İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel ödülü haqqında hədis

“Mən özüm görürəm ki, siz avam adamsınız, yazıq adamsınız, heyvan adamsınız və sizin avamlığınız və heyvanlığınız bundan isbat olunur ki, nəçərnik buyuranı başa düşmədiniz, lazım gəldi ki, mən sizləri başa salam”

(Cəlil Məmmədquluzadə, “Danabaş kəndinin məktəbi”)

Görkəmli təhsil ekspertimiz Etibar Əliyev deyir ki, orta məktəb dərsliklərinə Nobel mükafatı qalibləri haqda bilgilər salınmalıdır. Doğrudan da ədəbiyyatdan tutmuş fizikaya, kimyadan sülh ödülünə qədər müxtəlif nominasiyalarda Nobel almış insanlar var ki, onların həyatı, kəşfləri, kitabları uşaqlara öyrədilsə sonucda hamımıza xeyirdir. Vətənə, millətə, Sakaryaya - necə deyərlər. Ancaq ilk baxışdan belədir. Bizim uşaqların saf beynini Nobel ödülü alanlarla, ümumiyyətlə, dünya miqyaslı şəxsiyyətlərlə zibilləmək lazım deyildir. Uşaq həyatda başını salamat eləmək üçün nəyi öyrənsə bəsidir? Mən bəzi sərbəst mövzuları yazıram: “8 martın müəllimələrin həyatında ictimai-siyasi rolu”, “Məktəb direktorunun bələdiyyə seçkilərində qolu”, “Maarif müdirinin təhsil kassasına yolu” və sairə. O cümlədən uşaqlar başını aşağı salıb yaşamağı, özündən vəzifəcə böyüyə yalmanmaq, vəzifəsi olmayan aşağı kateqoriya adamları qapmaq, evlənməyin və özün kimi mənasız çoxhüceyrəli canlılar törətməyin kainatdakı əhəmiyyəti mövzularını öyrənməyə borcludur. Yoxsa sən get 3-4 gün qabaq ölən fizik alim Jores Alfyorov-un yarımkeçiricilər üzrə nəyi kəşf elədiyini, Boris Pasternak-ın hansı romanı yazdığını, nə bilim, 14-cü Dalay Lama-nın Nobel sülh ödülünü neçənci ildə və nəyə görə aldığını bizim sarıdimdik, burnufırtıqlı cocuqlara öyrət - bunu Allah götürməz.

Allah demişkən, dinin tədrisi mətkəblərimizdə olduqca qəşəng formalarda aparılır, heç ruhumuz incimir. Hansı kitabı açsan, orada cürbəcür hədislərə, rəvayətlərə, əfsanələrə rast gəlirsən. Nəticədə güman edə bilərik ki, biz özümüz cəhənnəmdə yansaq da, uşaqlarımız cənnətdə kef çəkəcəkdir. Çünki biz uşaq olanda Maksim Qorki, Vladimir Mayakovski, Lev Tolstoy, nə bilim, Cek London və Viktor Hüqo kimi kafirlərin cızmaqaralarını oxuyub əzbərlərdik. İndiki uşaqlar isə Allah yolunda tərbiyə alırlar.

Misal üçün, açıram 4-cü siniflərin “Azərbaycan dili” dərsliyini. 2015-ci ildə çapdan çıxan bu kitablar kitabını Rafiq İsmayılovdan Xanım Qasımovaya qədər 4 adam birlikdə, çətinliklə yazıb doldurubdur. Kitabın hər səhifəsindən hikmət damır. Açan kimi düşdük 112-ci səhifəyə. Burda Ərəbistandakı Zəmzəm suyunun möcüzələrindən xeyli yazılıbdır. Bağlayırıq, bu dəfə açırıq və düşürük 185-ci səhifəyə. “Dəvə ilə ver” adlı yarıfəlsəfi, yarıyumoristik hədis bizi yenə Ərəbistana aparır. Deyir, Həzrət Əli bir gün xurma yüklü dəvə ilə gəlirmiş, dilənçi ondan xurma istəyir. Həzrət Əli köməkçisi Qənbərə deyir, buna xurma ver. Qənbər deyir xurma çuvaldadır, ağam. Həzrət Əli deyir çuvalla ver. Köməkçi deyir axı çuval dəvənin belindədir. Həzrət deyir, dəvə ilə ver. Qənbər əmri yerinə yetirir, çıxıb gedirlər. İndi, sizcə, bizim uşaqlar bundan nə öyrənəcəklər? Dilənçi səndən 20 qəpik istəsə, maşının varsa, onu da dilənçiyə verməlisən. Gör nə qədər humanizm aşılanır! Nə isə, bağlayıb təzədən açaq. Bu dəfə 136-cı səhifənı açdıq. Orada iki dost uşaqdan danışır. Bunlardan biri Narxozu qurtarıb bankda işləyir, pullu oğlan olur. O biri isə Misirdə mollalıq oxuyub gəlir, kəndin axundu işləyir. Narxozu qurtaran bir gün eşidir ki, molla bunun qeybətini edir. Gəlir mollanı tapır, soruşur niyə belə demisən, molla deyir yalandır, mən əksinə, səni tərifləyirəm: “Sən xeyirxah adamsan, körpü tikmisən, su çəkmisən, camaata yardım edir, istedadlı uşaqları oxudursan. Ancaq bir məscid də tiksən yaxşı olar”. Bankir də söz verir məscid tikəcək. Vəssalam, bununla da fısqırıq əhvalatımız bitir.

Lakin əsərdə bir neçə siyasi səhvə yol verilib, düşünürəm, Təhsil Nazirliyi buna diqqətlə yanaşmalı, kitabı yazan dördlüyün qulağını dartıb, küncə qoymalıdır. İlk növbədə bu cümləyə diqqət edək: “Ələsgər isə Misirə gedib ilahiyyat elmini öyrənməyə başladı”. Bəyəm nazirlik bilmir ki, bizdə xaricdə din oxuyanların axund işləməsi qadağandır? Özümüzdə, namxuda, min cür dövlət dini məktəbləri vardır, hətta istəsən mollaya dövlət büdcəsindən maşın və təsbeh veririk. İkincisi, iqtisadiyyatı oxuyan uşağın bankir olması istər-istəməz yadımıza Cahangir Hacıyevi, onun Londonda 150 milyon dollarlıq bazarlıq edən əyalını, külfətini salır. Kitabın gələn nəşrlərində bunu ayrı iqtisadi peşəyə yönəldin, misal üçün, fermer olub pambıq əksin, camaata bayram yarmarkası açıb armud satsın, nə bilim, neft çıxartsın, qaz kəməri çəksin... Bankirin səxavətli olması, messenatlığı pis çıxır. Üçüncüsü, elə bu yoldaşın kəndə körpü çəkməsi, uşaqları oxutdurması və sairə sanki işarə vurur bizdə regionların inkişafı dövlət proqramı iflasa uğrayıbdır. Yalandır. Ermənistan boşalır, bundan yaz.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022