İnsanlara hürriyət, millətlərə istiqlal!

Əjdaha kimi şəhər

“Əslində heyvanın torpaq rəngli dərisi, heysiz gövdəsi qorxunu onların canından çıxartdı. Bütün bunlar həddindən artıq qocalığın əlamətləriydi. Əjdaha əgər bu idisə, yaman qocalmışdı, ölüm ayağındaydı”.

(Dino Buzzati, “Əjdahanı necə öldürdülər” hekayəsindən)

Bakı Beynəlxalq Avtovağzalının yanından keçirdim, kimsə dedi: “Buranın açılışı oldu”. Sən demə hadisə 2-3 gün qabaq baş vermişdir. Doğrusu, bu avtovağzal neçənci dəfədir açılır - mən bunun hesabını itirmişəm. Rəhmətlik nəqliyyat naziri Ziya müəllim paytaxtımız üçün elə bir problem qoyub gedibdir ki, yüz illərlə əlləşsələr düzəlməyəcəkdir. İndi də avtovağzala girişi hərlədib-fırladıb, yalan olmasın, Xocahəsən gölü tərəfdən eləyiblər. İçəridə isə əcaib labirint düzəldiblər, guya avtobuslar burada dayanacaqdır. O labirinti canlı görməyə dəyər, şəxsən mən bu mühəndis həllinə xeyli güldüm. Planı, projeni kim cızıbsa onun məhşur elektron oyun “Snake” (İlan) azarkeşi olmasına yüz faiz əminəm. Çünki avtobus meydana bir başdan girib ilan kimi qıvrıla-qıvrıla sərnişinləri “udmalı” və yoluna davam etməlidir. Hər halda buna da şükür. GTA oyununun, ya da zombi hücumu tipli oyunların xəstəsi olsa nə edərdik?

Növbəti dəfə yenilənən şeylərdən biri də Bakının baş planıdır. Xəbər lentində gözümə dəydi: paytaxtın baş planı təxminən 6 milyon dollara hazırlanacaqmış. Görəsən bu, Bakının neçənci və kağız üzərində qalan baş planı olacaqdır? Sanki Bakı əjdahadır, bunun baş planları da çoxludur. Dövri olaraq bizdə belə planlar ortaya çıxır, yalandan müzakirə edilir, şəkillər çəkilir, ancaq sonra yenə baxırsan hansısa qədim binanı söküb yerində xruşşovka-göydələn ucaldıblar. Hazırda Bakının mərkəzi çoxlu belə axmaq binalarla doludur. Yadıma düşənlərdən 3-4-ünü yaza bilərəm: “28 may” tərəfdə, Mərkəzi Bankla qonşu 24 qatlı bina, Nəsiminin heykəlinin yanında Heydər Babayevdən “yadigar” qalmış, oranın panoramını tamam pozan biabırçı tikili, keçmiş Hüsü Hacıyev küçəsində, Şahmat Klubu ilə üzbəüzdəki, Oqtay müəllimə aid edilən bina və sairə. Bakının indiyə qədər baş planı olubsa, bunlar nədir, olmayıbsa, indi tikilib ortaya çıxan nədir? Tarix baxımından gecəqondunu adamların, yoxsa dövlətin tikməsinin hansısa fərqi varmı?

Belə mənzərələrin ortaya çıxmasının isə səbəbi odur ki, paytaxtın idarəçiliyində onun sakinlərinin fikri, rəyi heç kimin vecinə deyildir. Sivil dünyada hansısa şəhərdə baş plan bir yana qalsın, adicə küçəyə səki salınanda orda yaşayanlardan soruşurlar, öyrənirlər. Bələdiyyə seçkiləri həm də bunun üçündür və Bakının böyük şəhər bələdiyyəsi yoxdur. Başqa müzakirə aparmağımızın mənası varmı? Bakı Avropada meri seçilməyən yeganə paytaxt şəhəridir. Bu, çox şeydən xəbər verir. Hətta formal və saxta bir seçkini də paytaxta qıymırlar. Görəsən niyə? Olmaya camaata etibar eləmirlər? Fikirləşirlər millət paytaxtı daha pis günə salar? Hər halda, iki baş bir başdan ağıllıdır, idarəçiliyin müzakirə, şura formaları avtoritar metodlarından daha səmərəlidir - yenə dünya təcrübəsinə istinad eləsək. İri şəhərlərdə bütün tikililər, planlar mütəxəssislərin, medianın, sakinlərin iştirakıyla, tender və müsabiqələrlə aparılmalıdır.

Ancaq Bakı metrosuna 7 ədəd yeni ventilyatorun alınacağı xəbərini müsbət hadisə kimi qarşılayırıq. Ümid edirik heç olmazsa qarşıdakı isti yay aylarında yeraltı tunel və qatarlarda boğulmarıq. Bakı metrosunda havalanma doğrudan ciddi problemdir. Stansiyaları mərmərlə üzləmək, divara mozaika yerləşdirməklə iş aşmır ki. Metro praktik, tibbi, iqtisadi baxımdan səmərəli olmalıdır. Yoxsa baxırsan stansiyanın üstündə Xeopsun ehramını şüşəbənd formada tikiblər, stansiyaya hava vurmağa isə qurğu yoxdur. Nəticədə camaat bu ehramlardan mumiyalanmış vəziyyətdə çıxır. Hələ bəzi stansiyaların cəmi bir giriş-çıxışı olması kimi əcaib, təhlükəli halı demirəm. Tutaq ki, bu, Sovet hökumətinin səfehliyinin nəticəsi idi, bəyəm o dağılandan keçən 30 il ərzində problemi düzəltmək olmazdımı? 

Dəli şeytan deyir ki, bəlkə biz sovet hökumətini də təzədən yıxmalıyıq?

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022