İnsanlara hürriyət, millətlərə istiqlal!

Axilles və tısbağa

İki gün qabaq dövlət başçısının dəmiryolu idarəsinin müdiri ilə görüşündə zəhmətkeşlərimizi sevindirən açıqlamalar verildi. Məsələn, deyildi ki, Bakı-Sumqayıt qatarının sürəti saatda 140 kilometrə çatdırılacaqdır. Bakı-Gəncə sürət qatarı isə Ağstafaya qədər gedəcəkdir. Doğrusu, Sumqayıt qatarının o qədər sürət yığması vətəndaşlarımız üçün nə qədər vacibdir, başa düşmədim, çünki məsafə 25 kilometrdir. Çox qısadır və gözünü yumub açınca çatırsan. Bəlkə 140 sürəti yığsaq Sumqayıtda tormoz verəndə Nabrana qədər gedib dənizdə çimib qayıdarıq. Hər halda, dəmiryolumuzun problemləri daha dərindir.

Elə götürək o çox təriflənən Gəncə sürət qatarını. Həmin görüşdə də bu qatarın Gəncəyə 4 saata çatması xüsusi vurğulandı. Halbuki, mən olsam heç bu rəqəmin adını çəkməzdim. Nəyə görə? Başağrısı olsa da, bir-iki riyazi hesablama aparaq. Bakı-Gəncə arası 364 kilometrdir. Və “sürət qatarımız” bu yolu heç də görüşdə açıqlanan kimi 4 saata yox, 4 saat 15 dəqiqəyə gedir. Dəmiryolu idarəsinin saytında belə yazılıbdır:  Bakıdan 8:45-də çıxan qatar Gəncədə 13:00-da olur. Ancaq biz lap 4 saatdan götürək. 364 kilometri 4 saata bölsək qatarın orta sürətini tapırıq: saatda 91 kilometr. Bu, sürət qatarı adlanmaq üçün olduqca azdır. Heç mən iddia etmirəm ki, bizim qatarlar Yaponiyada, Avropada olduğu kimi saatda 300-500 kilometr getsin. Buna nə yollarımızın, nə vətəndaşın cibinin imkanı çatır. O üzdən müqayisəni bizə inkişaf baxımından yaxın ölkələrlə aparaq. Örnək üçün, Rusiyada sürət qatarı standartında saatda 120 kilometrdən yuxarı gedən qatarlar sayılır. Özbəkistanda isə uzunluğu 800 kilometrə çatan, “Afrosiyab” adlı milli sürət qatarı xətti hələ 2009-cu ildən işə salınıbdır. Bu qatarlar təxminən bizim Bakı-Gəncəyə yaxın uzunluqda olan Daşkənd-Səmərqənd yolunu (uzunluq 344 kilometr) 120 dəqiqəyə gedir. Yəni, 2 saata. Bu isə bizim Bakı-Gəncəyə sərf elədiyimizdən 2 dəfə sürətlidir. Üstəlik, Daşkənd-Səmərqənd qatarında ekonom-klass biletin dəyəri 78000 özbək som-udur, bu isə bizim manata çevirəndə təxminən 13 manat edir. Bakı-Gəncə qatarında eyni tip bilet 10 manatdır.

Özbəkistanda relyefin bizim Bakı-Gəncə arasındakı relyefdən mürəkkəb olmasını da nəzərə alsaq sürət qatarlarımızın astagəlliyinə heç cür haqq qazandırmaq olmur. Halbuki, indiki dünyada iqtisadiyyatın, turizmin, regionların inkişafı üçün yaxşı sürət qatarları, çağdaş infrastruktura malik dəmiryolları şəbəkəsi böyük önəm daşıyır. 

Təbii ki, biz dəmiryoluna əvvəl rəhbərlik edən Arif Əsgərovun o qədər yarıtmaz fəaliyyətini görmüşük, indi hər hansı irəliləyişə şükür edir, sevinirik. Elə o Sumqayıt qatarı nə qədər zəhmətkeşimizin işinə yarayır. Həmçinin, hazırda dəmiryolumuzun “sürət qatarı” sayılmayan hissəsi o qədər tısbağa yerişlidir ki, onun yanına nəyi qoysan raket kimi görünəcəkdir. Örnək üçün, Bakı-Böyük Kəsik qatarı Bakı vağzalından gecə saat 23:00-da çıxır, Ağstafadakı son dayanacağına isə səhər saat 8:50-də çatır. Tam 9 saat 50 dəqiqəyə. Məsafənin 460 kilometr olduğunu qəbul eləsək, bu qatarın orta sürəti... 48 kilometr/saatdır! Müqayisə və əlbəttə, zarafat üçün, dünya şöhrətli atlet, qaçış ustası Hüseyn Boltun 2009-cu ildə 100 metr məsafə üzrə rekord vurarkən yığdığı sürəti yazıram: 45 km/saat. Biz Bakıdan Ağstafaya qatarla gedərkən Boltu bir neçə dəqiqə ötərik, buna görə hökumətə minnətdarlığımızı bildirirəm. 

Yazını qədim yunan filosofu Zenonun paradokslarından biri ilə bitirirəm: “Hesab edək Axilles tısbağadan 10 dəfə sürətlidir və ondan 1000 addım geridədir. Axilles bu məsafəni qaçdığı vaxt ərzində tısbağa 100 addım gedəcəkdir. Axilles daha 100 addım atanda tısbağa 10 addım atacaq və sairə. Proses sonsuzluğa qədər davam edəcək və Axilles beləcə heç zaman tısbağaya çata bilməyəcəkdir”.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022