İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanklardan çaynik düzəltmək

1642 02.03.2022 08:10 Yazarlar A A

Rusiyanın Ukraynanı işğalı davam etdikcə oradan çoxlu hərbi texnika fotoları, videoları yayılır. Bu kadrlarda magistral yollarda rus ordusunun kolon şəklində, ardıcıl düzülmüş tankları, zirehli maşınları görünür. Dünən bir informasiyada Kiyev yaxınlığında 60 kilometr uzunluğa çatan hərbi dəstədən bəhs edilir, onun kosmosdan çəkilmiş təsviri verilirdi. Sanki uzun bir ilan Ukraynaya girib onu çalmağa hazırlaşır.

Eyni zamanda başqa təsvir paraleli də aparmaq olar: İlon Maskın “Space X” şirkətinin kosmosa buraxdığı internet peykləri sistemi “Starlink”in qurğuları qatarla uçurdular, bir-iki il qabaq həvəskar fotoqraflar həmin peyk-qatarının Yerdən şəklini çəkmişdilər. Cərgə ilə uçan peyklərin işığı məzəli görünürdü. Yanılmıramsa, hazırda o peyklərdən 1500-ü uçur, davamı da olacaq. Nəticədə bütün planet simsiz internetlə təmin ediləcək.

Yeri gəlmişkən, təcavüz başlayanda Ukrayna informasiya naziri İlon Maskdan Twitterdə xahiş eləmişdi, ölkəsinin Rusiya dezinformasiyası ilə savaşına dəstək üçün “Starlink” sisteminə qoşulmasını arzulamışdı. Mask bu xahişi yerinə yetirdi.

Yerdə gedən ölüm qatarıyla göydə uçan əlaqə “qatarı” - bu gün Rusiya ilə sivil dünyanın fərqini əyani göstərir. Kəmiyyətlə əzmək - avtoritar, totalitar rejimlərin keyfiyyətidir həm də. Bu rejimlərdə tək adamın, insanın, fərdin heç bir önəmi yoxdur. Kütlə, say olsun. Bir nəfərə görə şəhəri yandırmaq olar. Bir nəfərə görə bütöv xalqları sürgün eləmək, qırmaq olar. Nə əcaibdir ki, həmin NKVD-KGB məktəbinin yetirməsi, balası olan Putin indi başqalarını faşizmdə qınayır. Ancaq indiki Rusiya rejimi bütün parametrlərinə görə 1933-cü ildə Almaniyada hakimiyyətə gələnlərin oxşarıdır.

Sivil dünya ilə Rusiyanın qarşıdurmasında Putinin müvəqqəti, taktiki uduşları da sistemin mahiyyətindən doğur. Putin bütün qərarları təkbaşına verir, o dar ağlına nə yerləşsə anında törədir, sivil dünyada isə qərarların qəbulu uzun prosedurlardan, müzakirələrdən keçir. Qərbin Ukrayna məsələsində ilk illərdə ağırayaq, tənbəl görünməsinin səbəbi əslində budur. Ancaq əlbəttə, strateji planda Rusiya məğlubdur. Dialoq, müzakirə, barış - Putin rejiminə yad cəhətlər qalib gələcək.

1986-cı ildə, dağılma ərəfəsində SSRİ sənayesinin 75 faizi ağır sənayenin payına düşürdü. Cəmi 25 faiz sənaye məhsulu istehlakçıların, xalqın tələbatı üçün idi. Həmin 75 faizin də böyük hissəsi, hardasa 80 faizi hərbi sənayeyə aid idi! (Qalan zavodlar isə istənilən vaxt hərbi istehsalata çevrilmək sxemiylə qurulurdu). O üzdən, SSRİ-də dükanlar boş idi, camaat elementar çəngəl-bıçaq, qazan, tozsoran, soyuducu, ütü, başqa məişət əşyaları tapmaqda çətinlik çəkirdi. Əvəzində çoxlu tankımız vardı. SSRİ-də tank zibil kimi idi, hətta belə rəvayət edirdilər ki, SSRİ-nin tarixi boyunca düzəltdiyi bütün tankları kolon şəklində, ardıcıl düzsən bütün sərhədlərinə çatar. 62 min 710 kilometrdən danışırıq. İndi Kiyev yaxınlığında peyda olan o 60 kilometrlik tank kolonu həmin rejimin qalığıdır. Kərtənkələ ölüb, quyruğu çabalayır. Quyruq da öləcək, ancaq nə qədər günahsız insanın canı, qanı bahasına.

Camaat növbələrdə ərzaq “quyruğu” düzəldirdi, SSRİ isə planetin hər tərəfinə tank-top dağıdırdı. Anqoladan Kubaya, Suriyadan Çexiyaya qədər hər yeri tankla doldurmuşdular. Qorbaçovun vaxtında iqtisadiyyat artıq dözülməz həddə dağılanda maraqlı çıxış yolu tapmışdılar: tank zavodlarının bəzilərinin profili dəyişdirilirdi. O cümlədən hazır tankları əridib onun dəmir-dümüründən çaynik, qab-qaşıq qayırırdılar.

Gedişata görə Rusiya tezliklə yenidən tanklardan çaynik düzəltməyə məcbur olacaq. Dünya iqtisadiyyatı bu cüzamlı xəstənin yanından sürətlə qaçır.

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR