İnsanlara hürriyət, millətlərə istiqlal!

Söyüş kanalı

“Dünya işi əql ilə deyil, talei-meymun

Çəkmiş nə yerə gör səni, meymun köpək oğlu!"

(Qasım bəy Zakir)

Müdriklərdən biri deyib ki, ilk dəfə əlindəki daşı yerə atıb söyüş söyən adam mədəniyyətin banisidir. Bu baxımdan, son çağlar efir məkanımızda, ya da idiot aparıcılar demişkən, “efirlərdə” söyüşün birinin bir qəpiyə olmasını alqışlayıram. Mədəniyyətimiz artır, bəs necə. Şəxsən mən heç narahat deyiləm, çünki evimizdə televizor neçə ildir işləmir (bunu fəxrlə yazmıram və telekanalizasiyalarımıza baxmadıqca milli mentalitetimizdən nə qədər uzaqlaşdığımı, manqurtlaşdığımı günbəgün hiss edirəm). Millət baxırsa, həzz alırsa, qoy davam eləsin, bundan kimə nə? Axı həmin söyüş söyən vulqar manısları neçə min manat xərcləyib toylarına çağıran elə bu millətdir. Ətlə dırnağın arasına girən iylənib çıxar. Ümid edirəm Nuşirəvan müəllim dərs alacaqdır. Yoxsa onun taleyini pis görürəm.

Mədəni sferamızda artımlar Parisdəki məşhur kilsənin yanmasından sonrakı şərhlərdə də özünü büruzə vermişdir. Deyir tanınmış hüquqşünas ekspertlərdən biri kilsənin yanmasına heyfsilənənlərə tənqidi yanaşıbdır. Bildirib ki, o, bir daş binadır, insanlar tarixi abidələrə gərək çox məhəbbətlə yanaşmasın, vaxt gələcək dünyada bunların heç biri qalmayacaq və sairə. Tanış gəldimi? Mənə çox tanış gəldi. İŞİD təfəkkürüdür. Həmin yaramaz terrorçular Suriya və İraq ərazisindəki qədim Şumer-Babil abidələrini elə bu ağılla, yanaşma ilə partladıb, göyə sovurmuşdular. Taliban Əfqanıstanın şimalındakı qədim və nəhəng Budda heykəllərini bu axmaq fikirlə partladıb dağıtmışdı. Bizdə isə, gördüyünüz kimi, əximiz (yəni qardaşımız) bu qanacaqla qəzet-məzetlərin və telekanalizasiyaların eksperti sifətində çıxış edir, millətə hüquqi dərslər keçir. Halal olsun. Güman edirəm buna tezliklə o tərəfdə huridən-qılmandan bir şey nəsib olar.

Prinsipcə, Parisdə kilsənin yanmasına sevinmək dövlət siyasətimizə də ziddir. Axı biz oralarda xeyli tarixi obyekti neft pullarımız hesabına təmir eləmişik: Strasburq kilsəsinin mozaik pəncərələri, Versal sarayının fasadı, nə bilim, Eyfel qülləsinin başındakı “Burada sabirabadlı Natiq olub” yazısının rənglənməsi və sairə. İndi “Notr-Dam” kilsəsini yanğından sonra düzəltmək üçün mütləq bizim yardıma ehtiyac yaranmışdır. Üstəlik, bizim hökumət yanğınların nəticələrini aradan qaldırmaq sahəsində son illərdə böyük təcrübə yığmışdır. Nizami rayonunda yanan “Diqlas” Ticarət Mərkəzi miqyasına görə o kilsədən heç də geri qalmırdı. (Bu müqayisəni vəhhabi-hüquqşünasımıza milli dəstək üçün yazdım. Heç kəsi tək qoymağa ixtiyarımız yoxdur. Bəlkə getdi intihar elədi?) Ancaq fransızlar bilmirəm nəyə görə tələsdilər, artıq dünən remont üçün 600 milyon dollar yığmışdılar. Bizi gözləməli idilər.

Qayıdaq manıslarımızın söyüşləri temasına. Hesab edirəm ki, bizdə ayrıca “Mədəniyyət” kanalı varsa, bir dənə də “Söyüşmə” kanalı açmalıyıq. Qoy hər kəs orada rahatca söysün-batırsın. Yoxsa söyüş də söz azadlığının bir tərkib hissəsidir və ona qadağalar qoyanda mənfi nəticələr doğurur.

Hərçənd yadımıza gəlir, bir aralar iqtidarın icra başçıları da maraqlı söyüşləri, təhqirləri ilə milləti narahat eləmişdilər. Yuxarıda oturanlar bundan dərhal nəticə çıxartdılar, indi demək olar söyüşcül başçılara nadir hallarda rast gəlinir, hətta “Qırmızı kitaba” düşmək üzrədirlər. Biz indi elə icra başçısı görürük ki, dükanı yanan satıcı ilə “qadan alım, başına dönüm”lə danışır! Fantastik irəliləyişdir. Bilmirsən icra başçısıdır, yoxsa ziyalı, müəllim, nə bilim, xalq artistidir. Məncə, manıslar o başçılardan dərs almalı, öz üzərlərində işləməlidirlər.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022