə olacaq? Şəxsən mən dövlət başçısının yerində olsam bu istefanı qəbul eləməzdim. Qoy xalq bir az da zövq alsın, belə asanlıqla əlimizdən çıxmamalıdır.

Prinsipcə, deyəsən, elə bu cür olacaqdır, çünki etibarlı qaynaqlardan aldığım şok, qandonduran, tükürpədən, diş şaqqıldadan, qarın ağrıdan, üzr istəyirəm, hətta şalvar dolduran xəbərə görə, AMEA şefi istefa verib evinə gedəndən və “bundan sonra evdə oturub kitablarımı yazacağam” açıqlaması verəndən 1 saat 20 dəqiqə sonra onun qonşuları hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişlər. Müraciətdə deyilir: “Ramiz Mehdiyev istefa verib evə gələndən bizim rahatlığımız pozulmuşdur. O Şah İsmayıl Xətai haqda növbəti kitabını yazarkən hər paraqrafdan əvvəl balkona çıxıb nərə çəkir. Tərəfimizdən müəyyən edilməyən naməlum şəxslərdən qılınc alaraq yaxınlıqda ağacları doğramışdır. Bəzən villanın damına çıxıb orada saz çalır. Uşaqları həyətə buraxmağa qorxuruq. Dünən zivədən bir neçə paltar ipəzorla birgə yoxa çıxmışdır. Zibil atmağa gedə bilmirik, ev-eşiyimiz iylənir. Hər gün divarın dalından onun kəskin, beşinci kolona aid fikirlərini eşidirik. Xahiş edirik buna son qoyasınız”.

Bundan sonra əlaqədar orqanlar məcbur olub polis maşınının müşayiəti ilə Ramiz müəllimi akademiyaya qaytarıblar. Vəziyyət hələlik gərgin olaraq qalır, bir ac alim ölüb, insan tələfatı yoxdur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR