İnsanlara hürriyət, millətlərə istiqlal!

Qudasının Zaur adlı tanışına...

1576 24.02.2022 09:50 Yazarlar A A

(şok gəlişmə)

Yevlaxda məskunlaşan kəlbəcərli köçkünün şikayətini oxudum, deyir, 2019-cu ildə oğlumu FHN-də işə düzəltmək üçün qudamın Zaur adlı tanışına pul vermişəm, lakin pul batıbdır. Nə uşaq işə girib, nə pul qaytarılır.

Burada bir neçə detala fikir verməliyik. Əgər ermənilər həmin vaxt Kəlbəcəri işğal altında saxlamasaydı, o kişi Yevlaxda məskunlaşmağa məcbur olmaz və dələduzluğa tuş gəlməzdi. Deməli, kişinin aldanmasının birinci səbəbkarı Ermənistan və onun işğalçı siyasətidir. Ermənistana dəstək verən beynəlxalq gücləri də qınayıram.

Sözarası, Rusiya-Azərbaycan arasında bağlanan müttəfiqlik sazişini dəstəklədiyimi bəyan edirəm. Kaş dünyada hamı bir-birinə müttəfiq olsun, lap ermənilər də bizimlə ittifaq qursun. Əslində 1918-ci ildə istiqlalçı babalarımız Qafqazı bir respublika şəklində görürdülər, buna çalışmışdılar, ancaq alınmadı, parçalandıq, sonra kommunistlər gəldi işğal elədi.

Kəlbəcərli kişinin aldadılmasında kommunistlərin də mənfi rolu vardır.

İkincisi, məbləğə diqqət edək. Kişi deyir qudasının tanışı ondan 7500 manat istəyib. Bu da gedib bankdan 10 min manat kredit alıb, pulun 7500-ünü Zaura verib.

Yenə haşiyə çıxıram. Niyə bu adamın adı Zaurdur? AYB sədri Anar müəllimin ölməz əsəri olan “Təhminə və Zaur” poemasında Zaur Təhminəni aldadan, onun sosial-məişət şəraitindən tələskənliklə, sui-istifadə edən dələduz kimi təsvir edilmişdir. Nəticədə uşağa Zaur adı qoyublar, bu da böyüyüb kəlbəcərli köçkünə atıb. Kimdir günahkar? Əlbəttə, mən Anar müəllimin suçlu olduğunu birmənalı şəkildə iddia edə bilmərəm, bizdə məhkəmə, istintaq orqanları var, ədalət var. Ancaq mən Anar müəllim dura-dura bu işdə başqasını ittiham edə də bilmərəm axı. Əsərin qəhrəmanını Tural adlandırsa, süjet başqa cür olardı, biz bu gün belə kriminal əhvalatı çözməyə məcbur olmazdıq. Şəxsən mən Tural adlı bir nəfər də dələduz tanımıram.

Kəlbəcərli kişinin özündə günah yoxdurmu? Var. Niyə bankdan 10 min alsa da, Zaura cəmi 7500 vermişdir? Aradakı fərq - 2500 manat hanı? Bəlkə o pulu da üstünə qoysa, uşaq artıq iş başında, fövqəladə şəkildə çalışırdı?

Hələ intervüdə deyir pulu Zaura verəndə yüzlüyün biri cırıq idi, qaytardı. Yəni ödənilən məbləğ de fakto, de yure 7400 manata güclə çatmışdır. Dövlət qurumuna, özü də bu cür məsuliyyətli, şərəfli, vacib peşəyə belə ucuz qiymət qoymaq olarmı? Bəs hanı sənin vətəndaşlığın, millətsevərliyin, soykökümüzə, dəyərlərimizə bağlılığın? 7500 manata camaat məktəbə qarovulçu düzəlmir. Bəsdir bu qədər hörmətsizlik! Ayıb olsun! Nifrətimi bildirirəm (müəllifin ağız-burnuna yumruq ilişdirib güclə sakitləşdirmişik - red.)

Hesab edirəm ki, Ailə, Qadın, Arvad-uşaq və Yengə-Baldız Komitəsi məsələ ilə bağlı açıqlama verməyə borcludur. Nəyə görə İqtisadiyyat Nazirliyi yox, bu idarə? İzah edirəm: dələduzluq edənin qurbanın qudasının tanışı olması diqqətçəkən amildir. Əgər dələduz qarşıdan gələn növbəti illərdə kəlbəcərli kişinin oğlunu FHN-də işə düzəltməzsə, ya da 7500 manatı, daha doğrusu, cırıq yüzlüyü çıxmaq şərtilə 7400 manatı köçkün ailəsinə geri qaytarmazsa, biz daha bir kəskin ailə münaqişəsinə şahid olacağıq. Ehtimal beş yüz faizdir. Axı kəlbəcərli köçkün Zauru haradan tanıyardı, əgər qudasının tanışı olmasaydı? Tam haqqı çatır pulu qudasından tələb etsin. Pul qaytarılmasa, kəlbəcərli kişinin oğlu Zaurla tanış olan qudasının qızını eşşəyin belinə tərs oturdub geri qaytarmalıdır. Ya da qızını evinə gətirməlidir - biz, təəssüf ki, qudalığın detallarından, xüsusiyyətlərindən məlumatsızıq, bilmirik kim qız verib, kim alıb. Bunlar isə vacib detallardır. Mən redaksiya rəhbərliyindən xahiş edirəm Yevlax rayonuna müxbir ezam etsinlər.

Mövzuya qayıdacağıq.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR