İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiya ilə müalicə

1509 06.03.2022 21:45 Yazarlar A A

“Əlimdə olsa yırtardım kölgəni,
Rəsminə vurmuş bir bazar günü”
(Sezen Aksu)

Səhər açılan kimi, oyananda birinci telefona baxmaq adətimiz olub, mən də bu dəyərlərə sadiqəm. Bu gün baxıram telefona mesaj gəlibdir: “Konstitusiya ilə müalicə”. Ardıyca da bir sürü xəstəliklərin adı yazılıbdır. Nevroz, qurd, sızanaq, baş, beyin, ürək, qabırğa, nə bilim nə...

Mən ölkəmizdə insan sağlamlığına yüksək səviyyədə yanaşıldığını bilirəm, maşallah, hara baxsan xəstəxana, poliklinika, doğum evi, ambulatoriya, gözəllik salonu, sünnət evi görmək mümkündür. İrandan, Almaniyadan, Amerikadan, İsraildən, İsveçrədən camaat axın-axın gəlir, Bakıda sağalıb gedirlər. Keçən ay korona testi kağızı almaq üçün Semaşkoya getmişdim, qapıda Almaniyanın keçmiş baş naziri Angela Merkellə toqquşmuşam. Yalan deyənin kompüteri qırılsın. Soruşdum bu burda neyləyir, dedilər öd kisəsində daş var, gəlib saldırmağa. Putin sifətini hər il 5 nömrəli xəstəxanada dartdırır, ona görə bordağa bağlanmış dana dərisinə oxşayır.

Ancaq ilk dəfə idi konstitusiyamızın da müalicə üçün istifadə edildiyini öyrənirdim. Özü də sızanağı yox eləmək üçün... Bu nəsə təzə üsuldur. Yəqin pandemiya dövründə yeni referendum olub, konstitusiyamıza müalicəvi qabiliyətlər aşılanıbdır. Çətin iş deyil ki. Məzahir müəllimin əlində bir içim sudur. Sehirli çubuğunu ultrabənövşəyi şəkildə fırladır, bir də gözünü yumub-açırsan, baxırsan qutudan deputat çıxdı, deputatın ağzından çullu dovşan, dovşanın qulağından qarğa. Belə adam konstitusiya ilə xərçəngi sağaldar.

Bu düşüncələrlə təzədən mesajı oxudum, umsuq oldum. Sən demə yuxulu olmuşam, yanlış oxumuşam. Orada başlığa “Konsultasiya və müalicə” yazılıbmış, hansısa klinikanın reklamıymış.

Əlbəttə, bu cür yanlış oxumaqlar ölkəmizdəki sosial-siyasi, iqtisadi-mənəvi inkişafa kölgə salmır. Elə son islahatlara diqqət edək. Dünyanın çox yerində (İranı-zadı çıxsaq) bu gün bazar günüdür, həftənin yeddinci günüdür, elə deyilmi? Bizdə isə şənbədir. Hökumət 8 mart beynəlxalq qadınlar günü ikinci günə düşdüyü üçün, 6-cı günü keçirib 7-ci günün yerinə, bazar ertəsi isə bazar olub.

Fantastikadır. Şənbəni bazara keçirmək elə bilirsiniz asandır? Qurban olduğum dünyanı altı günə zülümlə qayırıb, yeddinci gün dincəlibdir. Bizim hökumət isə dincəlmək bilmir. Daim xalq üçün canını fəda edir. Mənim dəqiq məlumatlarım var ki, şənbəni bazara, bazarı bazar ertəsinə keçirmək üçün dövlət büdcəsindən neçə milyard manat ayrılıbdır. Ola bilsin bəzi icra başçıları da prosesdə pul yemək üçün çərşənbə axşamını cümə axşamının səhərinə keçirsinlər, ancaq hüquq-mühafizə orqanları göydən baxır, pensiyaçıların pulunu yemək mümkün deyil. Axırda mütləq zibili çıxacaq.

Vallah, bu proseslər çox çətin işlərdir. Elə götürək Ermənistanı. Heç eşitmisiniz orda şənbə bazar olsun? Hardan... Bacarıq lazımdır. Ermənistanda həftənin bütün günləri birinci gündür. Eşşək kimi işləyirlər, heç zibilə də yaramır.

Bizdə əməyə böyük hörmət qoyulur. Bakıda neçə yerdə, xüsusən körpülərin altında, fəhlələr yığışan nöqtələrdə şüar vurublar: “İnsan əməklə ucalır”. Hökumət bunu nəzərə alaraq keçən həftə əmək müfəttişliyinə təzə rəis qoydu, özü də kimi? Lombardın müdirini. Ondan da qabaq bankda camaata pul satırmış. Belə bir kadr işsizliklə bağlı prosedurları hamıdan yaxşı bilir. Lombarda qızılı hər adam gətirmir ki. Gərək əlacın hər yerdən kəsilsin, işsiz-gücsüz qalasan, məcbur olasan qızılları girova qoyasan.

Nəsə, mən gedim konstitusiyanı dəmləyim, içim, başım ağrıdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR