İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanadlı düşüncələr

“Əgər insanlar hamısı eyni qaydada dəli olsaydılar çox yaxşı yola gedərdilər”

(Frensis Bekon)

Qazaxıstanda prezident seçkiləri olub, bundan sonra camaat saxtakarlığa etiraz edib, polis 700-dən çox adamı dama basıbdır. Britaniyanın BBC agentliyinin rusdilli saytı isə bu haqda xəbərə “Azərbaycanda yenə Tokayev qalib gəldi” başlığı qoyub. Bir az gülməli yanlışlıqdır, ancaq nə ziyanı? Kefimiz açıldı. Atalar demişkən, yanlış da bir naxışdır.

Eyni zamanda, BBC niyə məhz bizim adımızı ora yanlış yazır? Örnək üçün, Almaniya, Amerika, Fransa-zad yazmır? Çünki bizim şöhrətimiz dünyaya yayılıbdır. Bu saat ingilislər dünyada hara baxsalar Azərbaycanı görürlər. Bəs necə. Zarafat deyil, Cahangir xanımın arvadının orda 1 milyon dollara oyuncaq almağından, keçmiş vergilər nazirimiz Fazil müəllimin az qala Londonun yarısını kürəkəniylə birgə işlətməyindən danışmayan qalmadı. Keçən ay iki ingilis komandası futbol oynamağa stadion tapmayıb Böyük Şora gəlmişdilər. Sözgəlişi, Fazil müəllimin çoxlu şirkətlərinin, dükan-bazarının olması sevindirici haldır, yoxsa dünya elə fikirləşərdi bunlar acından ölürlər, nazirə bir budka açmağa da imkan verməyiblər. İndi isə gör özündə o qədər qalıbsa, vaxtilə vergiyə nə qədər yığıbdır! Dövlət belə möhkəmlənir və qüdrətli olur.

Qayıdıram Qazaxıstan əhvalatına. Açığı, mən BBC-dən qabaq ordakı prezident seçkilərini izləyəndə doğma Azərbaycanımızı xatırlamışdım. 90-lardakı o məhşur mahnıda necə deyilirdi? “Özbək, türkmən, azər, qazax, bunlar bir soydu”. Doğrudan da, Nursultan şəhər polisinin əməkdaşları dördləşib bir nəfəri əl-ayağından tutub havada apararkən adamın ürəyi açılırdı. Sanki adam havada uçur. Baş qabaqda, ayaqlar arxada, əllər yana açılmış... Gözəl gələcəyə uçuşun mənzərəsi idi. Şübhəsiz, belə uçuşlar qazax qardaşlarımızı xoşbəxt gələcəyə aparır. Bizdə də qabaqlar hər seçkidən sonra belə uçuş mənzərələri olardı. Ancaq daha olmur, çünki biz uçub-uçub zirvəyə çatmışıq.  Nə qədər müxalifətçimiz isə belə fotolar hesabına uçub Avropada mühacir olublar. Kim deyir insanlar uça bilmir? Yalan deyir. Qanadlandıran, həvəsləndirən lazımdır. Hətta qanadı qırılan quş da uça bilər. Bu haqda hansısa kitabda oxumuşdum, düzü, indi yadıma gəlmir. O cümlədən, tək qanadla uçmaq mümkündür. Bu haqda bir 18 plyus Şəki lətifəsi var, bilənlər bilməyənlərə danışsın, mən qəzetdə yaza bilmərəm, uşaq-muşaqlar da oxuyurlar. Tətilə çıxsaydılar yenə arxayın yazardıq, ancaq dərs ilinin 15 iyuna uzadılması projesinə görə hələ məktəbə gəlib-getməlidirlər. 15 gündür müəllimlər dərslikləri yığıb atıb podvala, hər sinifdə iki-üç sınıq-salxaq şagird qala ya qalmaya, ancaq məktəblər bağlanmır. Sanki bizdə kimsə acığa düşüb bu mənasız qaydanı ləğv eləmir. Guya həmişəki kimi 1 sentyabrda başlayıb 25 mayda, lap olsun 31 mayda dərslər bitsə, nə fərqi olacaqdı?

Əlbəttə, bu da inkişafla bağlı şeydir. Dərs ili yuvarlaq olsa, uşaqlarda riyaziyyat biliyi zəifləyər. Ancaq 15-indən 15-nə gözəl olur. 15 müqəddəs rəqəmdir, deyilənə görə hər il ayın 15-də Darbalaq pirində 15 dəfə dövr edən zənən xeylaqlarının mütləq oğlan uşağı doğulur. Heç UZİ-yə saldırmağa ehtiyac olmur. Üstəlik, 40 dərəcə istidə pəncərəsi intiharı önləmək üçün bağlanmış sinifdə dərs oxuyan uşaqlar böyüyəndə Nobel mükafatı alırmış.

Hələ bu harasıdır, deyir uşaqlar universitetə imtahan veriblər, ballarını toplayıblar, ancaq orta məktəbi də bitirməyiblər. Gör nə gözəl sistemdir, adam həm şagird, həm tələbə olurmuş. Diplomunu ver, lap magistr olsun, kimə nə dəxli? Bizim öz mentalitetimiz, mənəvi dəyərlərimiz var. 80-ci illərdə Narxozun bir rektoru var idi, raykom katibi dostlarının məktəbli uşaqlarına ad günlərində diplom hədiyyə edərdi.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022