İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya mənimsən, ya qara torpağın

4795 08.03.2022 20:10 Yazarlar A A

(bəzi imperiyaların siyasi nekrofilliyi haqda fikirlərim)

Zəhləmgetmiş – Putinin Ukrayna siyasətini dəstəklədiyi üçün – rus rejissoru var, Vladimir Xotinenko. Onun 1995-ci ildə çəkdiyi “Müsəlman” adlı filmdə Əfqanıstanda əsir düşərək müsəlmançılığı qəbul edən, uzun illər sonra Rusiyadakı kəndinə qayıdan əsgərin faciəli həyatı təsvir edilir. Yazığı öz doğma anası belə başa düşmək istəmir. Nəyə görə? Elementar rus kənd həyatına zidd yaşadığı üçün. Məsələn, filmdə bir epizodda qəbir ziyarətinə gedirlər, hamı orda araq vurur, lakin qəhrəmanımız içmir. Deyir, mən müsəlmanam, içə bilmərəm. Zorla içirtmək istəyirlər! O cümlədən, bunun oğurluğa pis baxmasını həmkəndliləri qəbul etmək istəmir.

O filmin yadıma düşməyinin mənası var. Bax elə bu gün bütün dünyada Beynəlxalq Qadınlar Günü qeyd edilir. Hərə bacardığı qədər. Biri gül alır, başqası qabları yuyur, üçüncüsü də müdriklərdən sitat gətirir: “Qadın insanın dostudur”. Halbuki, biz artıq başa düşürük, dünyada qadınlar gününü qeyd etməyən məmləkətlərdə qadınlar daha xoşbəxtdir. İstəsələr baş nazir olurlar. İstədikləri kimi yaşayırlar. Daha uşaq doğmaq üçün alınan alət sayılmırlar.

Qadının adam sayılmadığı, “qabırğadan əmələ gəlmiş”, “kişinin yarısı” sayıldığı ölkələrdə qanun da yoxdur. (Qadın və qanun sözlərinin səsləşməsini indi kəşf elədim, mənə medal verin). Beynəlxalq siyasət də bunu açıq-aydın göstərir. Hansısa ölkə müstəmləkə olmaq istəmir, azadlığa çıxır. Misal üçün, Ukrayna. Ancaq Rusiya bununla barışmır, gündə vurur Ukraynanı, döyür, qan axıdır. İndiki Rusiya kriminal xəbərlərdə oxuduğumuz, “Keçmiş yoldaşını qısqanclıq üzündən baltaladı” tiplərindən qəti fərqlənmir. Balam, səni sevmirlər də, əl çək. Hansı əsrdir zorla məhəbbət olsun?

Bəyəm dövlətlər normal şəkildə “boşana”, ayrıla bilməz? Çexlərlə slovaklar 1993-cü ildə ayrıldılar, hərəsi oldu müstəqil dövlət. Bir pişiyin burnu qanamadı. Yeri gəlmişkən, bu dəqiqə Slovakiyanın prezidenti Zuzana Çaputova adlı qadındır.

2016-cı ildə Britaniya Avropa Birliyindən çıxmaq qərarı verdi. Referendum keçirdilər. Adını breksit qoydular. Səhərisi AB uçaqları Londona bomba yağdırdı? Yox. Sivil dünyada kimin nəyinə lazımdır hansı ölkə hara girir, hansı dövlət hardan çıxır? İstəyirsən, birgə yaşa, istəmirsən, xoş gəldin. Sabah ingilislərin bəlkə AB-dən təzədən xoşu gələcək, yenə qəbul eləyəcəklər. Bunda nə problem ola bilər?

2014-cü ildə, ruslar Krımı işğal edən vaxtlar şotlandlar Britaniyanın tərkibində qalıb-qalmamaq haqda referendum keçirdilər. Bəlkə buna görə ingilislər Edinburqun altını-üstünə çevirdi? Yox. Heç Mel Qibsonun kinosunu da qadağan eləmədilər. Səsvermə oldu, şotlandların 55 faizdən çoxu müstəqilliyin əleyhinə səs verdi.

Qəraib dənizində Puerto-Riko adında bir ada dövlətciyi var. Ada deyəndə balaca görünməsin sizə, ərazisi 9 min kvadrat kilometr, əhalisi 3 milyon adamdan çoxdur. “Dövlətcik” niyə yazdım, bunun səbəbi var. Puerto-Riko yüz ildən çoxdur ABŞ-ın təxminən tabeliyində olan, yarımüstəqil bir ərazidir. Nə dövlət kimi dövlətdir, nə də tam asılı ərazidir. Bir-iki il qabaq qasırğa bu adanı darmadağın eləyəndə Puerto-Rikonun statusu növbəti dəfə gündəmə gəlmişdi. Camaat xahiş eləyirdi, yalvarırdı ki, bizi ABŞ-ın ştatı elan edin, bu qeyri-müəyyənlikdən qurtulaq. Ancaq ABŞ bunu eləmədi. İqtisadi, siyasi səbəblər var, ancaq bizim regiondan baxanda o qədər gülməlidir ki, yazmağa utanıram. Üzümü tutub birini yazım, ta keçib: respublikaçılar bu adanın növbəti ştat olmasını ona görə istəmir ki, puerto-rikolular Demokrat Partiyasını sevir, ada ABŞ-a, türkün məsəli, girsə, o zaman Konqres və Senatda demokratların sayı arta bilərmiş.

Təsəvvür elə, Puerto-Riko camaatı 20-ci əsrdə düz 6 dəfə referendum keçirib, bunun hamısında 50 faizdən çox əhali “ABŞ-ın ştatı olmaq istəyirik” deyə səs verib, lakin “qəddar yankilər” adanı dövlətlərinə qatmaq istəmir ki, istəmir.

Bunu ətrafına çoxlu dövlətciklər toplayan Putinə verin, oxusun. Kim Rusiyadan ayrılmaq istəyirsə, vurub öldürür, deyir, ya mənimsən, ya qara torpağın. Ancaq dünyanın elə yerləri var camaat dövlətini xoşluqla da genəltmək istəmir.

Zamin Hacı

Xalqın artistlik eləməyi - Zamin Hacı yazır - MINVAL.INFO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR