İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı olmaq zamanı

1703 25.02.2022 10:30 Yazarlar A A

Hələ gec deyil, məncə, NATO və Putin Ukraynanın gələcəyi barədə məsləhətləşmələr üçün Kiyevdəki səfirimiz Elmira Axundovanın yanına qaçmalıdır. Sülhün açarı Elmira xanımın çantasındadır. Prinsipcə, uca dövlətimiz belə gərgin zonaya onu səfir göndərəndə perspektiv təhlükələri nəzərə almışdır. Biz ona lazımi səlahiyyət, görəv vermişik, qalır münaqişə tərəfləri. Əgər onlar da razı olsalar Elmira xanım bir günün içində Luqanskı və Donetski şəxsən əlinə keçirib orada tikinti şirkətləri, müəssisələr açar, bölgəyə investisiya axar, göydən konfet yağar. Daha indiki kimi raket, bomba yağmaz.

Zarafat bir yana, başa düşürəm yersizdir və buna görə üzr istəyirəm, Rusiyanın Ukraynaya hücumu doğrudan böyük faciədir, dəhşətdir. Təsəvvür edin, dünən hətta Putinin Avropadakı tərəfdarlarından biri, Çexiyanın müdiri Miloş Zeman özündən çıxmışdı, deyirdi ruslar və Putin ağıllarını itiriblər.  Ancaq Rusiyadan, onun başçısından nə gözləmək olardı? Bunu onun dahi insanları çoxdan dərk eləyiblər, yazıb, qoyub gediblər. Məsələn, Fyodor Tyütçev 19-cu əsrin ortalarında yazırdı ki, Rusiyanı ağılla dərk etmək mümkün deyil, ona ancaq inanmaq olar. Yəni kişi deyirdi bu ərazi mistikadır, dinidir, burada ancaq kor inanc keçir.

Dünyada populyar olan rus ədəbiyyatında da bu bəlalı mühitin izləri aydın görünür. İstənilən rus romanını, şeirini götür, içində ancaq bir sürü anormal, zırrama, idiot, şeytan, əcinnə (əsərlərin adları da çox zaman belə olur), qara xülyalı xəstə mujiklər, yelbeyin qadınlar, avantürist və manyak obrazları görərsən. Rus ədəbiyyatında qəhrəmanlar durduqları yerdə qəmə-kədərə düçar olar, ətrafa da pislik saça bilərlər. Heç bir məntiqli izahı, səbəbi olmadan. Bəzən bunu coğrafiya ilə əlaqələndirirlər. Soyuq, qış, çovğun, şaxta, bataqlıq və sairə... Ancaq Norveçin, Kanadanın iqlimi bəyəm Rusiyadan yaxşıdır? Oralarda insanlar niyə xoşbəxt yaşayır və başqa dövlətlərə müharibə elan etmirlər? Zəhərli “putinizm” göbələyi niyə Saskaçevan meşələrində və ya Tronheym fyordlarının ətəklərində bitmir?

Alman xalqı Hitleri böyütməsinin əzabını yaşadığı kimi, Rusiya xalqı da bu müharibənin xəcalətini uzun zaman çəkəcək. Üstəlik, Ukraynada qırğın törətmək Rusiya üçün ikiqat ağrılıdır. Gəlin belə absurd bir mənzərə təsəvvür eləməyə çalışaq: Türkiyə Azərbaycana bombalar yağdırır. Bunu biz fantaziya şəklində də ağlımıza gətirə bilmirik. İndi fikirləşin ki, Ukrayna ilə Rusiya təxminən elə Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın xalqların, insanların yaşadığı dövlətlərdir. Düzdür, bizim Anadolu türkləri ilə davamız olub, ancaq neçənci ildə? 1514-cü ildə. 500 il qabaq. Deməli, Putin rejimi indiki Rusiyanı 500 il tarixdən geriyə atıb. Ən azı.

Rusiyanın Luqansk və Donetsk vilayətlərini işğal etmək arzusu isə tək imperiya ambisiyası deyil. Bu vilayətlərin böyük sənaye, faydalı qazıntı, nəqliyyat, kənd təsərrüfatı potensialı var. Bəzən deyirlər əlavə ərazi Rusiyanın nəyinə lazımdır, dünyanın altıda birini tutur. Unuduruq ki, həmin “altıda bir”in böyük hissəsi adam yaşamayan, daimi donuşluq, əbədi qış zonalarıdır. Planet ərzaq, enerji böhranları ilə üzləşir, ruslara da daha yararlı torpaqlar lazımdır. Bu iki vilayət isə birlikdə 53 min kvadrat kilometrdir. Az qala Azərbaycan boyda.

Yeri gəlmişkən, amerikalılar, Bayden, Qərb xüsusi xidmətləri bir aydır özlərini parçalayırdılar, dəqiq vaxt göstərirdilər: “Putin Ukraynaya girəcək, olimpiadanın bitməsini gözləyir”. Bəziləri buna ağız büzürdü. İnanmırdılar. Təəssüf ki, Qərb yenə haqlı çıxdı. Və bu gün Rusiyanın əl-ayaq açmasında o şübhəçilərin, mənasız arxayınlıq toxumları səpənlərin böyük günahı var. Hələ rus soyadı daşıyanlar, uşağını rus məktəbinə qoyanlar ki var, onlar da dünən Xarkova və Kiyevə bomba yağışına əsas yaradanlardır, biləsiniz. Zarafat eləmirəm. Luqansk və Donetskin əhalisinin 60 faizdən çoxu ukraynalılar olsa da, rus dilini ana dili sayanlar 80 faizdir. Deməli, burada rusların assimilyasiya siyasəti işə yarayıb. Bu bölgələrə rusların kütləvi köçürülməsi də son 300 ilin məhsuludur. Tanış gəldimi sizə mənzərə?

Rusiyanın aqressiyasını dayandırmağın yeganə yolu dərhal, gecikmədən böyük, beynəlxalq koalisiya qurmaqdır. Yoxsa gec-tez hamı öz qapısında “İsgəndər” raketinin qırıntılarını süpürəcək. Biz süpürdüyümüz kimi. Hərçənd, hələ də süpürürük, andıra qalmış qurtarmır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR