Ocaqların, çıraqların söndürüldüyü gecə - 26 fevral
Xocalı... Qəlbimizin sol alt köşəsinin səngiməyən sızıltısı... 29 ildir göynəyən, qaysaq bağlamayan xain xəncər yarası...
Onlar o məşum, qarlı-sazaqlı, fevral gecəsində canlarını qurtarmaq üçün yola çıxmışdılar. Dərələrdə, meşələrdə al qanları ağ qarı qırmızı boyamışdı. Dərələr gen, meşələr seyrək, düşmən amansız idi. Əliyalın insanlar, qorxudan gözləri böyümüş uşaqlar, cavanlara ayaq uydurmağa çalışan ahıllar, özlərindən çox, qız-gəlinlərini fikirləşən əlacsız kişilər... Arxada, sağda, solda və ən pisi, öndə, dağ-dərə keçidlərində onları gözləyən gözü dönmüş qəddar düşmən...
Sumqayıt hadisələrindən 4 il keçirdi, o məşum hadisənin növbəti ildönümünə iki gün qalırdı. İçi kin-küdurətlə dolu düşmən qisas hissi ilə alışıb yanırdı. Onlar üçün fərqi yox idi, qırıb-çatdıqları bu insanlar 4 il öncə Sumqayıtda baş verən təxribat dolu faciəvi hadisələrdə iştirak ediblər, ya yox. Əslində lap dəqiq bilirdilər ki, Xocalı camaatının Sumqayıt hadisələrinə heç bir aidiyyatı yoxdur. Fəqət çılğınlaşıb ağlını itirmiş yağılar üçün bir ümumi cəhət vardı: qurbanlar azərbaycanlıdır, vəssalam. Bu, onların kütləvi şəkildə, Sumqayıtda ölənlərdən on qat artıq sayda qətlə yetirilməsinə səbəbdir - bu idi Xocalı qatillərinin düşüncəsi. Təkcə bu, 26 fevralda soyqırım aktı törədildiyini sübut edir. Əliyalın insanları etnik mənsubiyyətlərinə görə kütləvi şəkildə məhv etmək...
Xocasız, yolgöstərənsiz qalmış xocalılılıar bu yollardan keçmiş, itki verə-verə, yolda azala-azala Ağdam torpağına pənah gətirmişdilər. Bir yarısı bu təpələrin sağından Şelliyə gəlmişdi, o biri yarısı hündür təpənin solundan Ağdama doğru irəliləmişdi.
Həmin gün 613 həmvətənimiz güllələnmişdi, iki o qədəri əsir götürülmüşdü, şəhər sakinlərinin yarısı isə qurtula bilmişdi - ayaqyalın, başı açıq, ac-susuz, qorxmuş, üzülmüş, ümidi kəsilmiş halda.
Şahidlər danışır. Başlarına gələni 29 il əvvəl fevralın 27-də, 28-də necə həyəcanlı, hiddətli danışırdılarsa, elə danışırlar. Hər yaranı sağaldan, bütün daşları yerinə oturdan zaman Xocalının qanı sızan yarasını sağaltmayıb. Bu faciənin şahidləri həyatda olmayandan sonra da Xocalı müsibəti unudulmayacaq.
Şahidlər danışır ki, şəhərin müdafiəçiləri olduqca azsaylı olublar. Xocalı aeroportunun milis rəisi Əlif Hacıyevin başçılıq etdiyi hərbi qrupda 27 döyüşçü, 7-8 avtomat tüfəng olub. Onların qarşısında isə 366-cı alayın şəxsi heyəti, Əsgərandan, Xankəndindən gəlmiş erməni birləşmələri dururmuş. Bu qədər qeyri-bərabər qüvvə ilə düşmənə müqavimət göstərmək mümkün deyilmiş, amma qəhrəman müdafiəçilər sona qədər vuruşublar - son damla qanlarına qədər, son nəfəslərinə qədər.
Xocalı soyqırımı xalqımız üçün sarsıdıcı fiziki və psixoloji zərbə olsa da, məğlubiyyət deyildi. Əliyalın insanları qırıb-çatmaq heç bir halda zəfər sayılmaz. Heç 3 min nəfərlik qoşunla 30 nəfərə qalib gəlmək də qalibiyyət şeypuru çalmağa əsas vermir. İstənilən dövlət gecəylə həmlə edib qonşuluğundakı sərhədyanı qəsəbənin əhalisini qıra bilər. Sadəcə, sonra bu antibəşəri cinayətin arxasında durmaq, cavab vermək lazımdır.
Budur, 29 ildir ermənilər bu cinayətlərinə görə cavab verirlər, hələ ağlabatan bir söz deyə bilməyiblər. Düzdür, həmin hərbi canilər beynəlxalq tribunal qarşısında cavab verməyiblər, amma 44 günlük müharibədə gənc əsgərlərizimin gülləsi və mərmisi ilə öz layiqli cəzalarını aldılar.
Seyran Ohanyanın yaxın adamı, mayor Vaqe Sirunyan da məhv edilib. Hərbi cinayətkar S.Ohanyanın özü və oğlu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisindəki döyüşlərdə yaralanıblar.
Bu qatillərin bir dəstəsi, özlərini “veteran döyüşçülər” adlandıran qrupu 2016-cı ilin aprel ayında Sünikdə yığılıb avtobusla gəlmişdilər, Suqovuşana çatmamış Azərbaycan Ordusunun dronuyla vurularaq məhv edildilər. Həmin köhnə canilərin bir hissəsi isə 44 günlük müharibəyə qatılaraq, özləri əsgərlərimizin nişangahına gəldilər. Qatillər elə bilirdilər ki, yenə 1992-ci ilin fevralıdır, gedəcəklər, əliyalın insanları, qocaları, qadınları, uşaqları qıracaq, özlərini ikiqat qəhrəman elan edəcəklər. Ancaq bu dəfə döyüşə gedən qocaların çoxu elə döyüş meydanında qaldı, qurda-quşa yem oldu, cəsədlərinin qalıqları hələ də kol-kosluqdan, arxlardan tapılır.
Ancaq bu, bizim yaramıza məlhəm ola bilməz. Biz “Xocalıya ədalət”ə nail olmamşıq, əsas caniləri mühakimə etdirməmişik, onları İsrail dövlətinin Argentinadan tutub gətirdiyi faşist cani Adolf Eyxmanın gününə salmamışıq.
Vazgen Sarkisyan öz həmvətəni Nairi Unanyanın gülləsindən ölüb. Robert Köçəryan öz soydaşının - Paşinyanın iradəsi ilə türmə üzü görüb, Serj Sərkisyan öz həmvətənlərinin qanını tökdüyü üçün sorğu-sual edilir, Seyran Ohanyan əsgərimizin gülləsini dadıb şikəst olsa da, layiq olduğu müttəhimlər kürsüsündə oturmayıb, Samvel Qriqoryan Qarabağdan ləhləyə-ləhləyə qaçandan, məğlubiyyətin acı şərbətini içdikdən sonra öz əcəli ilə öldü. O birilər də eləcə.
Biz Xocalı qətliamını heç vaxt unutmayacağıq və bir daha soydaşlarımızı amansız düşmənin insafına buraxmayacağıq.
YAZARIN DİGƏR YAZILARI
09 Mart 2022
07 Mart 2022
05 Mart 2022
04 Mart 2022
02 Mart 2022
27 Fevral 2022
26 Fevral 2022
25 Fevral 2022
24 Fevral 2022
17 Fevral 2022
15 Fevral 2022
12 Fevral 2022
10 Fevral 2022
08 Fevral 2022
06 Fevral 2022
05 Fevral 2022
03 Fevral 2022
31 Yanvar 2022
29 Yanvar 2022
28 Yanvar 2022
26 Yanvar 2022
23 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
17 Yanvar 2022
15 Yanvar 2022
14 Yanvar 2022
12 Yanvar 2022
09 Yanvar 2022
08 Yanvar 2022