İnsanlara hürriyət, millətlərə istiqlal!

(Radio)aktiv səfir

1664 05.03.2022 08:05 Yazarlar A A

Tanrıya şükürlər olsun, dünən nəhayət Ukrayna səfirimiz Elmira Axundova bəyanat yaydı, millətin ürəyi yerinə gəldi, onun sağ və salamat olduğunu öyrəndik, hörmətli oxucuların da sağ və salamat olmasını arzulayıram, yaz görüm siz tərəfdə havalar necədir, burda külək əsir.

Yoxsa çox narahat idik, çünki səfirimizi axırıncı dəfə Bakıda oğluna villa alan yerdə... üzr istəyirəm, Kiyevdə çayxana açılışında... Nəsə, doğrusu bilmirəm onu axırıncı dəfə harda görmüşdülər, ancaq rusların Ukraynaya hücumundan keçən 8 gün ərzində səfirimiz yağlı əppək olub göyə çıxmışdı. Bütün dünya Marsda həyat axtarırdı, biz isə Kiyevdə səfirimizi. Cürbəcür mənfi şaiyələr gəzirdi, baxmayaraq karantin dövründə şaiyələrin gəzməsi rəsmən qadağandır. Biri deyirdi Elmira xanımı çeçenlər əsir götürüblər, başqası deyirdi səfir Dnipro çayında batıb, üçüncüsü and içirdi ki, xanım Axundovanı tam yaraq-əsləhəli, əynində Tomrisin libası, çiynində “Javelin” raketiylə Qostomel aerodromunda rusların Su-35 qırıcısını vurduğunu öz gözüylə görübdür.

Hər şey yaxşı qurtardı, səfirimiz Bakıdan çıxdı. Deyir elə dava başlayan kimi qaçdım, axı mən qadınam, anayam, cənnət ayağımın altındadır, ana ürəyi, dağ çiçəyi və sairə.

Əlbəttə, 8 mart münasibətiylə onu təbrik edirik. Bizim diplomatiya tariximizə baxanda, yaxşı qurtardığımızı söyləsək yanılmarıq. Hazırda türmələrdə nə qədər diplomatımız yatır. Yeyinti, söküntü, dağıntı, təxribat... Bu heç olmasa qaçıb. Koroğlu demişkən, igidlik ondur, doqquzu qaçmaq. Mən özüm, tərifləmək olmasın, hər ay 200 kilometrə yaxın qaçıram.

Ukraynada qalan azərbaycanlıların probleminə gələndə, bunun insafən səfirliyə heç bir dəxli yoxdur. (Elmira xanım da bunu söyləyib). Səfirlik alver eləmək, dükan qurmaq, pul qazanmaq üçündür. Adamın heç öz vətənində beş qəpiklik hörməti yoxdursa, ona xaricdə niyə hörmət qoyasan? Qoy ölsün öldüyü yerdə. Necə ki elə bala-bala ölürlər. Dava başlayandan neçə azərbaycanlı öz canını hörmətli hökumətimizə bağışlayıbdır. Az qala ukraynalıdan çox azərbaycanlı öldürülüb. Səbəb sadədir: orda yüz minlərlə azərbaycanlı yaşayır. Putin hara bomba atsa, mütləq bir-iki azərbaycanlının da başına düşür. Elmira xanımın hörmətli partiyasının Azərbaycanda yürütdüyü siyasətdən baş götürüb qaçmışdılar, yazıqlar orda da salamat qala bilmədilər.

Azərbaycanlıların həyatı dünyanın hər yerində risklə doludur. Dünən Tərtərdə 4 cavan oğlanı tutub 10 sutka türməyə basmışdılar, minalı ərazidən dəmir qırıntıları yığıb satmaq istəyirmişlər. Tutub basmaq yaxşı üsuldur, ancaq heç maraqlanan yoxdur ki, bu bədbəxtlər niyə minalı ərazidən dəmir qırıntısı toplamağa məcburdur? Başqa dolanışıq yerləri yoxdurmu? Bəlkə var? Varsa, deyin biz də gedək işləyək. Yoxsa burda söz qırıntısı toplayırıq, hər an qorxu içindəyik ki, birdən minaya basarıq, hökumət ayağımızı qopardar. Zarafat eləmirəm, Azərbaycan mediası bu saat əli-ayağı qopuq, gözü kor, dilsiz, kar  şikəst jurnalistlərlə doludur. Biz də belə partlamışıq...

Nəsə, zarafat dedim yadıma “Zapı” maşını düşdü. Sovet vaxtı veteranlara bu maşından verirdilər. Gülməli bir maşın idi, motoru da türkün sözü, dalında, baqaj yerində olurdu. “Pulun var, ver Zapıya, Al qoy qapıya” - belə şeir vardı, deyəsən Bəxtiyar Vahabzadə yazmışdı. Dünən gecə ruslar Zaporojye şəhərini vuranda, ordakı AES yananda ağlıma gəldi ki, bəlkə Putin öz məşhur “Zapı”sına təkər axtarır, ona görə şəhərə girib. O maşınlar bu şəhərdəki zavodda buraxılırdı. Xəbəri yoxdur, “Zapı” zavodu 30 ildir işləmir.

AES isə işləyir. Məncə problemin - elə bütün dünyadakı problemlərin - əlacı elə o stansiyadadır. Dağılsa, külək də Moskvaya və Minsk tərəfə əssə bəlkə o zaman Putin kiriyərdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR