İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarın qardaşlıqdan irəlidirmi

2121 27.02.2022 19:52 Yazarlar A A

 

Yaxud, bir boykotun çətinlikləri

Putin Rusiyasının işğalçı müharibəsi, Ukraynada axan qanlar bütün dünyanı dəhşətə gətirir, artıq hər kəs Rusiyanın əleyhinə çıxır. Biabırçı Rusiya faktiki təklənmiş vəziyyətdədir, onu heç kim sevmir. Hətta ən yaxın adamları, Belarusun kolxoz sədri Lukaşenko belə qondarma “LNR və DNR”-i tanımağa tələsmir. O cümlədən, imperialist siyasətin aləti olan “ODKB” – MDB-nin silahlı qüvvələr birliyi Ukraynanın işğalına de fakto qoşulmadı. Hər halda biz Ermənistan kimi oyuncaq dövlətdən də öz ağasına hansısa siyasi dəstək görmədik. Keçən ay Putindən qoşun dilənən qazax Kasım Comart müəllim, həmçinin, Ukraynanın ərazi bütövlüyünü tanıdığını mızıldanmışdır.

Avropa dövlətlərinin hamısı ard-arda rus təyyarələrinə hava koridorunu bağlayır. Artıq Rusiyanın dünyanın hansısa ölkəsinə uçaqla sərnişin göndərməsi ciddi problemdir. Təsəvvür edin, rus Dumasının (oxu: deputatxana) sədri Volodin iki gün qabaq Nikaraqua-Kuba səfərindən qayıdanda məcbur oldu 45 dəqiqə əlavə yol fırlansın, hardasa Baltik dənizi üzərində neytral səmadan Rusiyaya girsin. Dünən internetdə bir gülünc xəritə təsviri vardı: İsveçrə Rusiyaya hava sərhədini hələ bağlamamışdı, ancaq ətrafındakı bütün dövlətlər bu addımı atmışdı. Belə çıxırdı ki, rus təyyarələri Sürixə, Bernə uçmaq üçün kosmosa çıxmalı, ordan ballistik raket şəklində təpəsi aşağı düşməliydi.

Futbol komandaları, hokkeyçilər, güləşçilər, Formula-1, artistlər, yazıçılar, rəssamlar, musiqiçilər və sairə - Rusiya rejimini boykot edənlərin sayı-hesabı yoxdur. Hazırda özünə hörmət qoyan heç kim Putinin yanında bir dəqiqə də durmağı istəmir. Şimal qonşumuzun maskası tam cırılmışdır.

Şəxsən mənə ən çox təsir eləyən antisavaş aksiyası isə yenə uca fransız xalqının həşəmətli lideri Makron müəllimdən gəldi. Dəhşət idi. Təsəvvür elə, Eyfel qülləsini Ukrayna bayrağının rənglərinə boyamışdılar! Dəqiq məlumat var ki, bunu televizorda görən Vladimir Putin kabinetindən qaçaraq çıxıb, gedib uzanıb Mavzoleydə Lenin babanın böyrünə, deyib: “Allah, mana bir ucuz ölüm ver”. (Elə bu cür, “mana” deyibdir. Türk tarixçilərinin araşdırmalarına görə Putinin əsli ayrımdır).

Ancaq ziyanı yoxdur, hərə əlindən gələni əsirgəmir. Bu haqda xalqımız arasında bir rəvayət, ya da savadlı uşaqlar demiş, pritça dolaşır. Bir gün qarğanın villası yanırmış, fövqəladə hallar çalışır mənzili söndürsün, bu minvalda görürlər sərçə dimdiyində iki damcı su gətirdi, yanğının üzərinə tökdü. Sonra sərçəni canlı yayıma qoşurlar, deyir vətənə mənim canım fəda olsun, təki qarğanın yuvası yaşasın. Axırda hüquq-mühafizə orqanları gəlir, sərçənin qanadının altında bir neçə qram narkotik vasitə tapıb onu qəfəsə salırlar. Nəsə, bu deyəsən ayrı pritça idi, bilmirəm niyə bura düşdü.

Sözümün canı odur ki, hər birimiz qardaş Ukrayna xalqına bacardığımız dəstəyi verməliyik. Ancaq bu əməliyyatlar davamlı olsa yaxşıdır. Rusiya rejimini divara sıxışdırmaqda dayanmaq olmaz. Özü də bu Rusiyanın dünyadan təcrid olunması ancaq özünə ziyandır, çünki dünya iqtisadiyyatında o boyda ərazinin payı cəmi 2 faizdir.

Mən bu fikirlər içində dükana gedirdim, ağlıma qəti yerləşdirmişdim ki, daha Rusiya mallarını almayım. İqtisadi boykot edim. Çünki rus iqtisadiyyatına göndərdiyimiz pullar bu gün bomba olub Kiyevin başına yağırsa, sabah heç kim qarantiya verə bilməz ki, təzədən Gəncəyə də yağmayacaq. Ancaq marketdə bu boykotun elə asan olmayacağını anladım. Bizim dükan-bazar Rusiya malları ilə doludur. Xüsusilə ərzaq, şirniyyat, un-taxıl məmulatları üzrə. Elə mallar var ki, biz bunun Türkiyədən, Avropadan, Çindən alternativini gətirə bilərik, lakin Moskvadan alırıq. Ən acınacaqlısı, bəzi dünya markalarının (məsələn, Nestle) Türkiyədəki zavodlarının yox, Rusiyadakı zavodlarının məhsulunu alıb bazara doldurmağımızdır.

Vətənpərvərlik, o cümlədən, Ukraynaya dəstək boş sözlərlə yox, real hərəkətlə olmalıdır. Azərbaycanın idxalında 18,2 faiz payla Rusiya birinci yerdədir (2020-ci il). Hər il biz Rusiyadan 2 milyard dollarlıq mal alırıq. Türkiyənin idxalımızda payı isə 14,5 faiz və ya 1 milyard 560 milyon dollardır. Müqayisə üçün Gürcüstanın idxalına baxaq: Rusiya 11 faiz (888 mlrd dollar), Türkiyə 17,4 faiz (1,4 mlrd dollar).

Biz özümüzə sual verməliyik: necə olur Türkiyəni qardaş adlandırırıq, ancaq malı ruslardan alırıq? Adamın ağlına ən çox gələni taxıl, buğdadır, fikirləşərsən bəlkə məcburuq bunu Rusiyadan alaq, ayrısına əlimiz çatmır, ancaq idxalımızda taxılın faizi heç 3-ə çatmır. Deməli rus mallarını əvəzləmək üçün hər cür imkan var.

Bircə qalır hərəkət eləmək.

P.S. Özümüzün gül kimi heyvandarlıq məhsulumuz ola-ola bazarın Belarus diktaturasının mallarıyla doldurulması da ayrı dərddir, ancaq ta söhbəti uzatmıram. Görünən dağa bələdçi lazım deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR