İnsanlara hürriyət, millətlərə istiqlal!

Teleskopla dana basdırmasının kəşfi

(elmi məqalə)

“Əgər bütün kainatda həyat ancaq Yerdə olsaydı, bu çox böyük bir yer israfı olardı”
(Karl Saqan, astronom)

Ötən yazımızda Şamaxı Astrofizika Rəsədxanasının mənəviyyatımızın inkişafında rolundan bəhs eləmişdik, dərhal obyekt bizi yeni şad xəbərlə sevindirdi. Görünür bu da yaxşı əməllərin göylərdə yüksək qiymətləndirilməsi ilə bağlıdır. Axı rəsədxana Qafqaz Müsəlmanları İdarəsinə Ayın görünmə vaxtı haqda həmişə dəqiq məlumatlar verir. Budur, xəbərdə oxuyuruq: “Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) parlaqlığı çox zəif olan səma cisimlərinin fotometrik müşahidələrinin aparılması üçün “Zeiss-600” teleskopunun optik gücü artırılıb. Rəsədxanadan Trend-ə verilən məlumata görə, bunun üçün ŞAR-ın bir qrup əməkdaşı tərəfindən təkmilləşdirmə işləri aparılıb, teleskopda Celestron F/6.3 fokus reduktoru quraşdırılıb. Nəticədə teleskopun işıq gücü 1.6 dəfəyədək artırılıb. Bu isə daha zəif ulduz ölçüsünə (18m-19m) malik obyektlərin, qalaktika və dumanlıqların müşahidə edilməsinə imkan verir”. Maşallah. İsa Qəmbər demişkən, Tanrı Azərbaycanımızı qorusun. Əgər rəsədxana dindar insanlarımıza istiqamət verməsə, heç bu gün onun teleskopunda optik güc də artmazdı. Sağ əlin verdiyini sol əl bilməməlidir. Nefti olan torpağın bərəkəti çox olar. Allahdan buyruq, ağzıma quyruq. Teleskopu tuşla dumanlığa, balıq bilməsə də xaliq biləcək. Bu temada bir hədisi-şərif də var, deyir bir gün Allahşükür müəllim Çexiyadan qayıdanda aeroportda mələklərin gömrük yoxlamasından keçirmiş, baxırlar çamadanların hamısı kitabla doludur. Mələk deyir: “İndi Bakıda çoxlu kitab dükanı var, niyə xaricdən kitab alırsan?”. Allahşükür müəllim isə deyir: “Mən həyatda qazandığım bütün uğurlara görə oxuduğum kitablara borcluyam”. Hədisin ardını bilmirəm, o qədər kamil adam deyiləm.

Harda qalmışdıq? Hə, rəsədxanada. Demək, mənim yadıma gəlir, bir zamanlar Pirquluda bu obyektin hər tərəfində kababxana açmışdılar, manqalların tüstüsü alimlərə qara dəlikləri müşahidə eləməyə mane olurdu. Hətta elə vaxt olub az qalsın kainatın yaranma sirrini tapırmışlar, kimsə antrikotu gəmirib sümüyünü teleskopun ağzına atmışdı. Bir dəfə isə yeni ulduz kəşfi açıqlaması verildi, sonradan fotoçəkiliş tədqiq ediləndə bunun kabab közündən çıxan qığılcım, çınqı olması ortaya çıxmışdı.

Eyni zamanda, düzü mən bilmirəm bu optik gücün artırılması hazırda nəyə görə lazımdır. Bizim Qarabağ dərdimiz var, ancaq Pirquludan teleskopu əyib cəbhə xəttinə baxmaq çətin deyildirmi? Bəlkə də ermənilər göydəki planetləri işğal eləyirlər, nə biləsən. Həmçinin, əgər bütün bu teleskopik-optik hoqqalar sonucda Ramazanda Ayın haçan görünməsini bilmək üçündürsə, linzanın gücünü artırmaq nəyə lazımdır? Axı mənim yadıma gəlir, biz uşaq olanda Aya adi gözlə baxardıq. İndi hökumətin qərarı var, icazəsiz Aya baxmaq olmaz. İki-üç nəfər bir yerə yığışıb Aya baxsın, bu lap qadağandır. Düzgün adam, dövlətçiliyə sədaqətli insan başını aşağı salar. Sonra da “işini görər” – lətifədə deyilən kimi.

Hər halda, imansız millət olsaq teleskopumuzun gücü artmazdı. Buna görə hökumətə də minnətdarıq. Biz bilirik, onlar həmişə bizim haqqımızda fikirləşirlər. Təzəlikcə deputat Hadı müəllim bunu bir daha təsdiqlədi. Sitat: “Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək”. Əlbəttə, inanırıq. Heç and içməyə ehtiyac yoxdur. Özü də bu düşünmək qarşılıqlıdır. Dükan-bazarda, küçədə, ev-eşikdə - hər bir yerdə maddi imkanı zəif olan, ət yeməklərinə Pirqulu teleskopuyla baxan insanlarımızın Hadı müəllimi, deputatları, başqa məmurları düşündüyünə şahid oluruq. Hətta mənim yanımda Hadı müəllim haqda elə sözlər deyiblər ki, onları burada yazmağa çətinlik çəkirəm. Yanlış anlamayın, Hadı müəllim təvazökar insandır, haqqındakı tərifləri oxumaq istəməz, ona görə yazmıram.

Sonda arzu edək göydə də normal rejim qurulsun, dumanlıqlar dağılsın, marsiançiklərə Hadı müəllim kimi deputat qismət olsun, biz də gedək yenə Pirquluda kabab çəkək. Şair demişkən: “Gəl gedək Qazağa bir salam verək”.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022