İnsanlara hürriyət, millətlərə istiqlal!

Arabanın yubileyi

“Qu quşu qanad çalaraq buluda qalxır,
Xərçəngsə geriyə gedirdi ancaq.
Durnabalığı da elə bu anda
Yükə güc verirdi suya cumaraq.
Hansı müqəssirdir bilmirəm mən də
Amma araba
İndiyədək durub qalır yerində”
(Krılov, “Qu quşu, xərçəng və durnabalığı”)

Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 30 ili 16 iyulda tamam oldu. Doğrusu tarixi proseslərə indiki gündən baxaraq qiymət verməyin mənasızlığını düşünürəm və “filan şeyi eləsək, filan cür olardı” tipli müzakirələrdən həmişə uzaq durmağa çalışıram.

Necə deyərlər, olan oldu, keçən keçdi. Ən düzgünü sabaha baxmaqdır, gələcəyimizi düşünməkdir. Ancaq bu zaman tarixin rolu da danılmazdır. Müdriklərdən kimsə deyib: “Tarix maşındakı güzgü kimi bir şeydir. Biz onda geriyə baxıb qabağa gedirik”. Əgər güzgüdə geri baxmasan səni döngədə vurarlar. Bəlkə də bizi tarixin döngələrində arxadan vuranların çoxluğu elə tariximizi bilməməyimiz, ən pisi isə, səhv bilməyimiz üzündəndir?

Məsələn, bu yaxınlarda bir məclisdə 1988-89-cu illərin Meydan hərəkatından söz düşmüşdü, mən həmin mitinqlərin birində tribunada dayanan, hətta yalan olmasın, meydana yürüş edərək bayraq daşıyan şəxslər arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya şöbəsinin məsul vəzifəli şəxslərinin olduğunu deyəndə yoldaşlar təəccübləndilər. Baxdım ki, onlar heç mitinqləri aparanlardan azı ikisinin mərkəzi televiziyanın aparıcıları olduğunu da unudublar. O cümlədən, həmin vaxt Bakının “26-lar” rayon raykomunun meydan hərəkatında fəallığı indi kimsənin yadına düşmür. Hələ indiki şərtlər baxımından çox adamın adını yaza bilmirəm. Meydan hərəkatının əslində yenidənqurmaya dəstək məqsədilə dövlət tərəfindən başladıldığı, öndə gedənlərin də bir çox şübhəli tərcümeyi-hala malik akademiya elmi işçilərindən və hansı yuvanın quşu olduğu bilinməyən tiplərdən ibarət olması da indi az adama məlumdur. Əlbəttə, “niyə lüstrasiya olmadı”, “niyə KQB arxivləri açılmadı”, “niyə parlament seçkiləri keçirilmədi”, “niyə biz bacarıqsız olduq” kimi sualları da indi verməyin mənası yoxdur. Sadəcə, hər il AXC-nin yubileyi, ildönümü yaxınlaşanda onun qurucularından Pənah Hüseyn qəribə şəkildə aktivləşir, yazılar, intervülər verir və açığı, bir az adamın əsəblərinə toxunur. (Bir qədər də, torpağı sanı yaşasın, Sirusu xatırladır, o da ömrünün son illərində bir partiyanın yaradılmasında müstəsna xidmətlərini yorulmadan vurğulayardı). Şəxsən mən onun yerinə olsam AXC kimi biabırçı təşkilatın yaradılmasında iştirakımı utandığımdan heç yerdə açıqlamazdım. Əlbəttə, yüzlərlə, minlərlə qurban getmiş cəbhəçilərdən virtual da olsa üzr istəyirəm - yuxarıdakı kəskin qiymətləndirməyə görə. Ancaq qurbanlar sağ qalanların yarıtmaz fəaliyyətinə cavabdeh olmadığı kimi, üzvü olduqları təşkilatın sonrakı uğursuzluğuna da cavabdeh deyillər.

Uğursuzluq isə can sıxıcı, ürək partladıcı dərəcədə böyükdür. Bunun içində 20 yanvarda günahsız insanları qurban verib özləri aradan çıxmaqdan tutmuş Qarabağı, hakimiyyəti, xalqın etimad və inamını itirməyə qədər min cür səbəb var. İndi Pənah bəy AXC-nin təsis və başqa iclaslarının qəribə şəkildə itmiş protokollarını axtarır. Guya. Ona görə “guya” yazıram ki, mən açığı o protokolların yazılmasına və itirilməsinə şübhə edirəm. Bunu 1994-2002-ci illər arasında AXC-nin və AXCP-nin bir çox yığıncaq və tədbirlərini şəxsən müşahidə eləmiş jurnalist kimi yazıram. (Həmin dövrdə təşkilatın əvvəlcə rəsmi, sonra qeyri-rəsmi orqanı olan “Azadlıq” qəzetində çalışmışam). AXC-də heç nə özbaşına itməyib. İtibsə, demək onun “itməsi” kiməsə lazım imiş. Eyni zamanda, uğursuz bir qurumun hansısa “Məmməd elə dedi, Əli belə dedi” tipli iclas protokolu indi kimə lazımdır? Bəlkə haçansa, müəyyən dəyərləndirmə üçün lazım olardı, indi isə fürsətlər itirilmiş, məqam qaçırılmış, “... qapı örtülmüşdür”.

Hərçənd, elə əlimizdə olan mənbələrdən tragikomik faktlar ortaya çıxır. Misal üçün, nədənsə AXC tarixindən fəxrlə danışanlar onun həmin 16 iyulda təsis edilən idarə heyətində Ələkrəm Hümmətov kimi gələcəkdə Azərbaycanın qanını axıdacaq tipin olmasını “unudurlar”. Hərçənd, başqaları da az aşın duzu olmayıblar. Rəhim Qazıyev, Nemət Pənahlı... Bunları da uca millətimiz xoş xatırlamır. Yaxud, guya 8-ci mikrorayonda sünnət toyu adı altında gizli keçirilən təsis konfransında qonaqlardan biri sizcə kim olub? Azərbaycan KP Bakı komitəsinin katibi Svetlana Qasımova! (Sonralar uzun müddət MSK-da işlədi). Əcəb konspirasiya imiş. Hələ konfrans yerini 2 maşın milisin qorumasını yazmıram.

Ancaq təbii ki, şəxsi planda uğurlar da var. Vaxtilə Elçibəyin müavini olmuş, AXC-də yüksək vəzifə tutmuş şəxslər sonradan deputat qoyuldular, şəxsi biznes qurdular və sairə.

Araba isə yerindədir – epiqrafda yazdığım kimi. İstəsəniz orada arabaya qafiyə sözü – Qarabağı da oxuya bilərsiniz.

YAZARIN DİGƏR YAZILARI

11 Mart 2022

10 Mart 2022

08 Mart 2022

07 Mart 2022

06 Mart 2022

05 Mart 2022

04 Mart 2022

03 Mart 2022

02 Mart 2022

01 Mart 2022

27 Fevral 2022

26 Fevral 2022

25 Fevral 2022

24 Fevral 2022

23 Fevral 2022

22 Fevral 2022

20 Fevral 2022

19 Fevral 2022

18 Fevral 2022

17 Fevral 2022

16 Fevral 2022

15 Fevral 2022

13 Fevral 2022

12 Fevral 2022

11 Fevral 2022

10 Fevral 2022

09 Fevral 2022

08 Fevral 2022

06 Fevral 2022