İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal günü üçün repertuar

“Rəbiüs-sani ayının 8-də Həzrət Həvvanın öz günüsü ilə vuruşan günüdür. Hər kəs öz arvadını döyüb baş-gözün dağıtsa, elə bilsin yüz kəniz azad elədi və əgər vurub öldürsə, qiyamət günü ona sual-cavab yoxdur”

(“Molla Nəsrəddin” jurnalı, 12 may, 1906)

Vətənpərvərlik sezonunun açılışını müəyyən dərəcədə uğurlu hesab edə bilərik. Bir nəfər manısı Laçının işğal günündə oxuduğu yerdə yaxalamışıq, İsraildə bayrağımızı tərs asmaqlarını və xəritəmizin bir tərəfini yeməklərini aşkara çıxarmışıq.

İlk növbədə İsrailin kürəyimizə xəncər saplamasına qəzəbliyik. Axı biz onlarla qardaş-dost ölkə idik. Aramızdan, yalan olmasın, neft də keçmirdi, su bir yana qalsın. Biz onlar üçün işləyirdik, onlar da özləri üçün - Hacıbaba müəllimin bir obrazının diliylə desək. Mehribançılıq o dərəcədədir ki, Bakıda hər yerdə mason piramidası ucaldılıbdır. Avtovağzaldan Musavatın embleminə qədər. Hətta bizdə hazır dövlətçilik konsepti vardır, metroların üstündə mütləq piramida olmalıdır. Bəs indi yəhudi qardaşlarımız bizə qarşı niyə bu namərdliyi elədilər? Biz sizin bayraqdakı David ulduzunun böyrünə aypara çəksək, xoşlanarsınız? Yaxud xəritədə Colan təpələrini İranın torpağı kimi göstərsək? Heç yaxşı eləmirsiniz. Üzrxahlıq gözləyirik. Bu saat hamı üzr istəyir, təzə trenddir.

Laçının işğal günü oxuyan manısın əhvalatına gələndə, burada məsələ bir qədər qəlizdir. Eyni zamanda uzun söhbətdir.

Öncə biz vətənpərvərlik sezonunun Laçınla açılmasına diqqət çəkək. Bundan qabaq 20 Yanvar, Xocalı, Şuşanın işğalı kimi faciələrimiz olmuşdur, lakin həmin günlər manıslarımız özlərini bərk tutub oxumadılar. O cümlədən rəqqasələrdən də oynaqlayan, deyəsən, olmadı. Xeyli jurnalist nəticədə çörəyindən oldu, çünki biz əlimizdə qələm-kağız, mikrofon və sairə zəruri iş alətləri tutaraq vətənpərvərliyin keşiyində durmuşuq, onu göz bəbəyi kimi qoruyuruq. Hünəri var bircə manıs işğal-faciə günlərində mıqq eləsin. Dərisinə saman təpərik. Təpəsinə bayrağımızı sancarıq. Bəlkə rayonlar əldən gedəndə bu cür sayıq olsaq heç indi ermənilərdə də toy olmazdı. Ancaq nə ziyanı? Gec olsun, güc olsun.

Sadəcə, bu Laçının işğalı bir az pis vaxta düşdüyündən adətən diqqətdən kənarda qalır. Bu mənada Laçın nakam rayondur. İzah edim. Misal üçün, Şuşa gedib 8 mayda. Biz bunu dəqiq bilirik. Hər halda, 9 mayda gedəsi deyildi ki? Qələbə günü də lazımdır. Millətin Qələbə günü olmasa onu apar at millətsiz bir yerə. Rayonların topdan verilməsi isə yaya düşüb. Laçın qalıb arada. O üzdən, küçədə sorğu keçirdəndə də hərə bir tarix deyir. Biri deyir, 17 maydır, o biri deyir, 18 maydır. Elə son aşkara çıxarıb tərəfimizdən götürülən manıs da guya günahını yumaq üçün konserti 18 mayda verdiyini söyləyib: “İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub”. Sitatın sonu. Gör necə qəşəng xırdalayır. Ancaq təəssüf ki, Vikipediyada Laçının işğal günü 18 may yazılıbdır.

Manıs yoldaşları da qınamıram, onların durumu çox çətindir. İnsaf naminə bunu qeyd eləməliyik. Nəyə görə? Misal üçün, 17 mayda, 18 mayda hər hansı başqa peşə yiyəsi öz işi ilə məşğul olanda onu qınamırıq. Jurnalist cızmaqarasını edir, xiyar satan xiyarını satır, icra başçısı şikayətçilərə atır, nə bilim, aktrisalar səhnədə yatır (qafiyə üçün yazdım, heç bir mənası yoxdur), ancaq buna görə biz onları pisləmirik. Ara yerdə qalır yazıq manıs tayfası. Özü də bizdə ilin faktiki hər gününə düşən faciə, işğal ildönümləri tapa bilərsən. Çünki Qarabağdakı hər kəndin, el-obanın da özünün işğal tarixi, qırğın-qiyaməti olubdur. Bölüşdürəndə, manıslara oxumaq üçün faktiki gün qalmır.

Sonda bir sual da mənə qaranlıq qalır, onu yazım: “Laçının işğal günü ”Ay Laçın" xalq mahnısını oxumaq günah sayılırmı?" O cümlədən konserti ancaq ağlamalı mahnılardan versən, necə?..

 

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022