İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir çanta göyərti

1401 26.02.2022 08:15 Yazarlar A A

MTN generallarının məhkəmə işini aparan Elbəy Allahverdiyevi şiddətlə qınayıram. Bu hakimin adı Azərbaycan tarixinə qara hərflərlə yazılacaqdır (hakim məni bu sözlərə görə tutdurmaq istəsə əks-arqumentim var, yazını əsasən qara rəngli hərflərlə yazırıq). Nəyə görə? Çünki iclasa jurnalistləri buraxmır. Mənasız-mənasız arqumentlərlə. Gah deyir pandemiyadır, gah deyir kefim belə istəyir, gedin əlinizdən gələni beş qaba çəkin.

 

O proseslər isə ölkəmizin hansı macəralar yaşadığını öyrənmək, kitab-dəftərə, qəzetə-sayta salmaq, gələcək nəsillərə çatdırmaq üçün vacibdir. Çox nadir faktlar, gülməcələr, orijinal əhvalatlar it-bata düşür. Ordan-burdan sızan xəbərlərdən görürük ki, o məhkəmə proseslərində nələr yaşanır. Heyrətamiz iclaslardır. Kafka həsəd aparar, Qaşek intihar edərdi.

 

Məsələn, bu yaxında bir iş adamının ifadəsi ortaya çıxmışdı, deyir MTN generalının adamları onu tutub aparıblar, döyüb, qorxudub neçə yüz min dollarını alıblar. Dolların alınma səhnəsinin təsviri fısqırıq bir süjet idi. Adama zəng vurublar, deyiblər dəri çanta al, içinə 3 dəst göy qoy, filan küçəyə gəl. Bu fağır da necə qorxubsa söhbəti hərfi mənada anlayıb, çantaya 300 min dolları qoyandan sonra (məbləğ hissəsini düz başa düşüb) üstünə də göyərti alıb düzüb, aparıb deyilən yerə. Orda MTN əməkdaşları çantanı açanda pulun üzərində keçniş-vəzəri dəstlərini görüb qəhqəhə çəkiblər. Deyiblər, biz “göy” deyəndə dolları nəzərdə tutmuşduq, sən nə eləmisən...

 

İkinci əhvalatın qurbanı da maraqlı tip olmuşdur - adam Dairə Seçki Komissiyasının sədriymiş. Lakin MTN-in iybilən casusları bunun çoxlu var-dövləti olmasının izinə düşüblər, qulaqlayıb soymaq qərarına gəliblər. Yenə bir neçə yüz min dollardan söhbət gedirmiş - məbləğ dəqiq yadımda qalmayıb, həm də bunun önəmi yoxdur. Üç aşağı, beş yuxarı, bizim üçün fərqi nədir? Xülasə, ənənəvi üsulla adamı tutub MTN-ə aparıblar, deyiblər yuxarıdan göstəriş var (Eldar müəllimdən), filan vaxtda filan məbləği ya gətirirsən, ya özünü ölmüş bil. Adam ağlaşma qurub, o qədər pul məndə hardan deyib, xeyri olmayıb. Şanlı çekistlərimiz xam deyildilər ki. Harda restoranı, harda dükanı var, evləri, arvad-uşağın qızılları... Hamısının hesab-kitabını göstəriblər, deyiblər canın çıxsın pulu ver, bilirik varındır. Bəlkə ata sözünü də misal çəkiblər: “Verdin adındır, yedin dadındır, qaldı Eldarındır”. 

 

Əlac hər yerdən üzüləndə adamın qəfil yadına əsas vəzifəsi düşüb. Deyib, əgər məni buraxmasanız mühüm dövlət tədbirini pozmuş olacaqsınız. Çekistlər qımışıblar, deyiblər məzələnmə, bəlkə sən prokuror-filansan, xəbərimiz yoxdur. Adam deyib mən DSK sədriyəm, yaxın vaxtlarda prezident seçkisi olacaq, burda qalsam seçkini kim keçirəcək? Çekistlər arasında ani çaşqınlıq yaranıb. İnanmayıblar. Ora-bura zəng vurub dəqiqləşdiriblər. Məzahir müəllim təsdiqləyib ki, həqiqətən belə DSK sədri vardır. Əlac kəsilib, bunu buraxıblar: “Get seçkini keçirt, amma sonra pulu gətir”. Doğrudan da seçkidən az keçəndə adamı təzədən tutub idarəyə aparıblar, pulu alıblar.

İndi siz fikir verin, görün bizim poqonlu quldurlar arasında dövlətçilik təfəkkürü, qanunlara hörmət, demokratik seçkilərə izzət nə qədər yüksək səviyyədə olmuşdur! Heyrətamiz faktdır. Olimpiadalar dövründə müharibələr dayanır, bizim çekistlər də seçkilər zamanı dairə sədrlərinə əl bulamırmış.

 

Bir nəfər biznesmen də var, onu MTN-ə aparıb deyiblər ki, sənə dəlilik iynəsi vurarıq, pul gətir. Guya bunlara bir gizli iynə-dərman var, adama sancırlar, altı aydan sonra dəli olur.

 

Fantaziyaya bax. Adam təəssüf edir ki, bu cür generallar indi məhkəmələrdə sürünür, yaradıcılıq potensialı batıb gedir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR