İnsanlara hürriyət, millətlərə istiqlal!

Budaq məndə, narı səndə

“Kərəməli - Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən?

Hacı Qara - Başburt lazım deyil.

Kərəməli - Elə olsa mən getmənəm. Mən bir yol burdan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı canımdan çıxmayıbdır"

(Axundov, “Hacı Qara” pyesindən)

İranla sərhəddə atışma olub, 1 sərhədçi əsgərimiz öldürülüb. Dövlət Sərhəd Xidmətinin informasiyasından belə aydın olur İrandan silahlı şəxslər Azərbaycana keçmək istəyiblər, əsgərlərimiz onların qarşısını alıb. Bu nə deməkdir? Silahlı şəxslər kimdir? Vaxtaşırı sərhəddə olan bu tip lokal, xırda hərbi giriş cəhdlərinə İran hansı izahatı verir? Sanarsan orda hansısa müharibə gedir. Bu nə qonşuluqdur, bu necə dövlətdir (İranı nəzərdə tuturam, əlaqədar orqanlar pis anlamasın)? Əgər İran öz ərazisinə nəzarət edə bilmirsə, orda quldur dəstələri at oynadırsa və hərdən Azərbaycana keçmək cəhdi edirlərsə, açıq etiraf eləsinlər, biz də işimizi bilək, gedək özümüz orda qayda yaradaq. Necə ki, başqa dövlətlərin xaricdə antiterror təcrübələri olur. Yox, bu terrorun arxasında İran dövləti durursa (şəxsən mən buna inanmaq istəməzdim), niyə bizim XİN quru bir bəyanat, nota verməyə də qorxur? Əcəb islam dövlətidir. Haçan baxsan sərhəddə kilolarla narkotik gətirənlər tutulur. Elə bil orda Marksın “Din xalq üçün tiryəkdir” aforizmini sözün əsl mənasında başa düşüblər və həyata keçirməyə çalışırlar. Dini ixrac eləməyi dövlət siyasəti olaraq qəbul ediblər, bunun böyrünə tiryək ixracını da yazsalar yerinə düşər.

Elə biz jurnalistlərdən də xahiş eləsələr İrandakı qanunsuz silahlı dəstələri tərksilah edə bilərik. Bu saat bizim buna hər cür potensialımız var. Biz təkcə qəzet çıxardıb, reportaj verib, efir qayırmırıq ki? Azərbaycanda jurnalistlər bütün həyat sferalarında aktiv fəaliyyətdədir. Misal üçün, keçən il bir qrup jurnalist şəhidlərimizin ruhuna ehsan vermişdilər. Ondan qabaqkı il küçədən imkansız uşaqları tutub sünnət eləmişdik. Ta inişil (keçən ildən qabaqkı ildən qabaqkı il - düzü bilmirəm dilimizdə bu zaman vahidi var, yoxsa onu da mən kəşf elədim; təzə söz düzəltmək bizim fəaliyyətin bir qoludur) “Xınayaxdı” Media Mərkəzi düzəltdik. Orada yeni evlənənlərə ən müasir üsullarla tatu edilməsi öyrədilir. İstəsən əlin üstünə həna ilə qəzet yazısı həkk edilir. Bir jurnalist həmkarımız 2 manata Yasin oxuması ilə məşhurdur. Uzun sözün qısası, dünən də bizim hörmətli media zəhmətkeşləri Ekologiya Nazirliyi ilə birgə ağac əkmişdir. Bu məqsədlə Bakıda bir ərazi icarəyə götürülmüş, hər bir jurnalist ağac basdırmış, ona böyüyənə qədər su, gübrə və yaxşı xəbərlər verəcəyini vəd etmişdir.

Dədə-baba adətlərimiz belə yaşadılır. Axı müdriklər demişdir, hər bir jurnalist həyatında bir dəfə ağac əkməli, ev almalı və yazıb-yaratmalıdır. İkisini eləmişdik, indi ağac qalırdı. Şükür. Nakam ölmədik. Ölmək demişkən, qabaqlar jurnalistlər canından bezəndə pis yazılar yazır, dama çıxıb intihar edir, ya da kiminsə, başqasının əkdiyi ağacdan özünü asmağa üstünlük verirdi. Daha buna son qoyulur. “Jurnalistlər bağı” ixtiyarımızdadır. Hətta bu ağaclar böyüyəndə kəsib əlavə dəyər vergisindən azad qəzet kağızı kimi istifadə edə bilərik! Şair bu yerdə gözəl demişdir: “Başı kəsik gözəl kötük, baltanı sənə kim vurdu, bıçağı sənə kim çəkdi?” Ya da başqa şeirdə bu temaya daha məhəbbətlə toxunulmuşdur: “Sevgi adlı bir ağacıq, Budaq məndə, narı səndə”. Hmm. Zülümə bax.

Qayıdıram sərhəd temasına. Bu sərhəd pozuculuğunun tarixi əslində qədimdir. Hələ 80-ci illərdə Qarabağın İranla sərhəd zonasında yaşayan adamlardan eşitmişəm, onlar deyirdilər ki, həmişə Arazın o tayından hansısa qaçaq-quldur gəlib bizim sürüləri oğurlayıb aparmaq istəyirdi. O cümlədən, bizim karikatur “Dünya azərbaycanlılarının həmrəyliyi” bayramını yaradan hadisəni - İranla sərhədin sökülməsi əhvalatını yada salaq. Mən həmişə o dövrün kadrlarına baxanda, sərhədi sökən cəbhəçilərə baxanda gülməyim gəlir. Fikirləşirəm SSRİ və İran nə gündə imiş ki, bir dəstə başıpozuq sərhədi söküb guya millətimizi birləşdirirmiş. Nemət Pənahlı hətta sərhəd məftilindən bir neçə hissə qırıb Bakıda tanış-tunuşa hədiyyə eləyibmiş.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022