İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhdid və nifrət dolu mesajların hədəfi

823 03.02.2022 15:10 Yazarlar A A

Milli təhlükəsizlik xüsusunda dünyanın yerdə qalan ölkələri ilə İsrailin arasında mühüm bir fərq var.

Fərq bundan ibarətdir: əgər dünyanın ən ucqar yerində hansısa bir  şəxs, tutaq ki, lap bir yeniyetmə “Yəhudilərə ölüm!”, “Məhv olsun İsrail!” kimi şüarlar səsləndirərsə və bu dövlətin bayrağını yandırarsa, İsrailin kəşfiyyat orqanları dərhal bu təhdidi ciddi qəbul edər, məsələni tam öyrənər, preventiv tədbirlərə başlayarlar.

Dünyanın əksər ölkələrində isə bənzər olaya sakit yanaşar, şüar səsləndirmiş yeniyetməni ciddiyə almazlar, “boş şeydir, məhəl qoymayın, görəsən, haranın başı xarabıdır, onun əti nədir, budu nədir” deyə reaksiya verərlər.

Bir müddət əvvələ qədər biz də təhdidlərə məhəl qoymayanlardan, ciddiyə almayanlardan idik. Amma sonradan gördük ki, heç bir təhdid boş yerə səslənmir, onun arxasında ciddi bir təşkilatçılıq durmasa da, ən azı güclü və kütləvi nifrət var.

Güclü və kütləvi nifrət isə elə şeydir ki, mütləq sonda təşkilatlanır, terror qrupları, könüllülər batalyonu əmələ gətirir.

Ermənilərin Türkiyə və Azərbaycana qarşı dərin və kütləvi nifrət bəsləyib-böyütmələri yeni şey deyil, 125 ildən çox ömrü var. Zatən, son 120 ildə başımıza gələn milli faciələrin (etnik zəmində qırğınlar, rayonlarımızın işğalı, istəmədən cəlb olunduğumuz müharibələr) hamısı məhz həmin nifrətdən körüklənib.

Budur, “VoMa” adlanan erməni terror təşkilatının yenidən ortaya çıxması və Qarabağa yerləşmək niyyətinə düşməsi ilə eyni vaxtda ABŞ-da çəkilən bir serialda varlı erməninin oğlunu Qarabağda başlayası yeni müharibəyə göndərmək istəməsi ilə bağlı replika səslənir.

Bu, təsadüfdürmü? Əsla. Belə replikalar hansı seriala bədii dəyər, estetik zövq qazandıra bilər ki? Bütün dünya bilir ki, ilyarım öncə Qarabağda qanlı müharibə olub, Azərbaycan 28 il ərzində işğalda qalan torpaqlarını azad edib. Ermənilər bunu dünyaya  nə qədər fərqli traktovkada təqdim etsələr də, həqiqəti bilmək istəyən şəxslər axtarış verərək nəyin necə olduğunu anlaya bilərlər.

Yox, əgər onlar heç cür anlamaq istəmirlərsə, həqiqəti özlərinə yaxın qoymurlarsa, artıq hər hansı mübahisə də yersizdir. Qərəzə dolmuş, kin-küdurət dağarcığına dönmüş hikkəli adamları başa salmaq mümkün deyil.

Hazırda ermənilər əlləri çatan bütün platformalarda bu sayaq ucuzdan da ucuz təbliğat materialları ilə həm özlərini dünyaya döyüşkən, haqqından vaz keçmyən toplum kimi göstərməyə çalışırlar, həm də özləri toparlanmaq, məğlubluq sindromunu qırmaq istəyirlər.

Həmin filmdə varlı erməninin öz təminatlı oğlunu Qarabağa, yeni müharibəyə göndərmək niyyətində olduğunu elan etməsi kasıb, sadə ermənilərə yönəlmiş çağırışdır. Yəni baxın, vətən dardadır, mən, hər şeyi olan oğlumu vətən üçün göndərirəm, siz də göndərin, düşmənlə vuruşaq, torpağımızı geri alaq - mesaj bundan ibarətdir.

Həmin oğlan və ya başqalarının Qarabağa gəlib yeni müharibədə qələbə qazanıb-qazanmayacaqları yekə bir sualın altındadır. Sadə ermənilər çoxdan anlayıblar və hələ anlamayanlar da bilməlidirlər ki, səngərin o üzündəkilərin tüfənginə qatıq dolmayıb, 5 nəfər yığılıb gələcəklər, qarşılarına yeddi oğul çıxacaq.

Məsələ varlı erməninin kasıbları qızışdırmasıdır. Əslində isə Qarabağa gedəcək “könüllülər dəstəsi” hazır olanda həmin şəxs öz oğlunu ora göndərməyəcək, Alyaskaya ova, Mayamiyə tətilə göndərəcək. Qızışıb, fitvaya uyub Qarabağa döyüşə gələnlərin meyidi, bir-bir, üç-üç, beş-beş geri qayıdanda hamısı ayılacaq ki, müharibə heç də kompüter oyunu deyil ki, adama bir oyunda yeddi dəfə “can” verilsin.

İndi biz bu cür təhdidləri ciddiyə almalıyıq. Bilməliyik ki, 44 günlük müharibədən sonra oğlu, qardaşı həlak olmuş sadə, kasıb ermənilərin gözü qırılıb, qorxub, müharibənin necə dəhşətli, faciəvi bir şey olduğunu bilirlər, amma ağzı isti yerdə olanlar hələ də revanş arzusu ilə alışıb-yanırlar. Onlar sadəcə, həmişə olduğu kimi qisası öz əlləri ilə yox, fitvaya uyan sadə adamların əliylə almaq istəyirlər.

Erməni xalqının faciəsi məhz o cür millət başbilənlərinə malik olmasında və sadə xalqın o avantüristlərin ardınca getməsindədir. Onlar suyu bulandırıb balıq tutur, sadə xalqın oğullarını isə qarmağa keçirdikləri soxulcan kimi istifadə edirlər.

Bəli, dünyanın o başında bir yeniyetmə bizə qarşı nifrət püskürürsə, bu, təsadüfən deyil, ona dil verən, söz öyrədən var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR