İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 77 ilin ən mənasız müharibəsi

1374 02.03.2022 11:05 Yazarlar A A

Rusiya ordusunun Kiyev və Xarkov şəhərlərini ballistik raketlərdən atəşə tutması, istər-istəməz, adamın yadına 1945-ci ilin baharında faşist Almaniyasının paytaxtı Berlinin bombardman edilməsini salır. Amansızlıq, qəddarlıq, gözüdönmüşlük o qədərdir. Öldüyə-qaldıya, tarixi-memarlıq abidələrinə baxan yoxdur. Abad şəhərlər xarabazarlığa çevrilir.

Deyək ki, sovet Rusiyası 77 il öncə öz  can, qan, namus düşmənini ram etmək istəyir, faşistlər tərəfindən dağıdılmış şəhərlərinin viran qoyulmuş kəndlərinin qisasını almaq istəyirdi, bəs indi, dili, dini, mədəniyyəti bir olan dost-qardaş slavyan xalqına qarşı nədən bu qədər güzəştsizdir?

Guya dinc xalqa “neonasistlər” adı qoymaq onların qətlinə haqq qazandırmağa və ya sonrakı vicdan əzabından xilas olmağa yetərlidirmi?

44.jpg (161 KB)

Nədən Rusiya Federasiyasının rəhbərləri suveren dövlətə qarşı belə bir aqressiyanı öz ölüm-dirim savaşı halına gətirib?

Bu kimi suallar çoxdur. Ən pisi odur ki, cavablar daha çoxdur. Amma bu suallara verilən ən ağlabatan cavablar da son 77 ilin ən mənasız müharibəsini dayandırmaq üçün kifayət etmir. Ox yaydan çıxıb. Rusiya hərbçilərinin 2-3 gün ərzində qazanmağı nəzərdə tutduqları “hərbi zəfər” uzandıqca, Kreml daha da qəddarlaşır, hətta hərbi cinayətlərə qol qoymaqdan çəkinmir.

Bu arada 48-72 saat ərzində Kiyevin tutulması planının baş tutmaması bütün dünyada olduğu kimi, ölkəmizdə də “güclü rus ordusu” mifini xeyli sarsıdıb. Üstəlik, “güclü ordu”nun real durumuna dair kuryoz epziodların bol-bol tirajlanması məsələni absurda çatdırır. İnsanlar keçmişə ekskurs edir, sual qoyurlar: “Rus ordusu bu nizam-intizamla, belə məsuliyyətsizlik və səriştəsizliklə, bərbad döyüşkənlik qabiliyyəti ilə necə olub ki, o boyda Hitler Almaniyasına qalib gəlib?”

Əslində, II dünya müharibəsində faşizm üzərindəki qələbə nə təkcə rusların qələbəsidir, nə də SSRİ-nin. O vaxt Hitlerə qarşı böyük beynəlxalq koalisiya qurulmuşdu və əsas ağırlıq ABŞ və İngiltərənin üzərinə düşürdü. Bu dövlətlərin hərbi-siyasi, maddi, humanitar dəstəyi olmasaydı, Almaniyanı qərbdən blokadaya alıb təhdid etməsəydilər, SSRİ müharibədə asanlıqla dönüş yarada bilməzdi. Başqa sözlə, təkbətək savaşa qalsa, almanlar ruslara can verməzdilər.

274925650_7090981637641258_8560899916695232057_n.jpg (122 KB)

Ancaq tarixi fakt bundan ibarətdir ki, 10-dan artıq müttəfiq respublikanın milyonlarla əsgəri, eləcə də bu respublikaların ərazisində yaşayan yüzlərlə xalqın oğulları alman faşizminə qarşı səfərbər olunmuşdular. Təkcə Azərbaycandan 600 mindən artıq əsgər və zabit milli və beynəlmiləl diviziyaların tərkibində faşistlərə qarşı döyüşüb. Dünyanın quru hissəsinin altıda birində yerləşən azman ölkədə yaşı 17-50 arasında olan bütün başıpapaqlıları yığıb almanların gülləsinin qabağına göndəriblər.

Jukov, Çuykov, Rokossovski, Malinovski, Konev kimi, sonradan adları əfsanələşmiş marşal və generalların əsas “hərbi strateqliyi” onda olub ki, gözlərini qırpmadan milyonlarla gənci qırğına veriblər. Sadəcə, almanların bu qədər insan kütləsini qırıb-qurtarmağa mərmi və güllələri çatmayıb. Bu üzdəndir ki, müharibədə məğlub olan tərəfin insan itkisi 1 milyon civarındadırsa, qalib tərəflərdən birinin - SSRİ-nin hərbçi və mülki insan itkisi 20 milyondan çoxdur.

Yəni sovet-rus sərkərdələri öyüldükləri qədər də böyük hərbi düha olmayıblar, sadəcə, ölkənin şərqindən eşelonlarla müntəzəm şəkildə gətirilən yeni-yeni diviziyaları ön cəbhəyə, labüd ölümə göndəriblər, sırf insan faktoruyla, kütləvi qurbanlar hesabına yaşayış məntəqələrini almanlardan geri alıblar.

Rusiya-Ukrayna müharibəsinin ilk iki günündə Rusiya ordusunun gözlənildiyindən qat-qat çox itki verməsi sübut etdi ki, müasir generallar da öz sələfləri qədər “strateq”dirlər və gənc əsgərlərin labüd ölümə göndərilməsini faciə saymırlar - təki qələbə əldə olunsun, onun hansı qiymətə başa gəlməsi önəmli deyil.

Bir baxımdan 41-45 müharibəsindəki qələbə də “Pirr qələbəsi” olub, ancaq bu zəfərin qiyməti nə qədər baha olsa da, hər halda bəşəriyyəti dünyanı bürüyən faşizm taunundan xilas etdiyi üçün əhəmiyyətli idi.

Rusiyanın indiki müharibədəki qələbəsinin isə heç bir əhəmiyyəti olmayacaq. Rəsmi Moskva kütləvi qırğınlar, amansız bombardmanlar hesabına Ukraynanı tam işğal etsə belə, çox keçmədən bu ölkənin hüdudlarını tərk etməli olacaq. Ukraynanın idarəsi yenə ukraynalılarda olacaq, ancaq müharibənin vurduğu yaralar uzun illər sağalmayacaq, iki qardaş xalq arasındakı düşmənçilik isə nəsilbənəsil sürüb gedəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR