İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaloşlu nirvana

“Dədəgünəşdə təzə çıxan Palıt pirinə şəkk gətirən Mürsəl bəyin ağzı keçən həftə əyilmişdi, bu həftə biçarə çox tövbə və istiğfar edəndən sonra məzkuru haman pirə apardılar və Dədəgünəşin şeyxi Şeyx Əzim (çox müqəddəs vücuddur) bir sillə Mürsəl bəyin ağzına vurandan sonra ağzı düzəlibdir”

(“Molla Nəsrəddin” jurnalı, 2 iyun, 1906, “Qafqaz xəbərləri” məqaləsindən)

Əgər milli futbol çempionatında iştirak eləyən 8 komandanın 8-i də eyni adama məxsusdursa, bir şirkətdən pul alırsa, orada futbol nə cür inkişaf edə bilər? İnkişaf üçün rəqabət lazımdır. Mənim yadıma gəlir, bir neçə il qabaq milli çempionatda “Xəzər-Lənkəran”, “Bakı”, “İnter” kimi komandalar var idi, bunların hərəsinin arxasında bizə xoş gəlib-gəlmədiyindən, çirkli pul ya təmiz pul olmasından asılı olmayaraq, fərqli adamlar dururdular. Nəticədə ölkə futbolunda bir canlanma yaranmışdı. Camaat Bakıdan maşın tutub Lənkərana futbola gedirdi. Mənim qonşumun balaca oğlu Biləcəri yaxınlığında “Bakı” klubunun bazasına məşqə gedirdi, bütün blokumuza “Barsa” oyunçularının şəkillərini yapışdırmışdı. Hər yerdə cürbəcür fanat dəstələri görmək olurdu. İndi bunlardan əsər-əlamət qalmamışdır. Yenə xüsusi qeyd edirəm: əgər sən bir dükan açsan, ora malı öz sahəndən, öz nəqliyyat  şirkətinlə daşısan və axırda öz qullarına, özün verdiyin maaşla gəlib alver edən adamlar üçün satsan, burada nə maraq ola bilər ki? Heç bir maraq mümkün deyildir. Staqnasiya, durğunluq yaranması labüddür. Təkəlli hakimiyyətin, avtoritarizmin, inhisarçılığın belə mənfi tərəfləri vardır.

Həmçinin futbol oynamaq üçün uşaqlara yer saxlamaq lazım idi. Hər yeri maşınla doldur, istənilən beş metrlik boş yeri bina tikintisi üçün sat, bəs uşaq harada oynayıb bu zibili öyrənməlidir? Şahmat, domino, nərd deyil e bu. Bunun üçün azı 10-15 metrlik yer olmalıdır. Braziliyada uşaqlar qumda, plyajda oynayıb futbolu öyrənirlər, sonra otluğa çıxanda sürətlərinə çatmaq olmur. Çünki qumda əziyyət çəkiblər, yaşıl çəmən onlar üçün asandır. Bizdə bu da mümkün deyil - Xəzərin sahili bütün çəpərlənibdir. 

Qaloş piri söhbəti də bu temadandır. Kinoda deyilən kimi: “həmin dalğa, həmin koordinat”. Açıq etiraf edilməlidir ki, ölkə səhiyyəsi, sosial müdafiə sistemi tam iflasa uğrayıbdır. Adamlar dərdlərinə sivil, elmi obyektlərdə əlac tapa bilmirsə, pirə getməsin nə eləsin? Hər kənddə diaqnostika mərkəzi tikilmişdi, bəs nə oldu? Belə çıxır “Qaloşsürtmə mərkəzi” düzəldilməli imiş. Məncə, gec deyil. Əgər camaat kiminsə qaloşunu öpməklə sağalırsa, niyə bunu onların əlindən almalıyıq? Üstəlik, ata sözü də var, deyir, qaloş öpməklə ağız mundar olmaz (bir az üslub fərqi var, ancaq məzmunca təxminən eyni şeydir).

Pirə lağ edənləri, camaatı xürafata uymaqda qınayanları başa düşürəm. Bazara təzə rəqib girib, gözləri götürmür. Bunlar istəyir ancaq öz pirləri, öz dükanları işləsin. Yuxarıda isə mən göstərdim: belə inhisarçılığın bizə zərəri var. Əksinə, “Qaloş piri”ni dəstəkləməli, obyekti işlədən seyid qardaşlarımıza kömək eləməliyik, lazım gəlsə onlara dövlət hesabına maşın verilməlidir. Axı doğrudan da, niyə bir mollaya olar, o birinə olmaz? Düzünü Allah bilirsə, biz kimik camaatın inancına qarışırıq? Odur, Şura hökuməti də qarışırdı, axırı nə oldu? Hamısı cəhənnəmə vasil oldu, köhnə kommunistlər isə müstəqillik dövründə acından öldülər, bir raykom katibi də nazir ola bilmədi, nəinki icra başçısı...

Hərçənd ocağın nümayəndələri (düzü, belə terminlərdən o qədər başım çıxmır, bəlkə də “ocaqçı” adlandırmalıyıq) qaloş məsələsinə etiraz ediblər, camaatın başına sürtülən, polietilen torbaya bükülü əşyanın rəhmətlik seyidin papağı olmasını açıqlamışlar. Bu da lazımsız etirazdır. Guya qaloş olsa pisdirmi? Müqəddəs adamın hər yeri müqəddəsdir. Biri papağına pir düzəltsin, o biri qaloşuna, sən də götür şalvar piri aç. Seyidin hər corab tayına bir pir açsaq, gör nə qədər adam sağalar. Paxıllıq nəyə lazım? Hər halda, sağ ayaq yerinə sol ayağı kəsən xəstəxanadan yaxşıdır. Burada heç olmazsa bilirsən səni yod, bint, qayçı, həkimin arvadına pomada, uşağına pampers, maşınına təkər almağa göndərməyəcəklər. Nəzirini ver, qaloşu öp, cəhənnəm ol xarabana, otur gözlə. Deyirlər adamlar sağalırmış. Şübhəsiz. Qaloşu öpəndən sonra əslində adam nirvanaya, vəhdətül-vücuda yüksəlir, həyat-məyat aşağı söhbətlərdir.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022