İnsanlara hürriyət, millətlərə istiqlal!

İnkişaf nöqtəsi

1232 17.02.2022 08:10 Yazarlar A A

“Hamı mənə tərəf gəlir,

Mən durmuşam yerimdə"

(xalq şairi Ramiz Rövşən)

 

Dövlət Statistika Komitəsinin informasiyasına görə 2021-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün Azərbaycana 2397 nəfər gələn və Azərbaycandan 570 nəfər gedən qeydə almışdır, ölkə üzrə miqrasiya saldosu müsbət 1827 nəfər təşkil etmişdir.

 

Vallah, halal olsun, bravo, əhsən, başqa nə deyə bilərik? Gedənləri gələnlərdən çıxanda 1827 nəfər təmiz qazancımız olmuşdur, bu isə Azərbaycanın nə qədər inkişaf elədiyini bir daha bariz şəkildə göstərir. Deməli, dünyanın başqa ölkələrində yaşayan, zülm çəkən, həyatda qalmaq uğrunda mübarizə aparan insanlar ölkəmizə axışırlar. Şair demişkən: “Afrikadan, Hindistandan, qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar”.

 

Elə keçən ilin payızında Almaniyadan neçə təyyarə dolusu adam gəldi. Aeroportda enən kimi torpağa uzanıb öpdülər, dedilər, canımız qurban sənə, ey böyük diyar. Onların çoxu işzis, ev-eşiksiz, dilənçi kökündə almaniyalı jurnalistlər idi. Aralarında Berlində icazəsiz aksiyalarda atın nalı altında qalmış, it dişləmiş bir neçə köşə yazarı da var idi, bəlkə biz onları Milli Məclisin qəzetində işə götürdük. Humanizm yaşamalıdır.

 

Britaniyadan qaçanlar arasında isə aptek işlədənlər üstünlük təşkil edir. Onlar müxbirimizə bildirmişdir ki, əgər deputat Cavanşir Feyziyevin halal zəhmət, min bərəkətlə qazandığı funtlara qarantiya yoxdursa, bizim bu xarabada nə işimiz? Elə gedib Ağdamın Şotlanlı kəndində aptek açarıq, onsuz Şotlandiya camaatı 16-cı əsrdə oradan köçüb gəlmişdir.

 

Portuqaliyadan Kriştianu Ronaldunun qohumları, Polşadan əski papa İohan Pavelin dost-doğma nəvəsi və baldızı uşaqları, Fransadan Makronun müəllimələrindən bir qrupu, İtaliyadan “Qoza Nostra” Mülki Cəmiyyətə Yardım və İnsan Hüquqları Cəmiyyətinin Palermo və Neapol rayon şöbələrinin üzvləri, İspaniyadan general Frankonun Əndəlus vilayətində polis rəisinin müavini işləmiş dostu, Danimarkadan Lars fon Triyer, Norveçdən Tur Heyerdalın ruhu, İsveçdən Qreta bacı, Finlandiyadan Aki Kaurismyaki, İsveçrədən Elbəyi Həsənli və sairə hörmətli yoldaşlar da mühacirət üçün Azərbaycanı seçənlər arasındadır.

 

Həqiqətən bu saat Azərbaycan dünya dövlətləri arasında çox cəlbedici durumdadır. Hamı fikirləşir ki, görəsən biz nə edirik bu qədər cəlbedici oluruq. Doğrusu, bizim özümüzə də bəzən çatmır, ona görə şadlığımıza şitlik eləyirik, avtobusda, yolda-rizdə, tikdə-tokda deyinən insanlar olur. Güzəranın ağırlığından, bahaçılıqdan, işsizlikdən, korrupsiyadan, ədalətsizlikdən dəm vururlar. Mən indi yuxarıdakı rəqəmi o narazı insanlara bir daha nümayiş etdirirəm: 2397 nəfər! Vəziyyət pisdirsə, bu adamlar niyə üzü bəri qaçır?

 

Maraqlı rəqəmlərimiz çoxdur. Bunlardan daha birini “Tərtər işi” üzrə qeyd edə bilərik. Elə bunun adı nədən xəbər verir? Ay sağ ol: ölkəmizdə işsizlik aradan qalxır. Hər rayon üzrə ayrıca iş yerləri açılır. Nəticədə bu gün “Tərtər işi”, “Binəqədi işi”, “Naxçıvan iş yerləri” və sairə biznes modellərimiz formalaşıbdır. Gələk “Tərtər işi”nə. Təzəlikcə əlaqədar dövlət orqanları xalqa məlumat verdi ki, Tərtər işi üzrə (doğrusu mən bilmirəm niyə bunu dırnaq içində yazırıq, sanki qondarma “dağlıq qarabağ respublikası”, ya saxta “erməni soyqırımı”dır) 178 nəfərə işgəncə verilmişdir.

 

Ümumilikdə 296 nəfərə cinayət işi açılmış, 4 nəfər barəsində həbs qəti-imkan tədbiri seçilmişdir. Gəlin etiraf edək ki, 296 nəfərdən 178-nə işgəncə verilməsi istər-istəməz hüquq-mühafizə orqanlarımızda aparılan islahatların sürətindən xəbər verir. 10-15 il qabaq belə işlərdə uzağı 100-150 nəfərə işgəncə vermək mümkün olurdu. İndi isə 178 nəfərə işgəncə verilibdir.

 

Söhbəti çox uzatmadan mən əlaqədar orqanlara bir daha minnətdarlıq edir, yazının axırına inkişaf eləmiş nöqtə qoyuram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR