İnsanlara hürriyət, millətlərə istiqlal!

İslahatların lokomotivi

“Pələngin belinə çıxmaq, oradan düşməkdən asandır”.

(Çin ata sözü)

Deyir MDB-də hesablama aparıblar, guya bizim dəmiryolu səmərəlilik baxımından 1-ci yeri tutubdur. Dünyada isə, yalan olmasın, haradasa 2-ci yerdə imiş, bircə Yaponiya bizi ötübdür. Əlbəttə, saatda 300-400-lə gedən qatarları olan yaponlara çatmaq bir az çətindir, ancaq bu minvalla çatarıq, hələ keçib tozanaq da buraxarıq. Çünki mənim yadıma gəlir, yayda başqa idarə hesablama aparmışdı və bizim dəmir yolu milyard yarım zərərlə ortaya çıxmışdı, bundan başqa, dövlət büdcəsindən yardımlar olmasa bir qatarımız “fıs-pıs, tak-turuq, çax-çux” eləməz. İndi özün bax, əgər biz o boyda zərərlə birinci yerə çıxmışıqsa, gələn il zərərin iki-üç milyarda çatması ehtimal edilsə, Yaponiyanı ötüb keçmərikmi? Keçərik, hələ imperator Naruhitonun anasını ağladarıq. Hətta ola bilər Biləcəri-Türkmənbaşı-Ulan-Bator-Osaka marşrutu üzrə təzə İnək Yolu marşrutu işə salıb Tokioda məktəblilər üçün ayaqyolu qayrılmasına maddi-mənəvi yardımlarımızı əsirgəməyək.

Sözgəlişi, bu yaxında maşın yolu idarəsinin müdiri rayonda prezidentə məruzə edərkən gopa basmaq istədi, lakin yerindəcə ifşa edildi. Deyirdi guya burada hansısa kəndə çəkilən yoldan 40 kənd istifadə edəcəkdir. Prezident isə ona bildirdi ki, şişirtmə, bu rayonun cəmi 60 kəndi var. O anda mən AzərTAc-ın hələ keçən ilin oktyabrında (söz vaxtına çəkər) yaydığı informasiyanı xatırladım. Yaxşı xəbər olduğundan indiyəcən yadımda qalıbdır. Yazmışdılar ki, Zaqatalada təmir edilən filan-filan kəndlər arasındakı yoldan təkcə yerli sakinlər istifadə etməyəcək, həm də... yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişi rahatlaşacaqdır. Yəni ola bilər sən Yevlaxdasan, Lənkərandan, Füzulidən, nə bilim, Gürcüstanın Qardabani rayonundan gəlib o yoldan keçirsən, sənin də gəliş-gedişin rahat olacaqdır.

Bunu niyə xüsusi vurğulayırıq? Çünki bizdə hərənin öz yolu vardır. Bizim hətta respublika olaraq öz milli-suveren-demokratik yolumuz başqa dünya yollarından fərqlənir. Müxalifətimiz Rəsulzadə-Elçibəy yolu ilə gedir. İnşallah, hökumət bu yolu da babat təmir eləsə yaxşı olardı, yoxsa hər il karikatur dəyirmi masalara-zada toplaşıb dağılışırlar. Dünən Əli İnsanovla Hikmət Hacızadənin birgə uzun demokratiya yoluna çıxmaqlarını da müşahidə edib xeyli güldük, sağ olsunlar. Finişə elə çox qalmayıbdır, inşallah, 91 kilometrdən dönüb mənzil başına çatırıq.

Yavaş-yavaş bütün sirlər açılır. Misal üçün, Bakı şəhərində bəzi həyətlərdə, məktəblərin içində, vətəndaşların belində eybəcər binaların tikilməsini öyrəndik. Halbuki biz elə zənn edirdik Bakı ancaq gözəlləşibdir. Bəs Bakımızın sifətinə bu çapıqları hansı yaramazlar atmışdır? Güman edirik burada hansısa xaricdən maliyyələşən qara, ermənipərəst, marsiançik qüvvələrin əli olmuşdur. Gizlicə gəliblər, göydələni tikib qaçıblar. Gecələr, əhali seçkilərdə, Antalyada istirahətdə olanda, müxalifətin mitinqinə gedəndə, milli dəyərlərimiz uğrunda xınaqoydu mərasiminə qatılanda məhəllənin nəzarətsiz qalmasından yararlanan bu mənfur qüvvələr yüksək sürətlə göydələnləri tikib aradan cırmağı bacarmışdır. Şəxsən mən bu yazı vasitəsilə onlara dərin nifrətimi bəyan edirəm: Allah başınıza daş salsın. Tikdiyiniz evin armaturu qəbrinizə döşənsin. O dünyada cəhənnəmin qanunsuz tikililər bölgəsində yanasınız. Zəqqutum ağacını kəsməyiniz üstündə İnkir-Minkir tərəfindən əlli pazla cəzalanasınız. Qarğışlarım çoxdur, ancaq mən islahat tərəfdarıyam. 

İndi nə edəsən? Sökəcəksən, ətraf toza bürünəcək, sonra gəl Qreta Tunberqə cavab ver. Yaxında da deyil, aparıb məktəbin 3-cü mərtəbəsindən başı aşağı buraxasan. Əlac yoxdur, gərək binalar qalsın. Biz indi çalışmalıyıq Xutorun, Keşlənin, Biləcəridə O tay qəsəbəsinin arxitektura görünüşünə, estetikasına, nə bilim, etikasına ziyan dəyməsin. Şair demişkən, ölən öldü, qalan sağlar bizimdir.

Sonda üzümü yaponlara tutub demək istəyirəm ki, adam kişi olar, parovozu bir saniyə dayandırın, biz keçək. Tələsən yerimiz var.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022