İnsanlara hürriyət, millətlərə istiqlal!

Özfəaliyyətimiz elə bundan ibarətdir

1655 09.02.2022 09:30 Yazarlar A A

Yaxud kontrabası tək çalmaq üçün nə lazımdır

Alimlərin elliklə tökülüşb öz müdirləri Ramiz müəllimi istefaya səslədiyini hamımız gördük. Lakin onu ora istefa vermək üçün qoymayıblar. Onun vəzifəsi elmi, alimi kor qoymaq, bir qarın çörəyə möhtac etməkdir, bunu da Ramiz müəllim, maşallah, yaxşı bacarır. Dövlətçilik təcrübəsi var bu sahədə.

Eyni zamanda ona daş atanların az qala hamısının bu və ya başqa dərəcədə günahkar olması istər-istəməz hesabı Ramiz Mehtiyevin xeyrinə dəyişdirir. Lap xeyrinə dəyişməsə də, heç-heçə yaradır. Necə ki, biz indi bu heç-heçənin şahidiyik. Qurbağalar quruldaşdılar, hacıleylək də yuvasında oturubdur.

Akademiyanın bəzi institutlarının, elmi ocaqlarının müdirləri baş akademikə daş atanlar içində fəallıq göstərdilər, lakin nədənsə biz bu fəallığı onların özündə görmürük. Ramiz müəllim 3-4 ildir AMEA-ya müdir qoyulub, lakin orada institut, muzey, laboratoriya və sairə müdirləri var ki, yalan olmasın, bəlkə 30 ildir həmin vəzifəni tutur, bir yaralı barmağa dərman olmayıbdır. Getmək lazımdırsa, birinci elə özünüz gedin! Ramiz müəllimə də örnək olun.

Yəni problem sistem problemidir, Ramiz müəllimin yerinə Zamir müəllimi qoy, heç zad dəyişməyəcək. Hələ lap pis olacaq, necə ki, başqa idarələrin timsalında şahid olmuşuq. Hər təzə nazir, hər təzə icra başçısı, rəis, prokuror özündən qabaqkının atasına rəhmət oxutdurur. (Xalqı dinə-imana gətirirlər, sağ olsunlar. Ona görə nəzirləri kartla elədilər ki, camaat əziyyət çəkməsin).

Sözgəlişi, akademiyanın necə bataqlıq olduğunu onun qucağından çıxan AXC rəhbərləri (Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Tofiq Qasımov, Sabit Bağırov, Leyla Yunus, Hikmət Hacızadə və başqaları məhz AMEA sistemindən xalq hərəkatına gəlmişdilər) 1992-ci ildə yaxşı anlamış və oranı bağlamaq istəmişdilər. Görünür, özlərinin timsalında Azərbaycan aliminin necə fərsiz, xeyirsiz, burnunun ucundan o yanı görməyən, hətta daha çox ziyanverici olduğunu başa düşürdülər. Elə bütün başqa işləri yarıtmadıqları kimi, cəbhəçilər bunu da axıra çatdıra bilmədilər, akademiya “övlad baltasından” qurtulub bugünümüzə yetişdi.

Dəli şeytan deyir yəqin Ramiz müəllim AMEA-da təzə xalq hərəkatı yetişdirir, o üzdən iqtidar onu vurmaq istəyir. Nə biləsən... Üç il qabaq kimsə “hamınız ağzı maskalı gəzəcəksiniz” desə inanan olardı?

Sistem, qanun, prinsip dərdi iki gün öncə verilən bəzi fərmanlarda da aydın göründü. Bakı Nəqliyyat Agentliyini Bakı ŞİH başçısının, Nəqliyyatın İntellektual İdarəçiliyi Mərkəzini isə DİN-in tabeliyinə verdilər. İndi gəlin fikirləşək, görək Bakı ŞİH başçısı Eldar müəllim lap istəsə belə, təkbaşına bu boyda şəhərin nəqliyyat sistemini tənzimləyə bilərmi? Onun bu iş üçün heç “kontrabası” - kadrları da yoxdur. Yaxud polis hüquq-mühafizə işi ilə məşğul olmalıdır, yoxsa hansısa avtobusun dayanacağa vaxtında çatmasına, o cümlədən salonun təmiz saxlanmasına nəzarət etməlidir? Təbii ki, polis belə işlərlə məşğul olmayacaq. Necə ki, biz yol polisinin yoldakı hansısa çalanın doldurulmasına, ya da xarab maşının motoruna baxmadığını görmüşük. Onlar ayrı işlə məşğuldur, hamı bilir, mən niyə yazıb başımı ağrıdım?

Uzun sözün qısası, dəyirman yenə köhnə qaydada fırlanacaq, baş ağrısı camaata qalacaq. Səbəb isə çox sadədir: camaat özü-özünü idarə etməlidir. Həmin nəqliyyat agentliyinin bütün funksiyalarını sivil dünyada şəhər bələdiyyəsi, seçkili orqanlar düzənləyir, idarə edir. Paytaxtın avtobus, taksi, tramvay-trolleybus tipli işlərini böyük şəhər bələdiyyəsi, yerli bələdiyyələr tənzimləməlidir. Bizdə isə Bakının heç mer seçkisi də yoxdur. Yuxarıdan aşağıya təyin edə-edə gəlirlər, nəticədə lap dibə çatanda təyinatın mənası itir. Həlqənin axırıncı adamı heç bilmir kimə, nəyə tabedir, hansı işi görməlidir. Daha dəqiqi, başa düşür ki, onu da oğurlamaq üçün ora qoyublar. Balaca siçovul kimi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR