İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsləhət görülən vətənimiz

“Qəzanın gərdişin gör kim, verib bu Şişə şəhrində
Gəlib bir naqisü-nadan yapa köşkü saray, knyaz”.
(Qasım bəy Zakir)

Başlıq oxudum: “Həkim həkimi öldürdü”. Deməli səhiyyə sahəsində də islahatlarımız artıq öz nəticəsini vermişdir. Əgər qabaqlar həkimlər ancaq sadə zəhmətkeşlərimizi öldürməyi bacarırdısa, indi öz yoldaşlarına girişmişlər. Ancaq bu əziz gündə (bizdə ilin 365 günü əziz gündür) mövzumuz ayrıdır.

Rusiyanın hüquq-mühafizə orqanlarından birinin – Rosqvardiyanın (təxminən səlahiyyətlərinə görə bizim Daxili Qoşunlarla Çevik Polis Alayının sintezinə bənzər bir idarədir) Novosibirsk şəhərindəki bölməsi öz əməkdaşlarına məzuniyyət, istirahət üçün məsləhət bildiyi 14 ölkənin siyahısını hazırlamışdır. Bunlar Belarus, Vyetnam, Qırğızıstan, Çin, Kuba, Abxaziya, İndoneziya, Cənubi Osetiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan, Tacikistan, Qazaxıstan və... Azərbaycandır! Məncə, rusların bu addımı çox yerinə düşdü, ingilislərin mənasız hay-küyünə, “Bakıya getməyin, orda erməniləri sevmirlər” şivəninə əla cavab oldu. Xüsusilə siyahıda yanaşı olduğumuz cənnət diyarların adları adama zövq verir, ürəyini açır. Elə Rosqvardiya rəhbərliyi də ölkələri hansı kriteriyalara görə seçdiyini sənədin başında yazmışdır: “Bu ölkələrdəki hərbi-siyasi, kriminogen, təbii-iqlim, sanitar-epidemioloji şərait hərbi qulluqçularımızın məzuniyyət dövrünü təhlükəsiz keçirməyinə təminat verir”. Fəxr elədik. Doğrudan da adamın əməyinə, ölkəsinə yüksək qiymət qoyulanda ürəyi açılır. Demək uğurlarımızı görənlər varmış. Xaricdən maliyyələşən qüvvələrin hamısı qara deyil.

O cümlədən, görürsən hansısa universitetimizin rektoru özünə 500 min dollarlıq maşın aldı. Halbuki, xaricdə rektorlar məktəbə velosipedlə gəlib-gedir. Ancaq bizdə tələbələrin məzlum valideynləri hər il yüksək sürətlə inkişaf edib artan təhsil haqqını canı çıxıb ödəyirsə, niyə rektor bahalı maşına minməsin? Yaxşı eləyirlər. Atalar sözümüz var, deyir: “Yedin dadındır, verdin adındır, qaldı yadındır”. Pulu orda saxlayıb öldürməyin mənası yoxdur.

Qayıdıram yenə Rosqvardiyanın etibarına. Görün nə yaxşı adamdırlar, heç namərd ingilislərin tayı deyillər. Çünki yeri gələndə bu saat nə qədər azərbaycanlı Rusiyada işləyib evinə pul göndərir. İngilislər isə bizim pullarımızı sümürür. Oğurlayırlar. Misal üçün, Beynəlxalq Bankın dustaq müdirinin arvadının neçə milyonunu tutub aldılar. Bircə Fuad bəyi də buraxsalar ruslarla aramız lap düzələrdi. Ümid edək Polad müəllimin gərgin əməyi nəticəsini verəcəkdir. Amma verməsə də elə bu dava-qırğında Araz Əlizadəyə verdiyi cavab xalqımızın ürəyinə yağ kimi yayılmışdır. Əsl diplomatik cavab idi. Hətta bir qədər şişirdib deyərdim ki, Polad müəllimin Araz müəllimə cavabı Qasım bəy Zakirin məhşur tarixi həcvləri qədər koloritli, iti idi. Qarabağlı genləri yəqin rol oynamışdır. Həmin sitatı böyük ləzzətlə burada təkrar çap eləməkdən məmnunluq duyduğumu bildirirəm: “Mən heç bir verilişə politoloq soxmuram. Ancaq lazım gəlsə nəyi hara soxmağı Araz Əlizadəyə başa sala bilərəm”. Vallah, tam səmimi deyirəm, Polad Bülbüloğlu indən belə bir dənə mahnı oxumasa belə bu cümləsinə görə tariximizə qızıl hərflərlə yazılacaqdır. Biz bu cavabın işığında hətta gələn Novruz bayramında Cıdır düzünə qalxa bilərik! Araz müəllimə isə qəzetimiz vasitəsiylə dərin hüznlə başsağlığı verir, çox da kədərlənməməyi tövsiyyə edirəm. Necə olmasa öz səfirimizdir. Yad adam deyil ki?

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022