İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin sadiq kadrı Kadırovun videokadrları - Qan müttəfiqliyi

6654 09.03.2022 12:05 Yazarlar A A

Rusiya-Ukrayna müharibəsinin gedişində özünü, demək olar ki, hər gün diqqət mərkəzində saxlayan bir adam var: Ramzan Kadırov, Çeçen respublikasının rəhbəri.

Bu günlərdə onun adı Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya və Ukranyanın xarici işlər naziri Lavrov və Kuleba qədər çox çəkilir.

Adam hər gün peşəkar mediada və sosial şəbəkələrdə şəkillər, videokadrlar paylaşır, Kremlə nə dərəcədə sadiq olduğunu göstərən bəyanatlar, düşmənə qarşı necə amansız olduğundan xəbər verən açıqlamalarla çıxış edir, hədələyir, asır-kəsir.

Onun bu fəallığı üzündəndir ki, artıq bir sıra ölkələr Ramzan Kadırovun adını da sanksiyaya məruz qalan rusiyalıların siyahısına daxil edib, Yaponiya dövləti isə ona qarşı fərdi sanksiya tətbiq edib.

5.jpg (61 KB)

Kadırovun bu canfəşanlığı millətinin xaricdə yaşayan kəsimi tərəfindən olduqca mənfi səciyyədə qarşılanır. Yəqin ki, Çeçenistanda yaşayan müstəqil və müxalif fikirli insanlar da onun bu hərəkətlərini təqdir etmirlər.

Ancaq bu şəxsin özünün də muxtar respublikada kifayət qədər tərəfdarı, dəstək qrupu, komandası var. O, Çeçenistanın sərvətlərindən barınan, özlərinə yüksək mənsəb və yaxşı sərvət qazanan olixarxiya sisteminin rəhbəridir.

Kadırovun mərkəzi hakimiyyət üçün bu qədər əldən-ayaqdan getməsi dünyaya səpələnmiş çeçenlər tərəfindən ona görə xoş qarşılanmır ki, onlar Kremlin 1992-2009-cu illər arasında (eləcə də 19-cu və 20-ci əsrlərdə) bu xalqa qarşı genosid siyasəti yeritdiyinü düşünürlər.

Mühacirətdə yaşayan, eləcə də Çeçenistanın özündə və Rusiya hüdudlarında qalmış müxalif düşüncəli çeçenlər onu kollaborasionist (düşmən cəbhəsinə keçərək öz xalqına güllə atan şəxs) hesab edirlər.

6.jpg (30 KB)

Üstəlik, Kadırov Rusiya-Ukrayna müharibəsində özünü “rus qırğısı” kimi apararaq mənsub olduğu millətin beynəlxaq reputasiyasını zərbə altında qoyur, çeçen xalqının işğalçının, zalımın yanında yer aldığını göstərir. Sırf bu rəyin formalaşmaması üçün çeçenlər başqa ölkələrdən gələrək Ukraynanın tərəfində vuruşurlar. Onlar bununla təkcə Rusiyadan tarixi qisaslarını almaq istəmirlər, həm də çeçenlərin adının bədnam olmamasının qayğısına qalırlar.

Ramzan Kadırov isə vaxtilə hakimiyyətdə təmsil olunan, Çeçenistanın müstəqilliyi üçün çalışan çeçen liderləri, I Çeçenistan müharibəsində çiyin-çiyinə federal qüvvələrə qarşı birgə döyüşdüyü silah yoldaşlarını ona görə düşmən gözündə görür ki, 2004-cü ildə Qroznıda atası Əhməd Kadırovun – Çeçenistan prezidentinin stadionda terror aktı nəticəsində qətlə yetirilməsini onlardan görür.

Başqa sözlə, bu düşmənçilik bir az da qan davası səciyyəsi alıb. Atasının qətlindən sonra, çox gənc (28-30 yaşda) ikən muxtar respublikanın faktiki rəhbəri (əvvəlcə Çeçenistan respublikası hökumətinin sədri, daha sonra isə prezident səlahiyyətlərinin icraçısı) təyin edilən Ramzan daha sonra, 2011-ci ildə yaşı çatanda Çeçenistan respublikasının rəhbəri “seçilib” və Moskvaya qarşı partizan müharibəsi aparan müxalif çeçenlərə qarşı amansız mübarizə aparıb.

Direct_Line_with_Vladimir_Putin_(2014-04-17)_14.jpeg (51 KB)

Hazırda o, həm polis general-mayorudur, həm də Müdafiə Nazirliyinin ehtiyatda olan generalıdır. Atası kimi o da “Rusiya qəhrəmanı” fəxri adıyla, eləcə də xeyli başqa orden-medallarla təltif olunub. Kadırovun rəsmi avtobiorafiyasında titulu “Rusiyanın dövlət, siyasi və hərbi xadimi” kimi qeyd olunur. O, həm də hakim “Vahid Rusiya” partiyasının ali şurasının üzvüdür.

Ramzan Kadırovun adı beynəlxalq hüquq təşkilatlarının hesabatında və xarici ölkə mediasında tez-tez çəkilir. Son illərdə Rusiyada onun haqqında ifşaedici yazılar yazmaqdan qorxurlar. Hesab olunur ki, bir sıra jurnalistlərin, hüquq müdafiəçilərinin, eləcə də siyasi xadimlərin qətlində Ramzan Kadırovun əli var. Ancaq bu iddialar heç bir hüquq-mühafizə orqanının təhqiqatının predmeti olmayıb və bu minvalla adamın barəsində səslənən ittihamlar eləcə media iddiaları olaraq qalıb.

8.jpg (32 KB)

Bir ara onun Qroznıda şəxsi həbsxanasının olduğu, öz qan düşmənlərini və siyasi rəqiblərini orada məhv etdiyi bildirilirdi. Bu, iddialar da kağız üzərində qaldı. Kadırovun dünyəvi dövlət olan Rusiyanın daxilindəki Çeçenistanı şəriət qayda-qanunları ilə idarə etdiyi artıq hər kəsə bəllidir.

Belə güman olunur ki, Vladimir Putin Rusiya prezidenti postunda qaldığı müddət ərzində Ramzan Kadırov da Çeçenistan respublikasının rəhbəri vəzifəsində qalacaq. Gerçəkdən də onlar bir-birinə çox bağlıdırlar. Putin Kadırova böyük hörmət qoyur, hüdudsuz səlahiyyətlər verir. Kadırov da Putinə münasibətdə qüsursuz sədaqət nümayiş etdirir, hətta bəzən çox “ağ edir”. Məsələn, 2012-ci ildə keçirilən prezident seçkilərində Vladimir Putinə Çeçenistanda 99,73 faiz səs “yazılıb” və qeyd olunub ki, seçki məntəqələrinə seçicilərin 99,59 faizi gəlib. Ömründə bircə dəfə seçkidə iştrak edən hər bir vicdanlı şəxs bilir ki, belə göstərici heç vaxt real ola bilməz.

images.jpg (8 KB)

Bir sözlə, Ukraynaya hərbi müdaxilə edən Putinin geriyə yolu olmadığı kimi, ona sadiq olan Kadırovun da geriyə yolu yoxdur. Onlar qan müttəfiqidirlər, sona qədər də birlikdə gedəcəklər. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR