İnsanlara hürriyət, millətlərə istiqlal!

1991-də “Səhrada tufan” oldu, 2022-də “Poltava düzündə fırtına” olmayacaq – Rusiya başqa cür ram ediləcək

5131 25.02.2022 23:00 Yazarlar A A

 1990-cı ilin avqustunda Yaxın Şərqdə dünya üçün gözlənilməz, region üçün gözlənilən bir hadisə baş verdi: ayın 2-də səhər çağı təpədən dırnağa silahlanmış güclü İraq ordusu kiçik, amma varlı Küveytin üzərinə hücuma keçdi.

İşğal əmrini o dövrün odioz diktatorlarından biri olan Səddam Hüseyn vermişdi və 120 min əsgəri, 350 tankı Küveyt ərazisinə yeridərək, əməliyyata “Küveytin azad edilməsi” adını qoymuşdu. Bu əməliyyat 2 gün çəkdi. Küveyt əmiri ölkədən qaçdı, ölkə təslim oldu.

Dava neft və ondan gələn milyardlar üstündə idi. S.Hüseyn hesab edirdi ki, Küveyt Osmanlı imperiyasının hökmranlığı dövründə İraqın Bəsrə əyalətinin bir hissəsi olub deyə onu istədiyi zaman qapazlaya bilər.

234.JPG (28 KB)

ABŞ-da isə elə düşünmürdülər. Küveytdə amerikalıların böyük sərmayələri və strateji hədəfləri vardı. Ona görə də Corc Buş (ata) admnistrasiyası ləngimədən müharibə hazırlıqlarına başladı, elə avqustun 2-də bölgəyə ordu birləşmələri göndərmək qərarı verdi.

O zaman da dünyada, regionda, hətta ABŞ-ın özündə də belə bir fikir vardı ki, qüdrətli ABŞ hərbi baxımdan zəif, cəmi 27 min hərbçisi olan Küveyti militarist İraqın qarşısında köməksiz qoyub. Amma elə deyildi. Ortada başqa hesablar vardı.

32 il əvvəl də beynəlxalq birlik suveren dövlətin ərazisinin işğalı hadisəsinə kəskin reaksiya vermişdi. BMT-nin Təhlükəsizlik Şurası 660 saylı qətnamə qəbul edərək İraq qoşunlarının dərhal Küveyt ərazisini tərk etməsini tələb etmişdi.

55.jpg (9 KB)

Bundan başqa, İraq dövlətinin ABŞ, Böyük Britaniya və Fransa banklarındakı valyuta hesabları dondurulmuş və İraqa silah idxalına embarqo qoyulmuşdu.

İraqın bu özbaşınalığı həmişə zorlu şərin yanında yer alan SSRİ və Çinin də sərt reaksiyasına səbəb olmuşdu və onlar da İraqa qarşı beynəlxlq embarqoya qoşulmuşdular.

1990-cı ilin payızında müharibə “gəlirəm” deyirdi, amma ABŞ tələsmirdi, İraqa qarşı böyük hərbi koalisiya qururdu. Onsuz da bu dövlət Səddam Hüseyn İraqına həlledici zərbəni özü vuracaqdı, amma istəyirdi ki, aqressorun üzərinə tək getməsin.

Bir ara, 1990-cı ilin sonlarında elə bir görüntü yarandı ki, sanki ABŞ Küveytin müdafiəsindən vaz keçib, ölkənin İraq tərəfindən işğalı və ilhaqı (artıq Səddam Hüseyn Küveyti İraqın əyaləti elan etmişdi) faktıyla barışıb.

Səddam Hüseyn özü də arxayınlaşmışdı, daha ötkəm olmuşdu və sülh danışıqları barədə təklifləri qulaqardına vururdu. Ona 1991-ci ilin yanvarın 15-nə qədər vaxt vermişdilər. S.Hüseyn isə bunu blef hesab edirdi.

66.jpg (100 KB)

Nəhayət, 5 ay yarımdam sonra ABŞ “Səhrada tufan” adı verdiyi əməliyyata başladı, gerçəkdən də səhrada tufan qopardı, İraq ordusuna sarsıdıcı zərbələr vurdu və təxminən 40 gündən sonra İraq qoşunları əllərində olan-qalan hərbi texnikanı da götürüb, sınmış, qorxmuş, üzülmüş halda öz ölkələrinə qaçdılar.

İraqlıların gedişindən dərhal sonra Küveytdə əl-Sabah sülaləsinin hakimiyyəti bərpa olundu, ancaq bu sülalə hərbi cinayətə yol verərək ölkədəki Fələstin ərəblərini qətliama uğratdı. 628 nəfər Səddamın tərəfini tutduqlarına görə qətlə yetirildi. Amma beynəlxalq birlik bu qətliama “dözümlü” yanaşdı.

İndi ABŞ yenidən dilemma qarşısındadır. Bu dəfə bu dövlət Küveytdən daha böyük ölkəyə - Ukraynaya ümid, vəd verib, maliyyə yardımı göstərib və yarı yolda qoyub. Hər halda gendən belə görünür.

77.jpg (61 KB)

Amma nəzərə almaq lazımdır ki, belə ekstremal situasiyalarda tələsmədən, ölçü-biçili qərarlar qəbul etmək, astagəl davranaraq işi bişirmək ABŞ-ın 200 illik ənənəsidir. Bu dövlət heç vaxt tələsmir, okean layneri kimi hərəkət edir, günün birində öz limanından aralanır və mənzil başına yetişir.

Ona görə də indilikdə “ABŞ Ukraynanı rus ayısının ağzına atdı” kimi qulağa xoş gələn, sanballı fikir kimi görünən mülahizələri təkrarlamaq yanlışdır. Bu iş burada və elə-belə bitə bilməz, bitməyəcək.

Rusiya suveren bir dövlətə açıq hərbi müdaxilə etməyin ziyanlarını hesabladıqca 24 fevral əməliyyatına peşman olacaq. ABŞ başda olmaqla “dovşanı arabayla tutan” Qərb dünyası Rusiyanın dizini yavaş-yavaş yerə gətirməyə çalışacaq. Amma “Səhrada tufan” kimi “Poltava düzündə fırtına” əməliyyatı keçirməyəcək.

Çünki Rusiya İraq deyil. Moskvanın sərəncamında daha çox hərbi qüvvə, ballistik raketlər, müxtəlif kütləvi qırğın silahları var. Əlinin altında böyük nüvə silahı arsenalı olan dövlətlə açıq müharibəyə girmək üçüncü və sonuncu dünya müharibəsi demək olar və Yer kürəsində bəşər övladının məhvi ilə nəticələnər.

99.JPG (48 KB)

ABŞ bunu başa düşür. Əslində Rusiya rəhbərliyi də anlayır ki, böyük riskə gedir və nüvə müharibəsi olsa, özü də sağ çıxmayacaq. Fəqət rus militaristləri özlərini uçurum kənarında güləşən-dalaşan yağılar kimi aparırlar, davranışları ilə bildirirlər ki, məğlub olacaqları halda düşmənlərinin yaxasından yapışıb özləri ilə aşağı aparacaqlar.

Bu səbəbdən ABŞ, İngiltərə, Fransa, Almaniya, Yaponiya və Kanada Rusiyanın “südünü kəsərək”, “havasını alaraq”, “dişini çəkərək” ram etməyə çalışacaqlar və bu proses artıq başlayıb.

Səddam Hüseyni 7 aydan sonra Küveytdən qovan ABŞ-ın Rusiyanı bir neçə günün içində yola gətirəcəyini gözləmək əbəsdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR