İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl qazın batması

1356 10.02.2022 09:40 Yazarlar A A

“Yedin qazı, basmarladın Naznazı, qayıqla keçdin Arazı, Niyə olursan narazı?”

(milli folklorumuzdan)

Bağlanmış “Zaminbank”ın sədri Nadir İsmayılova fevralın 4-də 14 il həbs cəzası verdilər. Onu mənimsəmə, dələduzluq, vəzifəni aşma və sairədə suçlayırdılar. Doğrusu, iş adamlarına bizdə niyə belə ağır cəzalar verilir, anlaşılmır. Sanki adam öldürüblər. Heç bəzən qatil o cəzanın yarısı qədər cəza almır. Biz isə yeyintiyə görə adamlara 14 il iş veririk, sonra deyirik, niyə ölkədə işsizlik artıbdır. Belə qorxulu mühitdə kim risk eləyib işləyər, biznes qurar? Çaşıb nəsə yedin, qanın getdi. “İdeal” şirkətinin müdirini öz şirkətindən pul götürmək üstündə tutublar, məsəl üçün. Bu lap karikatur əhvalatdır. Biznes mühitimizin necə “ideal” olduğunu göstərir.

Nadir İsmayılovun məhkəməsində zərərçəkən qismində tikinti maqnatı Şərurlu İsfəndiyar da ifadə vermişdir. Onun bu işə qarışacağı nəsə çox dolaşıq söhbətdir. Ortada “Zaminbank”dan götürülən, lakin qaytarılmayan 5 milyon manat iddiası var. İsfəndiyar müəllim deyir o pulu hökumətə görə götürübmüş - başqa tikinti şirkətlərinin aldatdığı adamlara öz hesabına ev tikib verməliymiş. Guya hökumət ona bu tapşırığı veribmiş. Axırda nədənsə 10 milyon götürüb. Sonra 12 milyon qaytarıb, ancaq əmlakları girovda qalıb. Yazdığım kimi, bu əhvalatdan baş çıxarmaq çətindir - bütün rəqəmlər əlimizdə yoxdur, hakimin əlində də özünə lazım olan qədər rəqəm varmış.

Ancaq məhkəmədə İsfəndiyar müəllimin ifadəsi məni çox güldürdü, istərdim sizə də o hissəni oxuyum: “Savadsızlığımdan istifadə elədilər. Mərkəzi Bankda mənə dedilər ki, aldadılmısan. Dövlətə kömək etmək istədiyim halda, özüm bataqlığa düşdüm. Heç olmasa, ”Flaminqo"nu da çıxarmağa imkan vermədilər".

Burada məni güldürən İsfəndiyar müəllimin savadsızlığı deyil. Əksinə, bu bizim ağlamalı günümüzü göstərir ki, savadsız adamlara bankda 10 milyon kredit verirlər, alimlərimiz isə acından ölür, o cümlədən, banklar  jurnalistlərə 10 manat krediti qıymır, deyirlər siz adam sayılmırsınız. Mənə quş söhbəti ləzzət elədi.

Məlum olduğu kimi, flaminqo el arasında qızıl qaz adlanan quş növüdür, Azərbaycanın bəzi gölməçələrində də yaşayır. İsfəndiyar müəllim qızıl qazı xoşladığı üçün öz şadlıq sarayı-restoranına onun adını qoyubmuş. Lakin restoran girov əhvalatında batıb. Yəni flaminqonun suda batmağı təxminən bizim hansısa deputatın seçki qutusundan təmiz çıxması kimi qeyri-adi əhvalatdır, ancaq İsfəndiyar müəllim deyir mənim “Flaminqom” batdı. Biznes gölməçəmizin mayesi azalıb bataqlığa döndüyü üçün batıb. Adamın qazını yolublar, necə deyərlər.

Qızıl qazın bir xüsusiyyəti tək ayağı üzərində dayanmağıdır, gərək İsfəndiyar müəllim də həmişə bir ayağı üzərində dayanmağı vərdiş eləsin, belə olan halda onun qeyri-qanuni bataqlıqda yaşamaq imkanları artar, heç vaxt başqa biznesmenlərimizin (Hafka, Quska, Mənsimov, Zülfüqarlı, “İdeal” və sairə) düşdüyü “Qırmızı kitaba” adı yazılmaz. O kitaba düşənlərin nəsli kəsilir. Ən yaxşı halda cüllüt şəklində başqa bir gölməçəyə, isti ölkələrə mühacirət edirlər.

Sonda əmək və əhalinin sosial müdafiəsi nazirinin boks federasiyasına sədr qoyulmağına da münasibətimi bildirim, çünki oxucular bunu məndən mütləq gözləyirlər, hətta bayaq eşitdim, biri dedi ki, nə oldu, axı yazı qurtarır, hövsələmiz daraldı və sairə. Mən bu addımı alqışlayıram. Çünki, bizdə boks perspektivi olanlar içərisində işsizlər və pensiyaçılar, əlillər və çoxuşaqlı ailələr (təxminən ikisi də eyni şeydir) üstünlükdədir. Əsasən boks armudu rolunda. Bəzən də rinqin kəndiri və döşəməsi sifətində. Nadir hallarda işsizlərdən qonq səsi də çıxır.

Onları idarənin yerli strukturlarında yaxşıca əzişdirirlər. Neçə min pensiyaçı nokautdan özünə gəlmədi, ixtisara düşdü.

Sözümün canı odur ki, bu da yaxşı təyinat idi, mən yumoru yüksək qiymətləndirən adamam. Bu işləri düzüb-qoşanların üzü gülsün, həmişə bizi güldürür, sevindirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR