İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayın görünməyən tərəfi

“Hər kəs sənə ulduz deyə,

Özüm sənə Ay demışəm.

Səndən sonra həyatə mən

Şirindisə zay demişəm".

(Şəhriyar)

Keçən ay amerikalı biznesmen İlon Mask göyə eyni vaxtda 60 peyk buraxmışdı. Bu onun qlobal internet projesinin giriş hissəsi idi, həmin projeyə görə Mask-ın şirkəti kosmosa ümumilikdə 2500-dən çox peyk buraxmalıdır, o peyklər bütün Yer kürəsini simsiz, kosmik internetlə təmin eləməlidir. Dünyada internetin əlçatanlığı, sərhədsizliyi baxımından unikal, inqilabi bir projedir və Rusiya, Çin kimi avtoritar rejimlər belə işləri adətən qısqanclıqla, nifrətlə izləyirlər. Doğrudur, bu peyk interneti tam olaraq azad internet vəd eləmir, yenə ev-eşikdə, ofisdə-filanda hansısa peyk antenlərinə bənzər siqnal tutucu qurğular quraşdırmaq lazım gələcəkdir, ancaq elə bu “hər kəsə azad internet” ideyasının özü nəyə desən dəyər.

Həmin 60 peyk yuxarı orbitdə öz yerinə tutmazdan öncə Yerin aşağı orbitlərində bir neçə gün fırlandılar. İlk olaraq niderlandlı bir həvəskar astronom bunun videosunu çəkib yaydı: peyklərin qatar vaqonları kimi ardıcıl düzülüb bir trayektoriya boyu getməsi çox maraqlı və məzəli idi. İlon Mask kosmosa öz avtomobilini uçurtmuşdu, indi də bir növ qatar düzəltdi. Həmin günlərdə dünyanın bütün astronomiya sevdalıları internetdə xəbərləşir, Maskın “kosmik qatarının” növbəti dəfə hansı şəhərin, hansı ölkənin üzərindən, saat neçədə keçəcəyini bir-birinə çatdırırdılar. Sonra adamlar özləri peykləri çəkib video, foto qoyurdular. Azərbaycan həmin “qatarın” müşahidə ediləcəyi ölkələr sırasında yox idi. Bəlkə də var idi, səhv edirəm, ancaq heç bunu axtaran da olmadı. Biz başımızı aşağı salıb həyatımızı yaşayırıq, bizim göylə, ulduz-mulduzla nə işimiz var? Yeri gəlmişkən, bizdə “Astronomiya” da çoxdan bir fənn, dərs kimi ləğv edilibdir.

Ancaq buna görə deyə bilərikmi ki, biz göyü tamam unutmuşuq? Xeyr. Bunu deyənin ağzı əyilsin. Belə yazanın əli qurusun. Görüm onun belini seyidlərin cəddi qırsın. Əksinə, biz son illər daha çox göyə üz tutan millətlərdən biriyik, hətta məktəblərdə din dərsi salmışıq. Bax elə iki gündür bütün millət göydə Ayı axtarır ki, bayramını keçirsin. Deyir, bəzi müsəlman ölkələri bayramı dünən eləyiblər. Ondan bizə nə? Biz ən təmiz, ən düzgün müsəlmanlarıq, Ayı da hamıdan qabaq biz görmüşük. Yoxsa buna niyə “Ay” desinlər? Təəccübdən elə alınıb. Kimsə başını qaldırıb, görüb, “Ayyy!” eləyib, adı beləcə qalıbdır.

Doğrudur, dünən bəzi elmi dairələrdə mübahisə var idi ki, göydə kimlərsə nəsə görüblər. Guya Ay imiş. Kinoda deyilən kimi: “Acından belə eləyirlər”. Nə Ay? Allah bilir, gözlərinə nə görünüb. Ona qalsa, bizim müxalifət də 20 ildir yatıb yuxuda hakimiyyət görür. Verən varmı? Yoxdur. Yenə sağ olsun Hacı Şahin müəllim. Dedi ki, biz bu işlərdə dövlətimizə, Qafqaz Müsəlmanları İdarəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasına inanmalıyıq. Əgər onlar desələr, görünən Aydır, deməli, Aydır.

Əks halda, bəlkə sən hansısa azmış ulduz görürsən? Bu temada atalarımız da yaxşı deyibdir: “Təzə Ay çıxanda, köhnə Ayı doğrayıb ulduz qayırarlar”. Bəh-bəh. Gör nə qədər fiziki-astronomik-kvant söhbətləri bu misalda şifrələnibdir. Bəlkə sən dünən göydə Ayın özünü yox, görünməyən tərəfini görmüsən? Nil Armstronq Aya enəndə birinci salavat çeviribdir. Hazırda Şamaxı Rəsədxanası növbəti elmi kəşflərə, misal üçün, “Zöhrə ulduzu Əldəbaran bürcündən çıxıb, Mərrix ulduzu ilə toqquşaraq Əqrəb bürcünə daxil olacaqdır, bunun akademiyada evlərin yetim alimlərə paylanmasına hansı təsiri ola bilər” temasına müraciət edəcəkdir.

Hələ bəzi avaralar müzakirə açırlar ki, niyə millətin uşaqları bu il 700 bal yığa bilmədi. Guya qabaq yığanlardan çox yarımışıq. Bizə belə kafir elmləri lazım deyildir. Ayı görəndə tanısaq bəsdir, onu da hökumət bizim əvəzimizdən eləyir. Sağ olsunlar, dərin minnətdarıq. Heç AXC-Müsavatın vaxtında göydə Ay da çıxmırdı, cəmi bir dəfə quyruqlu ulduz keçmişdi, onda da Elçibəy Kələkidən qayıtdı. Əlbəttə, mən siyasətə qarışmıram.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022